Kilometrlərlə uzağa rahat şəkildə səyahət etməyimizə imkan verən avtomobillər bu gün artıq demək olar ki, sürücüsüz şəkildə yollarda hərəkət edə bilir. Bəs avtomobil nə zaman və kim tərəfindən icad edilib, maraqlanırsınız?
Avtomobil: Kim, Nə Zaman İcad Etdi?
Atsız araba... “Necə yəni?” – deyə təəccüblənmiş ola bilərsiniz.
Gəlin təəccübünüzü aradan qaldıraq.
Qlobal.net bildirir ki, təxminən 140 il əvvəl insanlar bir yerdən digər uzaq yerə getmək üçün heyvanlar və onların çəkdiyi arabadan istifadə edirdilər. Ən geniş yayılmışı isə at arabası idi. Lakin avtomobilin icadı ilə hər şey dəyişdi. Səyahətləri həm daha sürətli, həm də daha rahat edən bu nəqliyyat vasitələrinə, əvvəlcə alışqanlıqdan "atsız araba" deyilirdi. Bəs ilk avtomobili kim və nə zaman icad edib? Gəlin indi bu "atsız arabaların" – yəni avtomobillərin icad tarixçəsinə birlikdə baxaq.
Avtomobil – sərnişin daşımaq üçün nəzərdə tutulmuş, fosil yanacaq və ya elektrik enerjisi ilə işləyən mühərriklə hərəkətə gələn nəqliyyat vasitəsidir.
Bu gün avtomobillər səyahətləri daha sürətli və daha rahat edib.
"Avtomobili kim icad edib?" sualına tam dəqiq cavab vermək çətindir. Çünki avtomobil bir neçə alim və ixtiraçının səyləri ilə mərhələli şəkildə inkişaf etdirilmişdir. Mənbələrə görə müasir avtomobillə bağlı 100.000-dən çox patent mövcuddur. Üstəlik, avtomobil dedikdə nə başa düşüldüyünə görə də cavab dəyişə bilər. İlk avtomobillər bugünkülərdən çox fərqli idi – bəziləri buxarla, bəziləri isə daxili yanma mühərriki ilə işləyirdi; kimisində üç, kimisində isə dörd təkər var idi.
Çox texnoloji ixtiralarda olduğu kimi avtomobil fikri ilə bağlı ilk addımlarda da Leonardo da Vinçinin adı keçir. O, 15-ci əsrdə mühərrikli nəqliyyat vasitəsi üçün nəzəri planlar hazırlamışdı, lakin bu planlar həyatında reallaşmadı.
1769-cu ildə fransız mühəndis Nikola-Jozef Künyo (Nicolas Joseph Cugnot) buxarla işləyən avtomobil icad etdi. İki arxa, bir ön təkəri olan bu avtomobilin qabaq hissəsində böyük buxar qazanı yerləşirdi. Fransız ordusu tərəfindən topların daşınması üçün istifadə edilən bu avtomobilin çəkisi 2 ton idi və saatda cəmi 3,5 km sürətlə hərəkət edə bilirdi. Hər nə qədər müasir avtomobillərdən fərqli olsa da, bu ixtira avtomobil texnologiyasının əsasını qoydu.
Bu gün sürətlə yayılmaqda olan elektrikli avtomobillərin əslində 1830-cu illərdə İskoç ixtiraçı Robert Anderson tərəfindən hazırlanmış ilk nümunəsi mövcuddur. Batariya ilə işləyən bu avtomobil çox yavaş idi, bahalı idi və bataryası təkrar doldurula bilmirdi. Bu səbəbdən o dövrdə geniş yayıla bilmədi.
1850-ci illərin ortalarında daxili yanma mühərriklərinin inkişafı ilə benzinlə işləyən avtomobillərin əsası qoyuldu. Alman mühəndis Karl Benz 1885-ci ildə ilk benzinli avtomobili icad etdi. “Motorwagen” adlandırdığı bu avtomobildə biri ön, ikisi arxa olmaqla üç təkər var idi. 1888-ci ildə Benzin həyat yoldaşı Bertha iki oğlunu da yanına alaraq bu avtomobillə 106 km məsafəyə səyahət etdi. Yol boyu ayaqqabı dərisi və saç tələsi kimi vasitələrlə təmir işləri aparmaq məcburiyyətində qaldı, lakin bu səfər avtomobilin tanınmasına böyük töhfə verdi. Benz 1891-ci ildə dörd təkərli ilk avtomobilini istehsal etdi. Bu avtomobil 3 at gücünə sahib idi və saatda 14 km sürətlə hərəkət edə bilirdi.
Karl Benz ilə eyni dövrdə alman mühəndis Gottlieb Daimler və ortağı Wilhelm Maybach da avtomobil üzərində işləyirdi. 1885-ci ildə motosiklet icad edən bu ikili, istehsal etdikləri mühərriki dörd təkərli poçt arabasına quraşdıraraq 1889-cu ildə saatda 10 km sürətlə hərəkət edən avtomobil istehsal etdilər. Daimlerin şirkəti 1901-ci ildə “Mercedes” markası ilə avtomobil istehsal etdi. 1926-cı ildə isə Benzin şirkəti ilə birləşərək Mercedes-Benz şirkəti yaradıldı.
Rudolf Diesel tərəfindən icad edilən dizel mühərriki ilə işləyən ilk avtomobil 1936-cı ildə Mercedes-Benz tərəfindən istehsal edildi.
1900-cü illərin əvvəllərindən bəri fosil yanacaqla işləyən avtomobillərin sayı artdı. Lakin bu tip avtomobillər həm qlobal istiləşməyə səbəb olan qazlar buraxdığına, həm də bu yanacaq növlərinin tükənmək riski olduğuna görə son illərdə tənqid olunur. Buna görə də, günümüzdə ətraf mühitə dost alternativ nəqliyyat texnologiyaları – xüsusilə də elektrikli avtomobillər ön plana çıxmağa başlayıb.
Fosil yanacaqla işləyən avtomobillər benzin, dizel, LPG və CNG kimi yanacaqlardan istifadə edir. Elektrikli avtomobillər isə enerjini batareyalarda saxlayaraq elektrik mühərrikləri ilə hərəkət edir. Daxili yanma mühərriklərində pistonların hərəkəti müəyyən sistemlərlə dairəvi hərəkətə çevrilir, elektrik mühərrikləri isə birbaşa dairəvi hərəkət yaradır və bu hərəkət birbaşa təkərlərə ötürülür.
Fosil yanacaqla işləyən avtomobillərdə əyləc zamanı kinetik enerji istilik enerjisinə çevrilərək itirilir. Elektrikli avtomobillərdə isə mühərrik əyləc zamanı generator kimi işləyir və kinetik enerji elektrik enerjisinə çevrilərək batareyada saxlanılır. Tam dayanma üçün isə yenə də klassik əyləc sistemi tətbiq olunur.
Keçmişin konforsuz, yavaş və sadə “atsız arabaları” bu gün sürücüsüz hərəkət edə bilən, zolaq izləmə sistemləri olan, ətraf mühitə zərər verməyən, sürətli və rahat avtomobillərə çevrilib. Bəs sizcə, yaxın gələcəkdə avtomobillər hansı innovativ texnologiyalara sahib olacaq?
Murad
Qlobal.net