“Atam rəhmətə gedəndə sevgilisi gəlib anama dedi ki...” - Əliağa Vahidin qızı
"Atamın
60 yaşı olanda mən anadan olmuşam. O vaxta kimi atam ailəyə soyuq
yanaşıb. Mən doğulandan sonra evə qarşı istiqanlı olub. Onunla bağlı xoş
xatirələrim çoxdur. Bağda yaşayırdıq, gələndə hər şey alıb gətirirdi.
Hətta üzüm də alırdı. Anam deyirdi ki, üzümü neynirsən? Deyirdi ki, "yox
qoy yesinlər, iki övladım var, ikisi də mənə əzizdir”. Yaşlı vaxtında
tapmışdı bizi. Bizə can yandırırdı. Pulsuz gedirdi, bir də görürdün ki,
bir maşın yemək, cibində çoxlu yüzlüklər gətirdi. Məzar daşlarına
şeirlər yazanda ona yaxşı hörmət edirdilər. Bu yadıma gəlir ki,
arxasınca bağa qədər gəlib, gözləyirdilər. Atam təsr idi, dedi yox,
demək ki, yox. Ürəyiyumşağlığı da var idi. Bir dənə qarışqanı da
basdalamazdı ki, onun da canı var”.
Bunu moderator.az-a açıqlamasında məşhur qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib.
"Mən doğulanda deyiblər ki, qızın olub. Deyib ki, "taleh mənə
vermişdi biz oğlan, bir qız. Qızım Firəngizdir, oğlum da Ramiz”. Deyib
ki, ona Firəngiz adını verirəm. Qardaşım Ramizlə məni çox istəyirdi.
Həmişə deyirdi ki, "Ramiz, sən mənim oğlumsan. Nəsil bə nəsil sən çörək
yeyəcəksən”. O öncədən bilirdi ki, öləndən sonra biz onun pensiyasını
yeyəcəyik. Sovet dövründə atamın şeirləri oxunanda da bizə pul gəlirdi”
deyə qəzəlxanın qızı deyib.
Firəngiz xanım atasının bir qadınla olan münasibətindən də danışıb.
"Anam o vaxt ona çox naz atıb. 29 yaş anam atamdan kiçik olub. Anam
danışırdı ki, onun şairliyinə, dahiliyinə heyran idim. Atam da Polşaya
gedəndə orada Fedya adlı Polyak qızı ilə tanış olub. Fedyanı Bakıya
gətirib, o biri küçədə onun üçün ev də almışdı. Mən də o evə
gedib-gəlmişəm. Sonra atam öləndə o qadın gəldi, anama dedi ki, niyə
ağlayırsan? Sənin heç olmasa övladların var, məndə heç kim yoxdur”. Atam
deyirdi ki, o evi qardaşımın adına salacaq, amma edə bilmədi. Atam
öləndə qardaşım 10-cu sinifdə oxuyurdu. Atam dünyasını dəyişdi, ev də
həmin qadına qaldı” deyə o bildirib.
Firəngiz xanım atasının daim övladlarını qoruduğunu bildirib.
"Bağa bizi mayın 9-da köçərdik. Biz maşın tutardıq, bütün yükümüz
gedirdi. Anama deyirdi ki, "qızı incitmə, çünki qız kəsikdir, ancaq
oğlan yox”. Anam deyib ki, "Ramiz yorulub Firəngizin dərslərini
etməkdən”. Deyirdi ki, "Şəhrəbanu, səni and verirəm Allaha onu vurma”.
Atam şeirlərini toplamayıb, harda gəldi yazıb atırdı. Çay kağızına, adi
kağıza. Qardaşıma şeir deyəndə deyirdi ki, yazdın? Qardaşım deyirdi ki,
"de yazaram”. Deyirdi ki, "daha o getdi, ağlıma gəlməyəcək” deyə
Firəngiz xanım bildirib.
Firəngiz xanım atasının ölümündən də danışıb.
"Atam Mərdəkanda yatırdı, orada da rəhmətə getdi. Səhər bizə xəbər
gəldi ki, Vahid ölüb. 1965-ci il, oktyabrın 30-u idi. O günü sanki qəmə
batmışdıq, adama hiss gəlirdi də. O gün nə televizor açdıq, nə də ki,
başqa şey. Sən demə həmin gecə artıq atam keçinmişdi. Ayın 1-də bir kişi
gəldi bizə, "Leçkomissiya”-nın üzvü idi, qorxa-qorxa dedi ki, "atan
ölüb”. Anam ağlamağa başladı, sonra evə adamlar gəldi. Sən demə hamı
bilirdi. 3 gün cənazəni evdə saxladıq. Anama demişdi ki, "məni orkestr
ilə yox, islam dininin qayda-qanunları ilə basdırın”. 3 gündən sonra
Fəxri xiyabanda dəfn etdilər. Bilirsiniz nə qədər adam var idi? Atam
camaatın çiynində gedirdi. Uşaq idim, ağlım kəsmirdi, sevinirdim ki, nə
yaxşı qonaqlar gəlib bizə, daha bilmirdim ki, atam rəhmətə gedib. Mən
onun yoxluğuna hələ də inana bilmirəm. Atam üçün bilirsiniz, nə qədər
oturub ağlayıram evdə tək olanda? Ata çörəyi çox yemədim. Mən ona
heyfslənirəm ki, kaş bir az yaşayardı. 4-cü sinifdə oxuyurdum, atam
getdi qaldım anamın ümidinə. Hara gedirəmsə Əliağa Vahidin qızı olduğumu
bilib xoş sifət göstərirlər. Deyirlər ki, "orada yox, burada otur”.
Yenə də nə çörək yeyirəmsə, onun adı ilə bağlıdır” deyə qəzəlxanın qız
deyib.