"Atam ailəsinə, övladlarına, yaxınlarına çox bağlı biri idi. Əlbəttə ki, hər valideyn kimi o da övladlarının xoş gününü görməyi arzu edirdi. Təəssüf ki, nə mənim, nə də bacımın toyunu gördü. Həyat onu bizdən tez aldı. Nə edə bilərdik? Bu da onun taleyidir".
Qlobal.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov deyib. O daha sonra əlavə edib.
"Bu gün doğum günüdür. Doğum günlərini hər zaman yaxınlarının, ailəsinin əhatəsində qeyd edərdi. Dostları, tanışları çox idi. Hər il olduğu kimi həm doğum, həm də anım günlərində atamın məzarını ziyarət edib, dualar oxuyuruq. Nəinki bu günlərdə, adi günlərdə də. Atam Fatmayı kəndində dəfn olunub. Hər dəfə övladlarımı da aparıb məzarını ziyarət edirik. Mənim oğlum onun adını daşıyır" deyə o bildirib.
Tural Adıgözəlov bildirib ki, atası geyinib-keçinməyi çox sevərdi.
"Geyim onun ən yaralı yeri idi. Hər ay özünə mütləq yeni geyim almalı idi. Bakıda olan ən məşhur geyim dükanlarının sahibi onu tanıyırdı. Yeni nəsə gələn kimi birinci atama zəng edərdilər. Atam rəhmətə gedəndə geyim dükanlarının birinin sahibi baş sağlığı verməyə gəlmişdi. Bizə pul qaytarıb dedi ki, atanız özünə gödəkçə sifariş edib, pulunu da öncədən ödəyib" deyə o bildirib.
Tural Adıgözəlov deyib ki, atası həyatda ciddi biri olub.
"Baxmayaraq ki, komik rollar oynayırdı, amma həyatda çox ciddi biri
idi. Şit zarafatları sevməzdi və heç vaxt da etməzdi. Müsahibələrinin
birində demişdi ki, istəyirəm aktyorlar yaxşı məvacib alsınlar, yaxşı
yaşasınlar. Bunu ümumilikdə aktyorlar üçün demişdi. Bəzi adamlar bunu
səhv başa düşmüşdülər, elə bilmişdilər ki, atam öz həyatından,
yaşayışından şikayət edir. Hər bir sahədə olan insan istəyər ki, öz
sahəsində olan insanlar yaxşı dolansınlar. Atam orta yaşayıb, bacardığı
qədər də hamıya kömək etməyə çalışıb. Onun adını kimin yanında çəksən
hamının üzündə gülüş yaranacaq. Çünki o həyatda da, sənətdə də düzgün
insan olub" - deyə sənətkarın övladı bildirib.