Qısa arayış...
2022-ci il noyabrın 23-ü saat 19 radələrində Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində Saqi Kərimov 2 yaşlı oğlu İsmayıla bıçaq xəsarətləri yetirərək, onu öldürmək istəyib. Bu barədə azyaşlının anası Xeyrənsə Kərimova Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciətində bildirib.
Məlumat əsasında Çevik Polis Alayının əməkdaşları həmin evə yollanıb və Saqi Kərimovu gətirərək bölməyə təhvil veriblər.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Saqi Kərimov 1990-cı ildə Yevlax şəhərində anadan olub, 2018-ci ildə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.
Qlobal.net xəbər verir ki, Lent.az hadisənin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, noyabrın 23-də Saqi Kərimov qayınatası
Təyyar Əliyevin evinə gələrək, arvadı Xeyrənsə Kərimovadan onunla
birlikdə getməsini tələb edib. Yoldaşı bundan imtina edib, onunla
birlikdə yaşamayacağını və boşanacağını, eləcə də azyaşlı övladı ilə
görüşməyə imkan verməyəcəyini bildirib. Bundan sonra o, qadından qisas
almaq istəyib. Qadına mənəvi iztirab vermək üçün, ondan 2 yaşlı oğlu ilə
axırıncı dəfə görüşmək üçün şərait yaratmasını xahiş edib. Yoldaşı razı
olduqda, Saqi Kərimov uşağı yataq otağına aparıb, arvadı, qayınatası və
qayınanasına əzab verəcəyini düşünərək, bıçaqla oğlu İsmayıla 9 dəfə
zərbə endirib. Yetirdiyi xəsarətlərin ağrısından qışqıran uşağın səsinə
nənəsi Əminə Əliyeva içəri daxil olub və kürəkəninə mane olmağa çalışıb.
Buna baxmayaraq, o, qadına da 2 dəfə bıçaqla zərbə vurub. Azyaşlıya
ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edilib.
İş üzrə dindirilmiş Saqi Kərimov bildirib ki, 2020-ci ilin fevral ayında
Xeyrənsə Kərimova ilə rəsmi nikaha daxil olub. Dekabrın 18-də övladları
İsmayıl Kərimov anadan olub:
Saqi Kərimov
"Ailə qurandan sonra Bakıda kirayədə yaşayırdıq. Aramızda mübahisələr yarandığından 2022-ci ilin avqust ayında Xeyrənsə uşağı götürüb, atası Təyyar Əliyevin evinə getdi. Tez-tez gedib uşaqla görüşüb arvadıma geri qayıtmasını təklif etsəm də, o, imtina edirdi. Noyabrın 23-də "20-ci sahə"yə çatarkən, xırdavat mağazasından bıçaq alıb gödəkçəmin cibinə qoydum. Evdə söhbət zamanı qaynatamdan xahiş etdim ki, ailəmi buraxsın, amma Təyyar Əliyev qızının mənimlə getməyəcəyini bildirdi.
Qayınatamın sözlərindən sonra, özümü və oğlumu öldürməyi qərarlaşdırdım. Xeyrənsə İsmayılı döşəmənin üzərindən götürüb mənə verəndə, uşağı qucaqlayıb yataq otağına apardım. Azyaşlını çarpayının üzərinə uzatdım və bıçaqla ürəyinə zərbə vurdum. Ardınca 8 zərbəni necə vurduğumu xatırlamıram".
Xeyrənsə Kərimova
Zərərçəkmiş İsmayıl Kərimovun qanuni nümayəndəsi Xeyrənsə Kərimova
ifadəsində göstərib ki, əri Saqi Kərimov dəfələrlə, əgər boşansa
övladını və onun ailə üzvlərini öldürəcəyini bildirib:
"Noyabrın 23-ü səhər saat 9-dan başlayaraq, yoldaşım zəng vurdu və
İsmayılı götürüb şəhərə gəzməyə getməyi təklif etdi. Mən isə Saqiyə
uşağın xəstə olduğunu, buna görə də onu çölə çıxarda bilməyəcəyimi
dedim. Yoldaşım bundan əsəbiləşərək, üstümə qışqırdı. Həmin axşam Saqi
evdən getməyə hazırlaşarkən, uşağı qucaqlayıb sağollaşmaq istədiyini
dedi. Ərim uşaqla birlikdə yataq otağına keçəndən bir müddət sonra,
İsmayılın ağladığını eşitdim. Otağa girəndə, İsmayılı çarpayının
üzərində, qana bulaşmış vəziyyətdə gördüm və qışqırmağa başladım".
Zərərçəkmiş Əminə Əliyeva ifadəsində göstərib ki, kürəkəni Saqi Kərimov hər gün arvadı Xeyrənsəni döyüb:
Hadisə olan otaq
"Buna baxmayaraq, qızım döyüldüyünü bizdən gizlətməyə çalışırdı. Saqi
evinə 1 manat pul belə pul gətirmir və evin kirayə pulunu ödəyə
bilmirdi. Ailəsini biz saxlayırdıq. Noyabrın 23-ü saat 19 radələrində
evimizə gələn kürəkənim qayınatasına yoldaşını və oğlunu aparmaq
istədiyini deyəndə, Təyyar ona borclarını qaytardıqdan sonra Xeyrənsəni
apara biləcəyini söylədi.
Bundan sonra Saqi ovladını öpüb gedəcəyini bildirdi. Həmin vaxt İsmayıl
qonaq otağında, döşəmənin üzərində oturub oynayırdı. Xeyrənsə uşağı
götürüb Saqiyə verdi. Yataq otağından nəvəmin səsini eşidən kimi mən,
ardımca da qızım içəri qaçdıq.
Saqinin İsmayıla bıçaqla zərbələr vurduğunu görüb "qoymayın uşağı öldürdü" deyə, qışqırdım. Əllərimlə bıçaqdan və qolundan tutub kürəkənimi divara çırpdım".
Zərərçəkmiş qeyd edib ki, hazırda nəvəsinin barmaqlarında problem
var. Dili tutulub, danışmaqda çətinlik çəkir və buna görə müalicə
olunur.
Məhkəmə iclasında Saqi Kərimov ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi bildirib ki, ərini bağışlamır və
ona qanuna uyğun cəza verilməsini xahiş edib. Zərərçəkmiş Əminə Əliyeva
təqsirləndirən şəxsə ömürlük cəza təyin edilməsini istəyib.
Məhkəmə hesab edib ki, Saqi Kərimovun əməlləri ibtidai istintaq orqanı
tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla
qəsdən adam öldürməyə cəhd), 29, 120.2.9-cu (köməksiz vəziyyətdə olan
adamı qəsdən öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər
vurma) maddələri ilə düzgün tövsif olunub. O, həmin maddələrlə təqsirli
bilinməli və cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saqi Kərimov cəzasını ciddi
rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan
məhrum olunub.