Aşqin Yenisey: "Hacı Şahin adımı telefonda eşidən kimi cavab verdi ki, hardasınız?"
Tanınmış şair Aqşin Yenisey ötən gecə dünyasını dəyişmiş ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı maraqlı xatirəsini bölüşüb.
Qlobal.net xəbər verir ki, o, hadisənin bir neçə il öncə
yaşandığını qeyd edib.
Gözlənilməz problemlə üzləşdiyini deyən Aqşin
Yenisey onun köməyinə Hacı Şahinin çatdığını bildirib: "Həm maddi, həm mənəvi təklikdə vurnuxurdum. Yaxın dostlardan biri
ilə oturub dərdləşəndə dedi, bilirsən, sənə kim kömək edə bilər? Hacı
Şahin! Nə danışırsan, məni hamı din tənqidçisi, ateist kimi tanıyır. Kim
inancını, imanını tənqid edən adama kömək edər? Həm də heç vaxt üz-üzə
gəlmədiyi, salam verib salam almadığı adama? Yanımda ona zəng etdi. Hacı
Şahin adımı telefonda eşidən kimi heç bir səbəb soruşmadan cavab verdi
ki, hardasınız? On beş dəqiqədən sonra tanımadığımız bir adam öz
avtomobili ilə Hacı Şahinin təmənnasız köməyini gətirib böyük ehtiramla
bizə təqdim etdi və "yenə nəsə lazım olsa, xəbər edin" deyib çıxıb
getdi”.
A.Yenisey ilahiyyatıçını "gizli dostu” adlandırıb: "O vaxt Hacı Şahini ən azı, çevrəsinin qınağı ilə üz-üzə qoymamaq
üçün bu əhvalatı yazmadım, heç kimə də danışmadım. Düşünürdüm ki, nə
vaxtsa kitablarımda Tolstoyun "Sergi atası" kimi müsbət bir din xadimi
obrazı yaratmaq istəsəm, bu adam Hacı Şahin olacaq. Mən Hacı Şahinin
hansı ürək sahibi olduğunu çoxdan bilirdim. Təəssüf ki, bu cür ürəklər
bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar. Səni unutmayacağam,
əziz və gizli dostum!”. (qaynarinfo)