aşıq zülfiyyə
24.11.2022
13:34
1195

Aşıq Zülfiyyə bu dövlət qurumuna ETİRAZ ETDİ: Elə biabırçı, gülüş doğuran qayda-qanunlar çıxarırlar ki...

"Bir neçə gün öncə Nanə Ağamalıyevanın "Günün sədası" verilişində Manaf Ağayevlə birlikdə qonaq idim. Mövzu da qadın və kişilərin avtomobili necə sürməsi idi. Maraqlı müzakirələr gedirdi. Manaf əslində məni orada tərifləyirdi. Dedi ki, bir dəfə Zülfiyyə xanımla toya getmişəm, 200-lə sürüb. Bu da necə olmuşdu? Musiqiçilər toy yerinə çatsa da, biz gecikmişdik, hələ də yolda idik. Sürətlə avtomobil idarə etmək yaxşı deyil, sadəcə buna məcbur idim. Camaat bizi gözləyirdi, çatmasaydıq necə olacaqdı?!. Saytlar da götürüb yazıb ki, Manaf deyib ki, Zülfiyyənin maşınında getməyimə nifrət etdim".

Qlobal.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O, daha sonra əlavə edib.

"Bir dəfə də 240-la Tovuza getmişəm. Sual yarana bilər ki, niyə?! Elə bir vəziyyətdə idim ki, gözüm heç nəyi görmürdü. Mənə xəbər etmişdilər ki, atan ağırdır, tez özünü çatdır. Mən gedib çatmalı idim. Bu zaman icazə alıb sürdüm. Dedilər ki, ehtiyyatlı ol. Çalışdığım qədər də ehtiyyatlı oldum. Bunu efirdə açıqlamaq istəyirdim, sadəcə olaraq mövzu dəyişdi. İstəmədim ki, yenidən bu mövzuya qayıdıb, efirdə kövrək anlar yaşayım. Rəyləri oxuyuram, yazıblar ki, "əşşi, bunlar bərk gedəndilər", "300-lə də sürərlər". Amma belə deyil. Heç kimin kimsədən xəbəri yoxdur. Mən avtoş deyiləm ki, kefimdən sürətlə maşın idarə edim" deyə aşıq deyib.

Aşıq Zülfiyyə biznesindən də danışıb.

"Bir çoxları deyir ki, niyə pedaqoji fəaliyyətlə məşğul olmursan? Mənim həqiqətən də buna vaxtım yoxdur. Öz şəxsi biznes sahəmlə məşğul oluram. Artıq bir neçə ildir ki, restoran biznesindəyəm. Deyim ki, restoran biznesim superdir, yalan olar. Qida Təhlükəsizliyi Agentliyi imkan versə, hər şey əla gedir. Biz kənd adamıyıq, təbii məhsullara üstünlük veririk. Kənddən gözəl kənd pendiri gətizdirmişəm, deyirlər ki, gərək ağzı bağlı paketdəki pendirlərdən olsun. Ev üsulu turşuya icazə yoxdur. Bəs mən yay ayında boş otururam, evdə turşu, kompot tədarükü etməyim? Elə biabırçı, gülüş doğuran qayda-qanunlar çıxarırlar ki. Bu dəqiqə qazana bilmirik. Kim deyirsə qazanıram, yalan söhbətdir" deyə aşıq bildirib.