“Baku TV”nin hərbi jurnalisti Fərdin İsazadə ASALA erməni terror təşkilatı tərəfindən hədələnir.
Fərdin İsazadə “Caliber.az”a xəbəri təsdiqləyib.
Jurnalist bildirib ki, “Telegram” sosial şəbəkəsindən ona kobud formada hədələr gəlib:
“Mənim üçün bu hədələrin heç bir mənası yoxdur. Əvvəl necə işləmişəmsə, elə də davam edəcəyəm. İşimiz elədir ki, internetdə erməni seqmentinin klaviatura qəhrəmanlarına əhəmiyyət vermək lazım deyil. 2020-ci ilin payızında Azərbaycan ordusuna mane ola bilmədikləri kimi, indi də bizim fəaliyyətimizə mane ola bilməzlər. Eyni zamanda belə situasiyalarda ayıq-sayıq olmaq lazımdır. Məlumdur ki, Ermənistan cəmiyyətində, erməni separatçıları arasında da “incimişlər” çoxdur. Qarabağdan, Şərqi Zəngəzurdan yayımları davam etdirəcəyik. Mənə hədə-qorxu gələnlərin hər biri ilə Qarabağda görüşməyə hazıram. Daimi olaraq orada peşə fəaliyyətimlə məşğulam, erməni iddia və təhdidlərinə istənilən formada cavab verə bilərəm”.
O qeyd edib ki, əvvəllər də sosial şəbəkələrdə müxtəlif erməni istifadəçilərdən təhdidlər alıb. Lakin ASALA-nın üzvü tərəfindən ilk dəfədir ki, belə təhdidlər gəlir: “Mən Qarabağ və Şərqi Zəngəzurda mütəmadi oluram. Azərbaycanlılar ora əbədi qayıdıb. Bu yaxınlarda Azərbaycan-Ermənistan şərti sərhədindən böyük reportaj çəkdik, sosial şəbəkələrdə aktiv fəaliyyət göstəririk, ermənilərin təhdidləri də işimizlə bağlıdır”.
Fərdin İsazadə təhdidlərə baxmayaraq, peşəkar fəaliyyətini davam etdirəcəyini vurğulayıb.