qadın

Arvadının xəyanət etməsindən şübhələnən kişi DƏHŞƏT SAÇDI

Abşeron rayonunda 1963-cü il təvəllüdlü Elmar ailə münaqişəsi zəminində həyat yoldaşı Əzizəni (adlar şərti verilib red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, şübhəlik, qısqanclıq, konservativlik, öz fikirlərini üstün tutmaq, inadkarlıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malik olan Elmar öz fikirlərinin təsiri altında 2 avqust 2022-ci ildə saat 20 radələrində arvadı Əzizənin ona başqa şəxslərlə xəyanət etməsini bəhanə edib.

O, Mehdiabad qəsəbəsi, yeni məhəllədəki nömrəsiz evin qonaq otağında arvadının baş və digər nahiyələrinə yumruqla, təpiklə çoxsaylı zərbələr vurub.

Daha sonra mətbəxdən bıçaq götürərək geri qayıdıb. Bu vaxt onu vurmasından qorunmaq üçün evdən qaçaraq çölə çıxan və yerə yıxılan arvadını təqib edib.

O, qayınanasının gözü qarşısında arvadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Qadına vaxtında göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatını xilas etmək mümkün olub.

“Onu qısqanmışam”

İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirlədirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Əzizə ilə 1995-ci ildə ailə həyatı qurub, həmin nikahdan 2 övladı olub:

“Ailə həyatı qurduqdan sonra Əzizə ilə münasibətlərimiz həmişə normal keçib. Son 2 ildə onunla aramızda qısqanclıq zəminində tez-tez mübahisələr olub. Arvadım heç bir yerdə işləməyib, bütün günü evdə olsa da, onu qısqanmışam”.

Elmarın sözlərinə görə, avqustun 2-də təxminən saat 20 radələrində işdən evə gəlib: “Arvadım və qaynanam Sevil evdəydi. Yorğun olduğum üçün mətbəxdə bir az uzandım. Əzizə məni çay içməyə çağıranda qayınanam bayırda idi. Çay içə-içə Əzizəyə telefonla kiminlə yazışdığını soruşdum. O, heç kimlə yazışmadığını dedi, üstümə qışqıraraq nəyə görə ona belə söz dediyimi soruşdu. Bunun üstündə aramızda mübahisə baş verdi.

Mübahisə zamanı Əzizənin sifətindən bir neçə yumruq vurdum. Əzizə səs-küylə anasını çağırdı. Sevil gəldikdə məni təhqir edərək nəyə görə qızını vurduğumu soruşdu.

Bundan sonra əsəbiləşərək mətbəxdəki dolabdan mətbəx bıçağını götürdüm və Əzizənin üstünə getdim. Onun bədəninin müxtəlif nahiyələrindən bıçaqla vurdum. Əzizəni evin dəhlizində bıçaqla vurduqda yerə yıxıldı. Sonra isə yerdən qalxaraq bayıra çıxdı”.

“Öldürmək niyyətim olmayıb”

Elmar qeyd edib ki, arvadının arxasınca həyətə çıxıb və onu arxadan yenə də bıçaqla vurub:

“Əzizə qaçaraq qonşuluqda yaşayan qohumugilə getdi. Əməlimdən peşman olduğum üçün bıçaqla öz sinə nahiyəmə də xəsarət yetirdim. Sonra bıçağı evdə yerə atdım. Bacım oğlu Vüsal gələrək məni xəstəxanaya apardı. Orada həkimlər mənə ilk tibbi yardım göstərdikdən sonra avqustun 3-də Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları məni saxlayaraq həmin idarənin istintaq şöbəsinə gətirdilər. Mən də etdiyim cinayət əməlini səmimi olaraq etiraf etdim.

Əzizəni bıçaqla vurarkən yanımda qayınanamdan başqa heç kim olmayıb. Əvvəlcə Əzizəni yumruq və təpiklə döyməyimi heç kim görməyib. Onu vurmaqda məqsədim qısqanmağım, irad bildirən zaman mənə acı sözlər deyib üstümə qışqırması olub.

Mən də cəzalandırmaq üçün evin içərisində yumruq-təpiklə, sonra isə həyətə onun arxasınca qaçaraq bıçaqla vursam da, onu öldürmək niyyətim olmayıb. Həmin vaxt özümdə olmamışam və nə etdiyimi bilməmişəm. Qayınanamı vurmaq istəməmişəm, onu hədələməmişəm.

Əzizəyə bıçaqla vuran zaman “səni deşik-deşik edəcəm, səni ölənə qədər bıçaqla vuracam” sözlərini deməmişəm".

“Xəyanət etməyə başlamasından şübhələndim”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, ailə həyatı qurduqdan sonra Əzizə ilə münasibətləri son iki ilə qədər həmişə normal olub: “Əzizə rəsmən heç bir yerdə işləməsə də, tibb sahəsi üzrə orta ixtisas təhsilli olduğu üçün bəzən dəvət əsasında evlərə gedərək iynə vurub, sistem qoyub. Son illərdə qonşuların əvvəl mənimlə isti salamlaşaraq söhbət etsələr də, son vaxtlar sadəcə salam verərək yan keçdiklərini müşahidə etdim. Sonra arvadımın evlərə getməsindən, orada bir neçə saat qalaraq nəsə, hətta orada mənə xəyanət etməsindən şübhələnməyə başladım.

Qonşuların mənimlə soyuq salamlaşmalarını da bununla bağlayaraq arvadım evlərə getdiyi üçün qonşu kişilərin və tanışların mənə soyuq münasibət göstərməyə başladıqlarını fikirləşdim”.

“Öldürməklə hədələməmişəm”

Elmar bildirib ki, Əzizəyə evlərə getməyi qadağan etmək fikrinə gəlsə də, yalnız tanıdığı, yaşlı adamlarla iynə vurmasına icazə verib:

“Bunun üstündə Əzizə mənimlə mübahisə edərək qadağalara narazılıq etdi. Aramızda ciddi söz-söhbətlər yarandı. Sonra onun kiminləsə danışmasından şübhələnməyə başladım. Bir neçə dəfə telefonuna alaraq baxsam da, heç bir şey aşkar edə bilmədim.

Əzizə ilə yaşadığım müddətdə onun heç bir əxlaqsız hərəkətinin, kiminləsə münasibətdə və ya ünsiyyətdə olmasının, görüşməsinin və bu kimi hərəkətlərinin şahidi olmamışam. Bu barədə də heç kim mənə məlumat verməyib. Onu qısqanmağıma səbəb tanımadığım şəxslərin evlərinə getməsi, qonşuların mənə soyuq münasibət göstərməsi olub.

Qonşuların və tanışların arvadımın özgələrin evlərinə getməsinə görə pis baxmalarını düşünmüşəm.

Baldızımın məni Əzizədən uzaqlaşdırması həqiqəti əks etdirmir. Həmçinin bıçaqla qayınanamı hədələməmişəm, onu vurmaq istəməmişəm”.

“Məni təhqir etdi”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əzizənin sözlərinə görə, hadisə günü Elmar işdə, o isə anası ilə evdə olub: “Elmar işdən gəldikdə onu həmişəki qaydada qarşıladım, su istədiyi üçün ona su verdim. Daha sonra çay hazırlayaraq çay içməsi üçün həyətə çağırdım. Lakin Elmar həyətə gəlmədi.

Elmarı çağırmaq üçün otağa girəndə divana uzandığını, üzünün qaraldığını, gözlərinin iriləşdiyini gördüm. Ondan nə baş verdiyini soruşdum. Əvvəlcə heç nə olmadığını desə də, sonra ayağa qalxaraq mənim qolumu burdu, üzümə yumruq vurdu. Həmin saniyə qaşım yaralandı, üzüm qan oldu. Burnuma da bir yumruq vuraraq saçımdan tutdu. Məni döşəmənin üzərində sürüdü, təpiklə döyərək təhqir etdi. Sonra bir anda otaqdan çıxdı”.

Əzizə qeyd edib ki, qaçaraq otaqdan çıxıb, anasına səs etməməyi tapşırıb, qonşuların eşidəciyini deyib: “Bu vaxt Elmarın anama bıçaq çəkdiyini gördüm. Qonşuluqda yaşayan Elmarın bacısı oğlunu köməyə çağırmaq üçün həyətə qaçdım. Elmar da arxamca gəldi. Mən yıxılanda kürəyimdən çoxlu bıçaq zərbələri vurdu. “Sən ölənə qədər səni deşik-deşik edəcəm” dedi.

Mən qışqıranda bacım səsimə gələrək Elmarı itələdi. Bu zaman Elmar ayağa duraraq gözümün önündə özünə 2-3 bıçaq zərbəsi vurdu”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Elmarın Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edib. O, cinayət məsuliyyətindən azad olunub.

Elmarın barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

08.10.2024 15:35
show 517