Salyanda ana və oğlunun vəhşicəsinə qətlə yetirilməsinin yeni təfərrüatları məlum olub.
Qətli törədən şəxs ömürlük azadlıqdan məhrum edilib. İstintaq zamanı məlum olub ki, Ziya Əliyevin əsas məqsədi qardaşının üç oğlunu da öldürmək olub. Lakin hadisələrin gedişatı fərqli cərəyan edib.
Faciəyə aparan şübhə...
Qlobal.net xəbər verir ki, Ziya Əliyev qardaşının oğlu Bəhruz Əliyevi və onun anası Rahilə Əliyevanı qətlə yetirib.
Qətli törədən Ziya Əliyev 2009-cu ildə narkotik ittihamı ilə həbs edilib və 10 il həbsxana həyatı yaşayıb. Ailəli, 4 uşaq atası olan Ziyanın ailə münasibətləri qaydasında olmayıb. Elə bu dəhşətli cinayətin səbəbi də arvadı ilə münasibətinin yaxşı olmaması, ondan şübhələnməsi olub. Ziya əvvəlcə arvadından şübhələnib, sonra isə qardaşının 3 oğlundan.
Ziyanın iddialarına görə, həbsxanada olduğu müddətdə arvadı qardaşı oğlanları tərəfindən cinsi istismara məruz qalıb. O, bu qənaətə həbsxanada olduğu müddətdə gəlib. Həbsxanadan çıxdıqdan sonra isə bu şübhələrini gücləndirib. Onun qənaətinə görə, həbsxanada olduğu müddətdə arvadının hamilə qalması mümkün deyilmiş. Amma arvadı istintaqda bildirib ki, Ziya həbsxanada olanda onunla dəfələrlə görüşüb, münasibətdə olublar. Uşaqlarının dördü də Ziyadandır.
Qətlə səbəb olan yalan və ya gizlədilən gerçək...
44 yaşlı Ziya Əliyev qardaşı oğlanları Rəşad Əliyev, Bəhruz Əliyev və Peyman Əliyevdən şübhələnib. Ziya dəfələrlə arvadını döyərək onun qardaşı oğlanları ilə münasibəti haqda sorğu-sual edib. Amma arvadı deyilənləri inkar edib. Sonda Ziyanın təzyiqlərinə dözmədiyini deyən arvadı ona etiraf edib ki, qardaşı oğlanları onunla zorla münasibətdə olub. Ziya arvadının bu etirafını videoya da çəkib. Amma Ziyanın arvadı məhkəmədə və istintaqda bunun yalan olduğunu, Ziyadan canını qurtarmaq üçün belə bir yalan dediyini söyləyib.
“2005-ci ildə evləndik, amma 4 il uşağımız olmadı. 2009-cu ildə ilk övladımız oldu. Həmin uşağın məndən olmadığına inandım. Qardaşımın övladlarından şübhələnməyə başlamışdım. Bir dəfə qızımı vuranda Bəhruz araya girib “o, mənim balamdır” dedi. Bu sözü deməsi məndə təkrar şübhə oyatdı. Sonda arvadım bunları etiraf etdi. İlk dəfə Peymanın ona toxunduğunu dedi. Bunları eşidəndən sonra qərar verdim. Əslində fikrim qardaşımın üç oğlunu da öldürmək idi” - deyən Ziya ifadəsində əlavə edib ki, evdən qəzəbli çıxan zaman qarşısına ilk Bəhruz çıxıb.
Bəhruza ard-arda bıçaq zərbələri endirib. Səsə Bəhruzun anası Rahilə Əliyeva gəlib. Ziya onun üzərinə hücum edərək 10 bıçaq zərbəsi endirib.
Hadisə baş verən ərəfədə Bəhruzun digər qardaşları da oraya gəlirmiş ki, analarını diş həkiminə aparsınlar. Lakin onlar gələnə qədər bu hadisə baş verib. Ziya qətli törədəndən sonra polis əməkdaşlarına təslim olub.
Mərhumun qardaşları məhkəmədə ifadə verərək Ziyanın dediklərini uydurma adlandırıblar.
“Sənə cadu ediblər, dilini, ağzını bağlayıblar...”
Ziyanın arvadı dindirilən zaman ərinin psixoloji problemlərinin olduğunu deyib.
“Hər şeydən şübhələnirdi. Özündən nələrsə uydururdu. Bir dəfə səhvən oğluma Rəşad deyə müraciət etdim. Bundan da şübhələndi. Dedi ki, uşaq Rəşaddandır. Ziya əsəb xəstəliyindən əziyyət çəkib, bununla bağlı özünün dediyinə görə, 2008-ci ildə Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə də alıb. Mənə deyirdi ki, sənə cadu ediblər, dilini, ağzını bağlayıblar, mənə xəyanət edirsən, mənə vergi verilib, hər şeyi görə bilirəm” - deyən şahid qətlin səbəbi kimi Ziyaya dediyi yalanı göstərib. Bildirib ki, Ziyaya yalandan qardaşı uşaqları tərəfindən zorlandığını deyib. Ziya da bu qətli törədib.
İstintaq zamanı keçirilən kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Ziya Əliyev “paranoid şəxsiyyət pozuntusu” kimi psixi pozuntudan əziyyət çəkib.
Həmçinin məhkəmə-genetik ekspertizasının rəylərinə görə, 4 uşaq da Ziya Əliyevin imiş.
Ziya Əliyev törətdiyi ağır cinayətə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. (musavat)