Rusiyanın Maqadan vilayətində arvadından uzaq olmaq istəyən kişi həbsxanaya düşmək üçün kafedə dava salıb.
Qlobal.net yerli mediaya istinadla bildirir ki, hadisə yanvarın 24-də səhər tezdən Proletarskaya küçəsində yerləşən kafedə baş verib. Şəxsi təhlükəsizlik işçiləri aqressiv müştəri barədə siqnal alıb və tezliklə onu saxlamaq üçün hadisə yerinə gəliblər. Kafe işçilərinin dediyinə görə, həmin şəxs nalayiq sözlər işlədib və başqalarına sataşıb.
Sərxoş vəziyyətdə olan qalmaqallı şəxs saxlanılarkən müqavimət göstərməyib. Təhlükəsizlik qüvvələri onu tibbi müayinədən keçirib, sonra polisə təhvil veriblər.
Növbətçi məntəqəyə gedərkən 38 yaşlı kişi Milli Qvardiyanın əməkdaşlarına deyib ki, sərxoş olduğu üçün onu mənzildən qovan həyat yoldaşının yanına qayıtmamaqdan ötrü qəsdən dava salıb. Maqadan sakini həyat yoldaşı ilə barışmaq istəməyib və məhbuslar üçün xüsusi təcridxanada müvəqqəti sığınacaq tapmaq qərarına gəlib.
Xırda xuliqanlığa görə onu 15 sutka müddətinə inzibati həbs gözləyir. (lent.az)