“Aparıcılar bu qədər arvadını atan, əxlaqını satan adamı hardan tapırlar?!”
“Televiziyaların mövqeyi bəllidir, gecə-gündüz pul qazanmaqla
məşğuldurlar, gecə saat 2-də də reklam verirlər, reklam üstə
bir-birlərini qırırlar. Azərbaycan xalqı aldadılır. Başa düşdük,
bəzilərinin böyüyü, abrı-həyası yoxdur, bəs gecə-gündüz onları təbliğ
edən telekanallara nə deməli?!” Qlobal.net xəbər verir ki, bu sözləri Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Yerli telekanalları sərt şəkildə tənqid edən kinorejissor vəziyyətlə bağlı həyəcan təbili çalınmalı olduğunu deyib: “Eyni
adamlar gün ərzində müxtəlif kanallarda olur, oradan bura, burdan ora
qaçırlar. Boş, mənasız, sözləri biabırçılıq olan mahnılar... Heç birinin
ritmi, istedadı yoxdur, hamısı xaric oxuyurlar. Artıq meyxanaçılar
müğənnilik etməyə başlayıblar. Onlara telekanallarda 3 saatlıq vaxt
ayrılır”.
Ə.Mahmudbəyov yerli telekanallarda baş alıb gedən özbaşınalığa etirazını bildirib: “Bir
dəfə telekanalların birində dedim ki, bu adamları haradan tapıb
çıxarırsınız? Özünüzün xüsusi axtarış qrupunuz var? Harada arvadını,
uşağını atan, əxlaqını satan varsa, tapıb gətirirlər. Sanki telekanalın
işçiləri Azərbaycanı qarış-qarış gəzir ki, harada mənəviyyatsız,
əxlaqsız, tərbiyəsiz, başıpozuq ailələri axtarıb tapırlar və efirə
çıxarırlar. Dəhşətdir!
Televiziya dünyanın ən dəhşətli təbliğat silahıdır. Hamının evində, mətbəxində, maşınındadır”.
O, aidiyyəti qurumların telekanallara ciddi nəzarət etməli olduğunu vurğulayıb: “Bu
işlə əlaqədar strukturlara dəfələrlə müraciət etmişəm. Qardaşlar, artıq
geriyə yol yoxdur, biabırçılıqdır. Efirə çıxan qadınların çoxunun yəqin
ki, ailə tərbiyəsi, təhsili yoxdur, özləri bilər. Bu onların
problemidir. Amma sən onları efirə çıxarırsansa, bu artıq böyük
problemdir. Həmin verilişləri dayandırın! Rüsvayçılığı bitirin, artıq
hər şey əldən gedir. Televiziya rəhbərlərinin məqsədi nədir? Qardaş,
bizdən nə istəyirsiniz?! Gül kimi sənətkarlarımız, mədəniyyətimiz var,
niyə onları təbliğ etmirsiniz?! Abrımızı, ismətimizi qoruyun, nə olar
ki? Bunu qoruyun ki, sabah axirət dünyasına, babalarımızın, qeyrətli
kişilərimizin yanına üzü ağ gedək. Bu adamların ucbatından gedib orada
qınaq yiyəsi olmayaq. Hər şey ciddi nəzarətə götürülməlidir, həmin
biabırçı verilişlər dayandırılmalıdır. O aparıcılar xalqa hesabat
verməlidir ki. məqsədləri nədir və “debil”, xəstə insanları haradan
axtarıb tapırlar”.