ilqar

Aparıcı TƏBİB-i ağ yuyub qara sərdi - VİDEO

Tanınmış aparıcı İlqar Mikayıloğlu “Günə bax” verilişində TƏBİB-ə qarşı sərt çıxıb edib.

Qlobal.net xəbər verir ki, buna digər bir kanaldakı sosial verilişdə yaşanan hadisə səbəb olub. Aparıcı təcili tibbi yardımda fəaliyyət göstərən operatorları da qınaq atəşinə tutub:

“Ola bilər ki, veriliş gedə-gedə həkimə ehtiyac olur. Hər birimizin başına gələ bilər. Təcili tibbi yardıma zəng olunur. 7 dəqiqə təcili yardıma zəng edəsən və 7 dəqiqə operatorlar sənə cavab verməsin. Birincisi, burada insan taleyindən söhbət gedir, ikincisi operator dərhal cavab verməlidir. Çünki adından da göründüyü kimi tibbi yardım yox təcili tibbi yardımdır. Təcili burada əsas sözdür və həmin söz burada varsa, 7 dəqiqə ərzində zəngə niyə cavab verilmir? Artıq bir insan orada dünyasını dəyişdi, ömrünü tapşırdı, vəssalam. Kimsə burada çıxıb desə ki, burada başqa səbəb var, xeyr! Fakt var və göz qarşısındadır. Telefonu göstərdilər ki, 7 dəqiqə zəng olunub və cavab verilməyib. 

Hörmətli TƏBİB, nə baş verir? Biz sizə ötən ilin dekabrında sorğu göndərmişdik. İndi başa düşürəm ki, sorğumuza niyə cavab vermirsiniz. Əgər təcili tibbi yardım 7 dəqiqə cavab vermirsə, onda belə çıxır ki, bizim sorğumuza 7 il gözləmək lazımdır. Nə baş verir? Niyə baş verir? 

Hörmətli TƏBİB, ola bilərmi ki, siz bizim bildiklərimizi bilmirsiniz? Ola bilməz. Siz də çox gözəl bilirsiniz ki, həmin hadisədə əli olan şəxslər haralara göndərilib? Siz bizim bildiklərimizdən daha artığını bilirsiniz. Amma susmağı üstün tutursunuz. Düzdür, susmaq qızıldır. Belə bir vəziyyətdə susmaqdan söhbət getmir. Belə vəziyyətdə hansısa çatışmazlıqlar ört-bastır edilir. Burada hansısa səhlənkarlıqdan, “fikir verməyin, boş-boşuna danışır”-dan söhbət gedir. Amma nə qədər də boş qəbul etsəz, mən bu barədə danışacam”.

Qeyd edək ki, “Sözün bitdiyi an” verilişinin canlı yayımında gərgin anlar yaşanıb.  Halı pisləşən şikayətçi üçün Təcili Təxirəsalınmaz Tibbi Yardıma zəng edilsə də, 7 dəqiqə operatorlar telefonlara cavab verməyib.  Nigar Fərhad aparıcısı olduğu efirdə bunu işıqlandırıb və qurumun əməkdarlarını sərt tənqid edib.

16.01.2025 17:12
show 164