Antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub - RƏSMİ
Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Bu barədə Qlobal.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin
Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq
2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında
lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq
əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən
Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni
silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi
postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı
qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni
erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.