Azərbaycanın tanınmış riyaziyyatçı alimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Camali Məmmədxanov bu gün dünyasını dəyişib.
Qlobal.net xəbər verir ki, bu barədə Modern.az-a mərhumun keçmiş iş yoldaşı, sabiq təhsil naziri Misir Mərdanov məlumat verib.
Onunla vida mərasiminin Təzəpir məscidində olacaq.
Qeyd edək ki, Cəmali Məmmədxanov mərhum deputat, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun rəhbəri olmuş Anar Məmmədxanovun atasıdır.
Camali İslam oğlu Məmmədxanov 1938-ci il dekabrın 25-də Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub. 1946-1956-ci illərdə Bakı şəhər 46 saylı оrta məktəbdə oxuyub.
1956-1961-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb.
1961-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında mexanika-riyaziyyat ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. Əvvəlcə baş laborant, 1976-cı ilə qədər isə baş elmi işçi vəzifələrində işləyib.
O, 1964-cü ildə elmlər namizədi, 1984-cü ildə isə elmlər doktoru adını alıb.
1976-cı ildən BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında dosent, 1985-cı ildən isə professor vəzifəsində çalışıb.
2014-cü ildən BDU-nun məsləhətçi professoru olan Camali Məmmədxanov 100-ə yaxın elmi məqalənin müəllifi idi. Onun rəhbərliyi ilə 13 elmlər namizədi, 3 elmlər doktoru yetişib.
Professorun oğlu Anar Məmmədxanov birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisin deputatı olub. O, 2011-ci il aprelin 23-də ürəktutmasından dünyasını dəyişib.