“Allahı müdafiə edən adam dünyada ən axmaq adamdır” — Şair qalmaqallı şeirindən danışdı
“Həmin şeiri özüm paylaşmamışam. Özü də onu indi yox, bir neçə
ay əvvəl yazmışam. Şeirə görə məni hamı yox, 5-10 nəfər tənqid edib,
qalanları ağıllı oxuculardır və nə yazdığımı başa düşüblər. Bəziləri
ədəbiyyatdan uzaq, ömründə bir kitab oxumayanlardır…”
Qlobal.net xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış
şair Rüstəm Behrudi deyib. Allahla bağlı şeiri sosial şəbəkələrdə ciddi
müzakirə mövzusuna çevrilən şair onu tənqid edənlərə cavab verib: “Məni tənqid edənlərin səhifələrinə baxdım, onlar ömürlərində bir dəfə
Qurani-Kərimi nəinki oxumaq, heç vərəqləməyiblər də. Ancaq Allahın
müdafiəçisi rolunda çıxış edirlər. Allahı müdafiə edən adam dünyada ən
axmaq adamdır, çünki Allah Allahdır, onun müdafiəyə ehtiyacı yoxdur. O
əgər bizim düşündüyümüz, ruhumuzda, ağlımızda yaratdığımız Allahdırsa,
onun bu cür səviyyəsiz adamların müdafiəsinə ehtiyacı yoxdur.
Mən özüm ateist deyiləm, tanrıçıyam. Bu barədə 30 il əvvəl kitablar da
yazmışam. Şeiri tənqid edənlər heç mənim nə yazdığımı belə analaya
bilməyiblər. Həyatda heç bir uğur qazana bilməyənlər Allahı müdafiə
etməklə böyük bir iş gördüklərini düşünürlər. Elə düşünürlər ki, onu
müdafiə etdikdə cəmiyyət onlara “afərin” deyəcək. O ağılsızlar
anlamırlar ki, buna ehtiyac yoxdur. Sadəcə olaraq özlərini göstərirlər.
Yenə təkrar edirəm, mən ateist deyiləm! Mən Tanrının olduğuna inanıram.
Sadəcə Tanrıya gedən yol müxtəlifdir, hərə bir yolla ona gedir”.
Şair Qurandan misal gətirərək orada yazılanların türk xalqına aidiyyəti olmadığını bildirib: “Quranda Ənam surəsi, 92-ci ayədə deyilir: “Quran Məkkə əhlini və onun
ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri
təsdiq edən bir kitabdır”. Yəni Quranda deyilir ki, bu Məkkə və Məkkə
ətrafındakı insanları qorxutmaq üçündür. Bunun türk millətinə nə dəxli
var?!
İbrahim surəsi, 4-cü ayədə deyilir: “Allahın dinini onlara izah etsin
deyə hər bir peyğəmbəri yalnız öz qövmünün dili ilə göndərdik”. Yəni hər
bir millətə öz içindən seçərək peyğəmbər göndərərəm. Türklər
ərəbdirmi?! Mən Quranın dili ilə danışıram, cahil, ordan-burdan eşidən
adamların dili ilə yox! Bütün dini kitablar mənim stolüstü kitabımdır və
oxuyuram.
Bunu mən yox, onların dediyinə görə göydən endirilmiş Quran deyir.
Bildirir ki, hər millətə öz içindən peyğəmbər göndərirəm. Məhəmməd
peyğəmbərin dövründə artıq millətlər ayrılmış, yəhudi, ərəb, Avropa
xalqları formalaşmışdı. Həmin şəxslər mənim nə dediyimi anlamayıblar”.
R.Behrudi onu tənqid edənlərə tək-tək cavab yazmağı vaxt itkisi hesab etdiyini deyib: “Mən tək Tanrıya inanıram, bu qədim türklərin düşüncəsidir. Tanrı var,
sadəcə olaraq türk “Tanrı var olandır, yaradan deyil” deyir. Şeirimi də
iki-üç adam paylaşmışdı, tənqid edənlərə cavab verməyə isə nə vaxtım, nə
də həvəsim var. Mənim ana babam axund, ata babam isə kəndin sonuncu
qanuni mollası olub. Sadəcə olaraq mənim Allah haqqında olan
düşüncələrim bir az fərqlidir. Mənim üstümə “hücum” çəkən adamlar
anlamırlar ki, İslam zor dini deyil. Onlar müsəlman kimi yox, Cəhənnəm
zəbanisi kimi danışırlar. Anlamırlar ki, İslamda zor yoxdur, kim nəyə
istəyirsə, inana bilər. Necə müsəlman olduqları elə yazdıqları
statuslardan bəllidir. Deməli, onlar heç müsəlman da deyillər”.