"Allah eləməmiş, bu narkotik yayılsa, patıya şükr edəcəyik"
Azərbaycanda gənclər arasında narkotikdən nstifadə epidemiya kimi
yayılmaqdadır. Rəsmi statistikaya görə, qeydiyyatda dayanan narkotik
istifadəçilərinin sayı 35 mini ötüb. Amma bir də qeydiyyatda
dayanmayanlar var. Qeyri-rəsmi məlumatlara görə, qeydiyyata dayanmayan
narkotik istifadəçilərinin sayı bundan 5-10 dəfə çoxdur.
Bəs gənc nəslin bu vərdişdən uzaq qalması üçün hansı addımlar atılmalıdır?
Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin rəhbəri Zülfiyyə
Mustafayeva Qaynarinfo-ya açıqlamasında bu gün Azərbaycanda narkotikdən
istifadə hallarının çox yayıldığını təsdiq edib: "Əvvəlki illərdən fərqli olaraq, farmokoloji narkotiklər, sintetik
narkotiklər, laboratoriya şəraitində hazırlanan narkotiklərin sayı
çoxalmaqdadır. Ancaq bunlar çox bahadır, tərkibi də keyfiyyətsizdir.
Azəraycana haradan gətirilir, bilinmir. Ancaq marixuana, tiryək və s.
kimi narkotikləri əkirlər. Bir də ki, farmokolji narkotiklərdir
- lirika, preqabalin, "patı” kimi tanınan metamfetamin və s..
Onların istifadəçilərinin sayı çoxalır. Bunun çoxalmasının bir səbəbi
var. Bu, daha çox gənclər arasında yayılır. Nəyə görə? Çünki bəzi
farmokoloji narkotiklər cinsi həvəsi, cinsi zövqün müddətini artırır.
Məsələn, klublarda, barlarda gənclərə təklif olunur ki, qızlarla görüşə
çıxırsan və o zaman bundan birini atırsan, effekti yaxşı olur, cinsi
əlaqə zamanı zövqün müddətini uzadır. Amma bu eyni zamanda narkotikdir,
insanda asılılıq yaradır. Bir dəfə qəbul etdinsə, effektin fərqliliyini
görəcəksən. Ondan sonra hər dəfə görüşə gedəndə bundan qəbul eləmək
istəyəcəksən. Yəni, farmokoloji, sintetik narkotiklərin gənclərin tora
salınmasında bu xüsusiyyəti var”.
Zülfiyyə Mustafayeva deyir, bəzi narkotiklər var ki, onlar arıqladır, çəki atmaqda yardımçı olur: "Bunu daha çox tələbələr və gənclərin arasında yayırlar. LSD
(lizerq turşusu dietilamid) deyilən narkotiklər var, barlarda, klublarda
gənclərin arasında yayırlar. Dayanmadan rəqs edirsən, yüksək enerji
verir, məsələn, pervitin kimi, uzun müddət insanı ayıq saxlayır,
dayanmadan işləyə, oynaya bilərsən. Gənclər narkotikin girdabına
düşürlər. Ondan sonra isə iynələr gəlir. Çünki bədən asılı olur, insan
artıq depresiyaya düşür, narkotik kömək etmir. İki ildən sonra əvvəlki
dozanı get-gedə artırmağa məcbur olurlar. Sintetik narkotiklər müasir
narkologiyanın ən böyük problemidir. Narkoloqlar tiryək, marixuana kimi
narkotik maddələri qəbul edən narkoman görəndə sevinirlər ki, onu
vəziyyətdən çıxartmaq mümkindür. Farmokoloji narkotik istifadəçiləri
gələndə isə onların başı ağrıyır. Müalicəsi uzun və çətindir, çox böyük
reabitasiya dövrü tələb olunur”.
Zülfiyyə Mustafayeva bildirib ki, Azərbaycanda "Narkoloji xidmət
haqqında” qanun layihəsinə görə, narkoloji müalicənin iki növü var:
"Həm qeydiyyata dayanmalısan, həm də anonim müalicə oluna
bilərsən. Anonim kabinetdə qeydiyyata düşmürlər. Bu üzdən qeydiyyat
fərqi mövcuddur. İkincisi də bu farmokoloji narkotikləri istifadə edən
insanların 2-3 il damar problemi yaranana qədər cəmiyyətdə rahat gəzə
bilirlər. O vaxta qədər ki, doza əldə etmək üçün müəyyən kriminal hadisə
törədilir və polisin əlinə düşürsən. Bu zaman onu qeydiyyata
götürürlər. Bir də ki, valideynlər özü müalicə üçün müraciət edərsə, o
halda qeydiyyatda dayana bilirlər. Qalan hallarda isə narkoman kimi
qeydiyyata düşmək Azərbaycanda mümkün deyil”.
Zülfiyyə Mustafayev hesab edir ki, müasir dövrdə narkomaniya ilə müalicədə psixiatriya xidmətinə inteqrasiya etmək lazımdır:
"Bu, səhiyyə xidmətlərinin ən vacib elementlərindən biri sayılır.
Amma fikirimcə, psixiatrlar narkomaniyanın müalicəsində müalicə
müddətindən kənarda qalıb. Məncə, bu iki xidməti bir-birinə inteqrasiya
olunmalıdır, onlar əl-ələ versələr, narkomaniyanın müalicəsində
dayanıqlı nəticə əldə etmək olar. Hazırda reablitasiya mərkəzlərinin
sayı günü-gündən artır. Amma mən istərdim ki, bu mərkəzlər dövlət
hesabına olsun”.
Zülfiyyə Mustafayeva son bir ildə Azərbaycanda narkotikin daha təhlükəli bir növünün yayıldığını qeyd edib:
"Bu da flakka. Flakka çox təhlükəlidir, sinir sistemini tamamilə
sıradan çıxarır. Çox böyük asılılıq yaradır, allah eləməmiş, bu narkotik
yayılsa, patıya şükür edəcəyik”.