Ailəsinə görə sənətini atdı, həyat yoldaşı və qardaşı şəhid oldu - Sevdiyi adamla son dəfə...
Qlobal.net kulis.az-a istinadla xanəndə, Əməkdar artist Gülüstan Əliyeva haqqında maraqlı faktları təqdim edir.
Gülüstan Həsən qızı Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda
doğulub. Kiçik yaşlarından atası onu və bacılarını musiqiyə cəlb edir.
Yevlaxda orta məktəbdə oxuyanda atası onu, bacılarını musiqiyə cəlb
eləyir. O, "Pionerlər evi"ndə musiqi təhsili alır.
1981-ci ildə
keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində üç turun üçündən də
əla qiymət alıb müsabiqənin qalibi olan Gülüstan 1982-ci ildə Yevlaxdan
Bakıya-Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə təhsil almağa
göndərilib. İslam Rzayevdən muğamın sirlərini öyrənib. 1985-ci ildə
məktəbi fərqlənmə ilə bitirib. Elə həmin il Dövlət Konservatoriyasında
açılan muğam sinfinin ilk tələbəsi və ilk məzunu olub.
1990-cı ildə konservatoriyanı fərqlənmə ilə bitirib. 1995-1996-cı illərdə Muğam Teatrında solist işləyib.
Müğənninin
ilk debüt mahnısı “Sona bülbüllər” olur. Xanəndənin ən böyük arzusu
Akademik Opera və Balet teatrının afişalarında öz adını görmək olur.
1997-ci
ildə onun bu arzusu gerçəkləşir. O, Akademik Opera və Balet teatrının
solisti kimi fəaliyyətə başlayır. İlk dəfə "Leyli və Məcnun" operasında
Məcnunun anası rolunu oynayıb. "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də
Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Arşın mal alan"da Cahan, "O
olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb.
Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimidir.
Konservatoriyada
oxuyan vaxtlarda Gülüstan Əliyeva əslən Cəbrayıl rayonundan olan polis
işçisi Zahid adlı oğlanla tanış olur. O zamanlar Gülüstan xanım artıq
tanınan xanəndə imiş. Ancaq Zahidə olan sevgisi onu sənətini atıb
Bakıdan Cəbrayıla köçməyə vadar edir.
1991-ci ildə cütlük ailə
qurandan on ay sonra onların Rüfət adlı oğlu dünyaya gəlir. Rüfət iki
aylıq olanda, Zahid Birinci Qarabağ müharibəsinə yollanır və döyüşlərin
birində o, minaya düşərək ağır vəziyyətdə yaralanır. Onu xəstəxanaya
çatdırsalar da həyatını xilas etmək mümkün olmur. Xanəndə özü həmin
günlər haqda deyir:
“Onun
baxışları həmişə mənim xatirimdədi. O, xəstəxanada olanda, qayınatamgil
qoymadı onu son dəfə görüm. Dedilər ki, gəlmə, vəziyyəti çox pisdir.
İstəmir ki, sən onu o vəziyyətdə görəsən. Guya həyat yoldaşım deyib ki,
gəlməsin, məni belə görməsin. Koridorda o yana, bu yana gedirdim.
Fikirləşirdim ki, bəlkə, imkan olar ki, orada kimsə olmaz, heç olmasa
içəri girib görərəm. Mənə illər sonra dedilər ki, o, məni sayıqlayır,
çağırırmış ki, ona sözüm var, Rüfəti ona tapşırım. Amma heç kəs məni
çağırmadı. Çox təəssüf ki, onun son sözünü, son nəfəsini, istəyini eşidə
bilmədim. Buna imkan olmadı. Həmişə deyirəm ki, iki şəkil, 317 gün
bərabərdir bir ömür. Mənim Zahidlə cəmi iki şəklim olub və biz 11 ay,
317 gün birlikdə yaşamışıq”.
Oğlu ilə təkbaşına qalan Gülüstan xanım Cəbrayıl işğal olunana qədər orada evlərində yaşayır. Oğlu barədə xanəndə belə deyir: “Mənim
bu həyatda qalmağımın səbəbkarı, məni ayaqda tutan, bu qədər güclü
olmağa sövq edən, güclü göstərən, bu gün də mənim arxam, dayağım,
sirdaşım, dostum – oğlumdur. O, kiçik olanda da həmişə dərdləşirdik.
Balaca olsa da, mənə dost idi”.
1993-cü
ildə Cəbrayıl rayonu işğal olunur. Sənətçinin qardaşı Azad 1994-cü ildə
şəhid olur. Bu hadisələrdən sonra ifaçının həyatı çətinləşir. O,
sənətdən uzaqlaşaraq ərinin peşəsini davam etdirmək üçün sənədlərini
hüquq fakültəsinə verir və qəbul olunur.
Cəbrayıl işğaldan azad olunandan sonra müğənni 30 il sonra həyat yoldaşının qəbrini ziyarət edir:
"Bu
gün böyük qələbəyə gedən yolun başladığı gündür. Düz 30 il əvvəl
Birinci Qarabağ müharibəsində vətən, torpaq deyərək canını qurban edən
Daxili İşlər Nazirliyinin zabiti, Cəbrayılımın igid oğlu Zahid Əhmədovun
ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda
məzarını tapdım. Əməyi keçən qardaşlarıma minnətdaram. Burada yatanların
ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin".
Hazırda
Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimi olan
Gülüstan Əliyeva 2005-ci ildə Əməkdar artist adına layiq
görülüb.