“Cəmiyyətimizin bu qədər problemi ola-ola qohum evliliklərinin ləğv edilməsini anlaya bilmirəm”.
Bunu “Yeni Sabah”a hüquqşünas Tağı Hüseynov deyib.
Onun sözlərinə görə, Ailə Məcəlləsində yaxın qohumlar arasında evliliyin qadağan edilməsi ilə bağlı dəyişiklik insan haqq və azadlıqlarının pozulması deməkdir:
“Bu mövzuda mövqeyim birmənalıdır. Ümumiyyətlə, qanunvericilikdə sözügedən qadağanın əvvəldən əleyhinə olmuşam. Çünki bu mövzu süni şəkildə şişirdilir, guya qohum evliliyindən dəhşətli xəstəliklər meydana çıxır. Halbuki araşdırsanız, görərsiniz ki, qohum olmayan evliliklərdə elə xəstəliklər daha çoxdur və ya kifayət qədərdir.
Məncə, Ailə Məcəlləsinə dəyişikliyin qəbulu, ilk növbədə, insan haqq və azadlıqlarının pozulması deməkdir. Yəni mənim təbii sevmək haqqım var, 18 yaşına çatdıqdan sonra sevdiyim qızla evlənmək. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin bu hüququ var. Onda niyə mən sırf əmiqızı, dayıqızı və xalaqızını sevə və onunla evlənə bilmərəm? Eləcə də xanımlar da bu sözü deyə bilər.
Bölgələrdə qohum evlilikləri daha çoxdur. Şükür Allaha, ailələrin əksəriyyəti də sağlamdır. Cəmiyyətimizin bu qədər problemi ola-ola qohum evliliklərinin ləğv edilməsini anlaya bilmirəm”.
Hüquqşünas qeyd edib ki, qohum evlilikləri boşanmalar əleyhinə, bir növ, qalxandır:
“Xaladan ayıbdır”, “dayıdan ayıbdır”, “əmidən ayıbdır” deyib boşanmayan ailələr bəs deyən qədərdir. Ailə institutunu qorumaq üçün qohum evliliyi qalmalı idi. İstər yad olsun, istərsə də qohum hamının evində problem olur və heç kim ideal deyil. Ailədə problem yarandıqda nəslin ağsaqqalı-ağbirçəyi yığışır və problemi həll edir. Amma yad adamların yaratdığı ailədə cütlüyün qarşılıqlı kompromisə getməsi bir qədər çətindir.
Şəxsi peşəkar fəaliyyətim dövründə boşanma ilə bağlı müraciət edənlərin 99 faizi qohum deyil, bir-birinə əvvəldən yad olmuş cütlüklərin ailələrdir. Odur ki, ailə institutunun qorunması üçün mütləq şəkildə qohum evliliklərini saxlamaq lazım idi”.
Tağı Hüseynov bildirib ki, hüquqi baxımdan Ailə Məcəlləsində əks olunan qadağanın icra mexanizmi isə xeyli mürəkkəbdir:
“Yazıq cütlüklər evlənərkən, özləri ilə atalarının, analarının doğum haqqında şəhadətnamələrini, şəxsiyyət vəsiqələrini, onları qohumluq əlaqəsi ilə birləşdirə bilən sadaladığım-sadalamadığım sənədlərini gətirməlidilər ki, Vətəndaşlıq Vəziyyəti Aktların Dövlət Qeydiyyatı (VVAQ) əmin olsun ki, onlar qohum deyil.
Evlənmək istəyən ola bilsin ki, belə şeylərə məhəl qoymadı. Azərbaycanda onsuz da vətəndaş nikahı ilə ailə quran xeyli cütlük var. Məgər bunun qarşısını almaq olur?! Yəni deməyim odur ki, onsuz da evlənənlərin sayı az idi, bu qadağa vəziyyəti daha da pisləşdirəcək”.