Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.
Qlobal.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.
“Mercedes”, “Hyundai” və “VAZ” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada “VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
***
“Qafqazinfo”ya qəza nəticəsində ölən şəxslərin adları bəlli olub.
Bunlar Hüsiyev Vüsal Məmməd oğlu (1990), Əmrahov Sənan Aqil oğlu (1991), Aslanov Azər Fəyyaz oğlu (1992), Ələsgərov Asiman Yaşar oğlu (2007) və Aslanov Elbəy Mövsüm oğludur.
Hadisə nəticəsində xəsarət alan şəxslərin siyahısı:
1992 - ci il təvəllüdlü Goranboy rayonu Nadirkənd kənd sakini Nəsirov Xəyal Asif oğlu;
1992 - ci il təvəllüdlü, Yevlax rayon Aşagı Qaraxanli kənd sakini Yusifli Tural İdris oğlu;
1996 - cı il təvəllüdlü Bərdə rayon Şatırlı kənd sakini, Umudzadə Akşin Elsevər oğlu;
2000 - ci il təvəllüdlü Ağdaş rayon sakini Nurlan Qurbanov;
2000 - ci il təvəllüdlü Goranboy sakini Əli Alişanov.
***
TƏBİB-dən bildirilib ki, 28.02.2025-ci il tarixində saat 19:30 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Onlardan 1992-ci il təvəllüdlü şəxs qarın boşluğunun küt travması diaqnozu ilə tibb müəssisəsinin əməliyyat blokuna yerləşdirilib.
Digər 4 nəfər isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
FHN hadisə ilə bağlı məlumat yayıb:
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək “MERCEDES” və "VAZ 2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində zəncirvari yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sıxılı vəziyyətdə qalmış meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Yol-nəqliyyat qəzası zamanı 5 nəfər həyatını itirib.
Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”.