Oktyabrın 23-də Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçiləcək.
Qlobal.net modern.az-a istinadən xəbər verir ki, Binəqədi rayon məhkəməsində keçiriləcək iclasa hakim təyin edilib.
Belə ki, iş üzrə hakim Vüsal Tağıyevdir. Cinayət işi üzrə iki zərərçəkmiş tanınıb, bunlar Nurəddin Cəlilov və Nəzakət Paşayevadır.
Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Qeyd edək ki, bu maddə üzrə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.