Aftandil İsrafilov vəfat etdi
Tanınmış qarmon ifaçısı, Xalq artisti, "Şöhrət” ordenli Aftandil İsrafilov vəfat edib.
Bu barədə Qlobal.net-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində
anadan olub. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı
musiqi parçaları ilə milyonların qəlbini fəth edib.
O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki
Univetsiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağı
onun təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr etməsinə səbəb
olub.
A.İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış
”Zemfira”, "Kəmalə”, "Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə
qədər musiqi havasının müəllifidir.
O, Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna
xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti
fəxri adına, 2016-cı ildə "Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü
ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.