Afət Fərmanqızı Azərbaycana gələn kimi aeroportda saxlanılacaq
Afət Fərmanqızı Azərbaycana gələn kimi aeroportda polislər tərəfindən saxlanılaraq məhkəmə zalına gətiriləcək.
Bu barədə Qaynarinfo-ya Xalq artisti Flora Kərimovanın köməkçisi
müğənni Afət Fərmanqızı ilə bağlı olan məhkəmə qərarından danışarkən
deyib. Xalq artistinin köməkçisi həmin qərardan sonra Afət Fərmanqızının
Azərbaycana gəlmədiyini vurğulayıb:
"Binəqədi rayon Məhkəməsinin müğənni Afət Fərmanqızı barəsində
çıxardığı qərar polis idarəsinə gedənə kimi o, Azərbaycanı tərk edərək
Moskvaya getdi. Məsələ ilə bağlı Sərhəd Xidmətinə də müraciət ünvanladıq
ki, həmin qərardan sonra Afət Fərmanqızı Azərbaycan gəlib ya yox.
Xidmətdən hələ bizim müraciətə konkret olaraq cavab verilməyib. Hazırda
Afət Fərmanqızı Azərbaycanda deyil. Azərbaycana gələn kimi qanuna görə
polislər onu saxlamalı və bir başa məhkəmə zalına gətirilməlidir. Onun
məhkəmə zalına aparılması ilə bağlı da Flora Kərimovanın vəkilinə
məlumat verilməlidir”.
Afət Fərmanqızının hamilə olub-olmaması məsələsinə gəlincə, xalq
artistinin köməkçisinin sözlərinə görə, bunun üçün onun hər hansı bir
doğum evində, yaxud da qadın məsləhətxanalarından birində qeydiyyatda
olmalıdır:
"Afət Fərmanqızı bizə Moskvanın hanısa vilayətindən aldığı bir
kağız gətirib təqdim elədi. Orada ad və familiya belə yazılıb: A.
Hüseynova. Biz bilmədik bu kimdir? Afət Fərmanqızı Azərbaycan
vətəndaşıdır və bu səbəbdən də hansısa doğum evində qeydiyyatda
olmalıdır. Onun tədqim etdiyi sənəddən 6 ay keçir və sosial şəbəkədə
paylaşdığı videolardan hamilə olmadığı görünür. Hamilədirsə, gəlsin
Bakıya, hər hansı bir doğum evinə qeydiyyata yazılsın və bu barədə də
həkimin verdiyi rəyi məhkəməyə təqdim eləsin”.
Qeyd edək ki, bir neçə ay əvvəl Binəqədi rayon Məhkəməsi Xalq
artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi
ittiham qaydasında verdiyi şikayətlə bağlı qərar çıxarıb. Qərara əsasən
onun barəsində həbs nəzərdə tutulmadan axtarış elan olunub.
Xatırladaq ki, Flora Kərimova Afət Fərmanqızını Cinayət
Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə
ittiham etməklə böhtan atma) ilə ittiham edib. İttiham sübuta
yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.