Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib. Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşüb. Mərhumun cəsədi tapılsa da, övladının taleyi ilə bağlı məlumat yoxdur.
Qlobal.net bildirir ki, "Bizimmedia.az" müəmmalı şəkildə dünyasını dəyişən Adilə Mehdiyeva ilə bağlı bəzi təfərrüatları əldə edib. Adilə Mehdiyeva əslən Naxçıvandandır və ziyalı ailədə dünyaya göz açıb.
Onu tanıyanlar Adilənin həddinədən artıq mehriban,
tərbiyəli və savadlı qız olduğunu bildirirlər. Adilə Mehdiyeva
Azərbaycan Dillər Universitetini bitirib.
Daha sonra
magistratura təhsili almaq üçün Polşanın Lodz şəhərinə, təhsil alandan
sonra isə Vroslav şəhərinə köçüb. Orada yaşayıb və işləyib. Adilə
Mehdiyeva polyak dilini zəif bildiyi üçün insanlarla ingilis dilində
ünsiyyət qururmuş. Elə həmin şəhərdə beynəlxalq korporasiyada çalışan
fransız əri ilə tanış olur və izdivacları baş tutur. Ötən ilin
oktyabrında övladları Emil dünyaya gəlir. Məlumatlara görə cütlüyün
bərabərliyi uzun sürmür.
Dekabrın 17-də 29 yaşlı Adilə Mehdiyeva iki aylıq oğlu ilə yaşadığı mənzilini tərk edib və o vaxtdan telefonu susub.
Ailəsi
Adilə ilə əlaqə saxlaya bilməyib və o dəqiqə bədbəxt hadisənin baş
verdiyini ehtimal ediblər. İddialara görə ölümündən əvvəl Adilə
Mehdiyeva depressiv vəziyyətdən əziyyət çəkib. Hətta onun adı Vroslav
şəhərindəki reablitasiya mərkəzlərindən birində qeydiyyatda olub.
Onun
əri ilə münasibətlərinin heç də yaxşı səviyyədə olmadığı iddia edilir.
Hətta qadının ölümündə ərinin rolu ola biləcəyi ilə bağlı da şübhəli
məqamların olduğu ehtimal edilir
Qızının meyitinin çaydan
tapıldığını eşidən atası Nüsrət Mehdiyev olayın hərtəfəli araşdırılması
üçün Polşa hüquq mühafizə orqanlarına lazımi məlumatlar və videolar
təqdim edib. Bundan əlavə Polşa mətbuatının yazdığına görə qadının ailə
vəziyyəti ilə bağlı da müəyyən materiallar var ki, istintaqa təhvil
verilib.
Polşa mətbuatında çıxan məlumatlara görə qadının
övladı ilə birgə intihar etdiyi də deyilir. Amma bu da sadəcə istintaqı
aparan müstəntiqlərin təxminidir.
Bizim.Media Adilə Mehdiyevaya
yaxın ailə ilə əlaqə yaradıb. Bildirilib ki, gənc qadının ailəsi şok
içində olduğundan mediaya açıqlama vermək istəmir.