6512a99ace0cf202309235122
Ər-arvad benzin töküb özlərini yandırıblarmış... - Kürdəmirdəki DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI

Kürdəmir rayonunda ər və arvadının ölüm səbəbləri barədə müxtəlif versiyalar ortaya çıxır. Onlardan biri də odur ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. 

Qlobal.net xəbər verir ki, Lent.az hadisənin təfərrüatlarını araşdırıb. Hadisənin partlayışdan baş verməsi xəbəri özünü doğrultmayıb. 

Kənd sakinlərinin bildirdiyinə görə, V. Zərbəliyev dünən günorta saatlarında nahara gəlibmiş. Bu zaman yan otaqda həyat yoldaşının qışqırığını eşidib. 

Hadisə şahidlərinin dediyinə görə, yanan həyat yoldaşını xilas edərkən su əvəzinə çaşıb benzin töküb. Nəticədə hər ikisi yanaraq ölüb. 

Evdə vedrə ilə benzinin olmasının nə qədər inandırıcı olduğunu bilməsək də, nəticədə ər və arvad yanaraq dünyasını dəyişib. Kənd sakinlərinin verdiyi məlumata görə, bu daha çox intihar xarakterli hadisədir.


***

Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən günorta saatlarında rayonun Çöhranlı kəndində 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev və arvadı 35 yaşlı Şəbnəm ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar vəziyyətləri ağır olduğu üçün Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriliblər. Lakin az sonra ər və arvadı vəfat edib.

İlkin araşdırma zamanı məlum olub ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. Sonradan yanğına keçən partlayışda xəsarət alan şəxslər küçəyə çıxaraq kömək istəyiblər və qonşuları onları xəstəxanaya aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

26.09.2023 13:50
show 3386