667ba29ab2771202406240946

"Açıq-saçıq səhnələrə razılaşıram" - Səbinə Məmmədova

Qlobal.net xəbər verir ki, lent.az-ın müsahibi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası "Leylisi" Səbinə Məmmədovadır

- Sizi seriallarda tez-tez görürdük. Son zamanlar ekranlara yeni rollarla çıxmırsınız. Səbəb nədir?

- Yeni bir serial çəkilməlidir, bəlkə yenidən göründüm. Müəyyən müddətdən sonra insan seçici olur. Düzdür, görünməyə, çəkilməyə ehtiyac var, amma özümə müəyyən qadağalar qoyuram. Ya madiyyat olmalıdır, ya perspektiv, ya yaxşı ssenari, ya da o filmdə rol alacaq güclü sənətkarlar. 2012-ci ildən etibarən 8 il sərasər seriallara çəkildim. Pandemiyadan sonra çəkilməmişəm. Həm də teatr mənim üçün birinci yerdədir. Düzdür, yaradıcılığa seriallarla başlamışam, amma teatra gələndən sonra bir az o işi dayandırdım. Anam dedi enerjini bir tərəfə yönləndir, gördüyün iş də gözəl olsun. Bu sənətdə anamın həddən artıq dəstəyi var. Ona buradan təşəkkür edirəm. Mənə ana olub, həm ata. Anladım ki, yaxşı Leyli olmaq üçün teatrda yatmalıyam.

- Rollarınız sizə nə qazandırıb, nə itkilər vermisiniz?

- Qazancım daha çox olub. İnsan qazanmışam. Küçədə hələ də mənə Nuray deyib yaxınlaşanlar var. Serial vasitəsilə bir ailəvi dost qazanmışam. "Məryəm" serialından dostlaşdıq. "Bir ailəm var" serialındakı Sevgi obrazı Almaniyadan dost qazandırıb. O ailə qızlarının adını Sevgi qoyub. Bakıya hər gəlişlərində mütləq görüşürük. 
- Təxminən bir il öncə sizin də rol aldığınız "Leyli və Məcnun"a baxmışdım, onda gözümə daha böyük görünmüşdünüz... 

- Hə, 10 kilo vermişəm ondan bəri. Pandemiya məndə böyük stress yaşatmışdı, çox kilo almışdım. Düzünü desəm, səhnədə çox arıq adamlar görünmür sanki. Ümumi planda nazik taxta kimi gəlib keçirlər. Arıq qızlar məndən inciyəcəklər, amma aktrisanın da qabariti olmalıdır da. Leyla Bədirbəyli səhnəyə çıxanda əndamı ilə heyran edirdi. Düzdür, dövr dəyişib gözəllik standartları da dəyişib, yeni sistemlər əmələ gəlib. Hər halda kilolu da gözəl görünə bilər insan.

- Leyli rolunda da "Qağayı" tamaşasında da erotik səhnələriniz var idi. Kompleksləriniz yoxdur sanki...

- Əgər rejissor öz işini yaxşı bilirsə, həmin an üçün o vəziyyəti görürsə, açıq-saçıq səhnələrə razılaşıram.

- Bu an yadıma "Bəyin oğurlanması" filmindən Nəsibə Zeynalovanın dediyi o məşhur söz düşdü. "Doğrudan öpüşürsünüz ya yalandan"? Hansı aktyoru öpməyin fərqi var?

- Bəli (gülür). Həqiqətən öpüşdüyüm səhnələr olub. Düz qabaq sıradakıların önündə. Onlar yalanı necə hiss etməyə bilərlər ki? Qucaqlaşıb öpüşdük. Qarşımdakı enerjini ötürə bilirsə öpürəm.
Amma qarşımdakı aktyoru Şövqü Hüseynov, Mirsənan Kazımov, Bəhram Əliheydər kimi yox, Məcnun, Triqorin kimi görüb öpürəm. Onda baryer, kompleks aradan qalxır. Səhnədə çox sərbəst olan, gənc aktyor və aktrisalar azdır.

- Bu öpüşlərdən sonra duyğusal bağ yarana bilər?

- Əslində o qədər nəzəriyyəni öyrənib treninqlərdən keçmişəm ki, öpüşmə, erotik səhnələr texniki səhnələrə çevrilib. Bunun üçün Moskvada ayrıca təhsil almışam. Biomexanika deyilən bir şey var. Meyrxoldun biomexanika nəzəriyyəsinə görə, beyin obrazı o qədər mənimsəyir ki, müəyyən hadisələri qəhrəmanının hadisəsi kimi yaşayır. Bəzi monoloqlarım var ki, onları söyləmişəm və illər sonra taleyimdə bu dediklərimin yaşandığını hiss etmişəm. "Müharibə" tamaşasında qəhrəmanım Semira deyirdi ki, sevgiyə inanmıram, böyüyəndə tək yaşayacam, ərə getməyəcəm, dünyanı gəzəcəm. Bunların hamısını yaşadım. Beynimizi aldadırıq. Robot deyilik. "Mən öləndə ağlama" tamaşasında  psixi xəstə olan Leyla rolunu oynamaq üçün ruhi əsəb dispanserinə də getdim. Xəstələrlə ünsiyyətdə oldum. Onlarda gördüyüm xüsusiyyətləri özümə tətbiq etməyə başladım. Onlar kimi siqaret çəkdim, nə gəldi yedim. Bu tamaşaya görə 7 diplom aldım. Amma məni depressiyaya saldı. Antidepresantlar içdim, psixoloq yanına getdim. Sözlər enerjiyə çevrilir. Beyin alqaritmlər qurur özünə. Düzdür sonralar mən bundan meditasiya yolu ilə xilas oldum. Nə qədər texnika eləsək də, canlı orqanizmik, işim budur və hər gün məşqini edib hisslərii yaşadığım obrazların taleyini beynim yaşayır.

- Düzünü desəm hə. Nina Zaretsina rolunu oynamazdan öncə kredit alıb hadisələrin cərəyan etdiyi Pyatiqorsk şəhərinə getmişdim. Onun duyğularını dərindən hiss etmək üçün.

 - Bir az da "dəli" aktrisasınız sanki...

- Manyakcasına sevirəm öz işimi. Siz mənim məşqlərdə dizlərimi, dirsəklərimi görəydiniz. Dəfələrlə yıxılırdım, zədələnirdim, qolum dizim qapqara, yara içində. Bir dəfə Leylini oynayarkən nə edirdimsə rolun həyəcanını yaşaya bilmirdim. Gərginləşmişəm. Atamı oynayan aktyor məni necə itələdisə, yıxıldım, barmağım qaldı altımda, qırıldı. Xırçıltı səsini eşitdim. Tamaşanın bitməsinə 45 dəqiqə var. O yaralı barmağın ağrısı ilə səhnədə bir ağlayıram gəl görəsən. O əsnada düşündüm ki, Leyliyə xəyanət etdim, onun duyğularına görə yox, ağrıma görə ağlayıram. Gipsdə də rol oynadığım olub. Bir dəfə  ayağıma isti kofe tökdüm. Üstümü dəyişəndə dərim soyuldu. O halda belə səhnəyə çıxdım. Bəzi ağrılar işimizə xidmət edir. Buna inanıram. 

- Gözəl rəqs etməyiniz də var.

-  Xareoqrafiya məktəbini də bitirmişəm. Səkkizinci sinifə qədər baletlə məşğul oldum, sonra milli rəqslərimizlə. Boyum balaca olduğuna görə, Dövlər Rəqs Ansamblına götürmədilər. Rejissorluq üzrə ali təhsil aldım. Bu sənət yaşadığım coğrafiya kimi mənim taleyimdir. Azərpaşa Nemətov, Bəhram Osmanov, Mehriban Ələkbərova kimi gözəl rejissorlarla işləmək düşüb bəxtimə.

- Manyakca sevdiyiniz bu sənəti sevgiyə, bir kişiyə qurban verərdiniz?

- Yəqin ki yox. Elə bir sevgi olmalıdır ki, buna dəysin. Məhəbbətə inanmıram. Taleyə inanıram. Daha fəda vermək yaşında deyiləm. 33 yaşım var, sənətim üçün çox əmək vermişəm. Dünyanı gəzmiş, böyük səhnələrə çıxmış, çətinlikləri tək başına keçib, ayaq üstə durmağı bacarmış bir qadına "sənətini a" demək üçün ona çox böyük həyat verməlisən. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrının səhnəsində olmaq mənim üçün xoşbəxtlikdir. Sənət taleyimi düşünəndə çox narahat oluram.

- Sizin haqqınızda kaprizləri olan aktrisa sözləri də işlədilir

- Bu kaprizdən çox sənətimə, şəxsiyyətimə və başqalarının da işinə hörmətdir. Mənim tərəf müqabilim məşqə hazır gəlməlidir, geyimlərim düzgün seçilməlidir. Mənə qarşı ikiüzlü olanları, yaltaqlanmağı sevmirəm. Buna kapriz deyirlərsə qoy olsun.

26.06.2024 09:08
show 446