Cəmiyyət

Bu toya görə “Space TV”yə XƏBƏRDARLIQ EDİLDİ

Audiovizual Şurasının növbəti iclasında “Space TV” telekanalında yayımlanan “Banu” verilişi ilə bağlı məsələ müzakirə olunub.

Qlobal.net xəbər verir ki, Şura 2025-ci il oktyabrın 8-də efirə gedən proqramda qohum evliliyinə dair toy şənliyinin nümayişini nəzərdən keçirib.

Müzakirələr zamanı bildirilib ki, həmin süjet 1 iyul 2025-ci ildən qüvvəyə minmiş “Ailə Məcəlləsi”nə edilmiş dəyişikliklər fonunda qiymətləndirilməlidir. Qanuna əsasən, artıq ümumi baba və ya nənəyə malik olan qohum uşaqlar arasında nikah qadağandır.

Monitorinq nəticəsində məlum olub ki, “Space TV”də efirə gedən süjetdə yaxın qohumların toy mərasimi göstərilib. Kanala göndərilən sorğuya cavabda qeyd edilib ki, toy mərasimi yeni qanun qüvvəyə minmədən əvvəl, yəni 6 mart 2025-ci ildə baş tutub. Ancaq texniki səbəbdən həmin süjet bir neçə ay sonra, oktyabr ayında efirə verilib.

Məsələni nəzərdən keçirən Şura bunu redaksiya nəzarətinin zəifliyi kimi qiymətləndirib. Lakin kanal rəhbərliyinin pozuntunu etiraf etməsi və məsul əməkdaşa qarşı tədbir görülməsi nəzərə alınaraq “Space TV”yə yalnız rəsmi xəbərdarlıq edilib.

Audiovizual Şura televiziya kanallarını yayımladıqları proqramlarda qanunvericiliyə ciddi əməl etməyə çağırıb və monitorinqlərin davam etdiriləcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button