Cəmiyyət

Dərnəgül tikinti bazarının yanındakı qəsəbə də köçürülür – BÖYÜKŞORDA EVLƏR ÖLÇÜLÜR VƏ… / FOTO

Bir neçə gün öncə Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi məqsədilə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

İşçi qrupa ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafındakı ərazilərin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna şərait yaratmaq, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərini razılaşdırmaq və digər zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Məlumata görə, Dərnəgül tikinti bazarı da məhz bu proses çərçivəsində söküləcək və yaxın zamanlarda “Abşeron” Ticarət Mərkəzinə köçürüləcək.

Tikinti üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda söküntü işlərinin aparılması ilə bağlı məsələ müzakirə olunur:

“Bakı şəhərinin yeni Baş planına uyğun olaraq xüsusi İşçi qrupu yaradılıb. Həmin qrup qanunvericiliklə nəzərdə tutulmuş qaydada və Baş plana uyğun şəkildə bir neçə konsepsiyanın hazırlanması üzərində işləyir. Ərazi olduqca böyükdür – Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti və onların arasında yerləşən geniş sahə. Bu sahə əvvəllər sənaye zonası olub. Bildiyimiz kimi, Bakı şəhəri sovet dövründə sənaye mərkəzi olduğuna görə, şəhərin baş planı bir neçə dəfə dəyişdirilib. Hətta 1986-cı ildə qəbul edilən əvvəlki baş plana əsasən də Bakı sənaye şəhəri kimi nəzərdə tutulduğundan, həmin ərazilərdə bu tip layihələrin həyata keçirilməsi planlaşdırılıb. Həmin ərazidə olacaq layihələr barədə rəsmi məlumat yoxdur, danışıqlar davam edir”.

Qeyd edək ki, paytaxtın Nərimanov rayonundakı Böyükşor qəsəbəsi də Ziya Bünyadov və Heydər Əliyev prospektlərinin arasında yerləşir. Qəsəbə sakinlərinin sözlərinə görə, bir müddətdir ərazidə yaşayış evlərinin ölçülməsi işləri başlanıb. Ehtimal edilir ki, yaxın zamanda sakinlərin köçürülməsi və söküntü işləri başlayacaq.

(https://ednews.net/)

Related Articles

Bir cavab yazın

Back to top button