Adnan Əhmədzadə birdən-birə necə böyük varidat əldə etdi? – Tural Abbaslı açıqladı

Azərbaycanın strateji neft ticarəti sistemində on illərdir adı ön sırada çəkilən, Lionel Messini Bakıya gətirməklə gündəmə gələn, həyat yoldaşının sosial şəbəkələrdə nümayiş etdirdiyi dəbdəbəli həyatla gündəmin əsas simasına çevrilən Adnan Əhmədzadə artıq DTX təcridxanasında günlərini sayır.
Onu Bakıda, “Maybach” avtomobili ilə Formula-1 yarışına gəldiyi zaman qandallayıb Dövlət Təhlükəsizliyi Xidmətinə aparıblar. Ortada olan ittihamlar çox ciddidir və Adnan Əhmədzadənin taleyini alt-üst edəcək qədər ağırdır.
Səbayel Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən Adnan Əhmədzadənin işi təkcə şəxsi taleyi ilə məhdudlaşmır, bu, Azərbaycanın enerji təhlükəsizliyi, iqtisadi suverenliyi və hətta milli təhlükəsizlik məsələləri ilə sıx bağlıdır. Məlumatlara görə, Adnan Əhmədzadəyə qarşı xüsusilə böyük miqyasda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, hətta ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vurmaq ittihamları irəli sürülüb.
Ən qalmaqallı iddia isə onun Rusiya neftinin “qara bazar”da satışında iştirak etməsi və “Putinçi treyderlər” adlandırılan şəxslərlə əməkdaşlığıdır. Bu iddialar Azərbaycan-Rusiya münasibətlərinin ən həssas dövründə səsləndiyi üçün xüsusi rezonans doğurur.
Rusiya Telegram kanallarında Adnan Əhmədzadə ilə bağlı müxtəlif məlumatlar paylaşılmağa başlanıb. Kanallarda Adnan Əhmədzadənin hansı səbəbdən məsuliyyətə cəlb edildiyi barədə şərhlər və təhlillər aparılır. Ən son yayılan məlumatlara əsasən, Adnan Əhmədzadə Rusiya neftinin Avropaya ixracı üçün saxta sertifikatlar hazırlayıb və şirkətlər şəbəkəsi qurub. Həmçinin “kölgə donanması” ilə əlaqələr qurduğu bildirilir. Hadisədə adı hallanan Rusiya şirkətləri arasında “Lukoil”, “Tatneft”, “Sibur” və “Surgutneftqaz” kimi iri enerji nəhəngləri də yer alır. Məlumatı xüsusi xidmətlərə yaxınlığı ilə tanınan VÇK-OQPU Telegram kanalı yayıb.
Əlavə olaraq, mənbələr Adnan Əhmədzadənin Bakı neftinə kənar maddələr qatılması təxribatında da ittiham olunduğunu bildirirlər.
Tural Abbaslı
AG Partiya sədri Tural Abbaslı Adnan Əhmədzadəninin həbsinin əsassız olmadığını düşünür. Deyir ki, “od olmayan yerdə tüstü çıxmaz”: “Adnan Əhmədzadənin həbsinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən gerçəkləşdirilməsi ortada çox ciddi ittihamların, əsasların olduğunu göstərir. Hər halda, onu DTX-nın həbs etməsi burada təkcə maliyyə məsələlərinin olmadığını, dövlətin imici məsələsi ilə əlaqəlidir. Mümkündür ki, digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq məsələsi də var”.
Partiya sədri Adnan Əhmədzadəyə verilmiş səlahiyyətlər məsələsinə də toxunub: “Ona bu səlahiyyətləri kim vermişdi? Bu adam 2023-cü ilə kimi SOCAR-da işləyib. Bundan sonrakı dövrdə o, SOCAR-ın adından necə müqavilə bağlaya bilərdi? Şəxsin birdən-birə böyük varidat əldə etməsi onun həmin varidata dürüst yollarla sahiblənmədiyinə şübhələr yaranır. Belə “iş adamları”nın fəaliyyətinə həmişə şübhə ilə yanaşmışıq, zamanında Adnan haqda fikir deyəndə üstümüzə gəlir, nə dediyimizin mahiyyətinə varmadan onu bizdən müdafiə edirdilər. İndi isə dediklərimiz həqiqət olub, Adnanın müdafiəçilərinin isə səsi gəlmir”.
Partiya sədri Adnan Əhmədzadənin işi üzrə aparılan istintaqın bütün gerçəkləri üzə çıxaracağına əmin olduğunu bildirib: “Azərbaycan dünyada etibarlı enerji tərəfdaşı kimi tanınır. Bu imic dövlətin xarici siyasətində ən güclü arqumentlərdən biridir. Təəssüf ki, son qalmaqal – Azərbaycan neftinə xlorid qatılması təsadüfi texniki səhv və ya səhlənkarlıq deyil. SOCAR Azərbaycan iqtisadiyyatının ən strateji müəssisəsidir. Ötən aylarda baş verənlərə görə Rumıniya və İtaliyanın bir neçə neftayırma zavodu Azərbaycanla neft alqı-satqısına yenidən baxılacağını bildirdi. Qazaxıstan isə tranzit yolu ilə bağlı sualları aktuallaşdırdı. Bu, təkcə SOCAR-a yox, bütövlükdə Azərbaycana və onun imicinə vurulan zərbədir. Bu məsələlər diqqətli araşdırma tələb edir”.
Adnan Əhmədzadənin hüquqlarını Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev müdafiə edir. Vəkil Gününsəsi.info-ya deyib ki, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.
“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.
İctimaiyyətin diqqəti isə təkcə Adnan Əhmədzadənin taleyinə yox, həm də bu işin arxasında gizlənən böyük şəbəkəyə yönəlib. Musavat.com-un əldə etdiyi məlumata görə, “Adnan işi” çərçivəsində başqa şəxslər də saxlanılıb. Lakin məhkəmə qərarı olmadığı üçün onların adları açıqlanmır. Aydındır ki, bu həbs həm də siyasi və geosiyasi mesajdır. Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşdiyi dövrdə məhz Rusiya neft treyderləri ilə əməkdaşlıqda ittiham olunan yüksək səviyyəli bir şəxsin həbs olunması təsadüfi görünmür.
Adnan Əhmədzadənin özünə gəlincə, onun həyat hekayəsi Azərbaycan ictimaiyyəti üçün bir dərsdir. Dünən “Maybach”da Formula-1 yarışına gəlirsən, ertəsi gün həbsxana kamerasında göyərçinlərin pəncərəyə qonmasını izləyir.
Onun DTX təcridxanasında yaşadıqlarını vaxtilə orada saxlanılmış araşdırmaçı-jurnalist Pərviz Həşimli Musavat.com-a belə anladıb: “O qapılar bağlananda sənin bütün dünyan dəyişir. İtalyan dəbdəbəsi yox, dəmir qapıların cırıltısı qulağında qalır. Adnan da həmin anı yaşayıb. Nəzarətçilər sənin günahına baxmır, sadəcə, deyirlər: “Günahın var-yoxdur, bizim üçün bunun heç bir əhəmiyyəti yoxdur, burada qaydalara əməl etməlisən. Kamerada isə səni beton masa, dəmir oturacaq, açıq unitaz, əlçatmaz pəncərə gözləyir. İlk günlər başından intihar fikirləri belə keçir, amma sonradan öyrənirsən ki, pəncərənin şüşəsi qırılmaz plastikdir. Alüminium boşqab, bir çömçə manna, qaynar çay… Əvvəl boğazdan keçmir. İlk gecə isə yuxusuz keçir, ailən, uşaqların gözünün önünə gəlir. Sonradan bütün bunlara öyrəşirsən”.
Musavat.com