
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski arasında telefon danışığı olub, Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna zərbələr endirməsi, eləcə də Odessada SOCAR-ın neft bazasına hücum olunması məsələsi müzakirə olunub.
Qlobal.net Caliber.az-a istinadən xəbər verir ki, ölkə liderləri Rusiya silahlı qüvvələrinin bu hərəkətlərinə qarşı narazılıqlarını bildiriblər. Belə ki, əgər Rusiya Azərbaycanın maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirməyə başlayacaq.
Qeyd edək ki, Rusiya silahlı qüvvələri Ukrayna ərazisindəki Azərbaycana məxsus enerji obyektlərinə ardıcıl zərbələr endirməyə başlayıb. Bu vəziyyət Bakını cavab tədbirləri görməyə məcbur edir. Bütün bunlar ikitərəfli münasibətlərdəki böhranın daha da dərinləşməsinə səbəb olacaq.
Xatırladaq ki, 7-8 avqust 2025-ci il gecəsi Rusiya qoşunları Ukraynanın Odessa vilayətindəki Azərbaycanın SOCAR şirkətinə məxsus neft bazasına hücum edib. Rusiya SOCAR neft bazasına beş “Şahid” zərbə dronu göndərərək yanğına səbəb olub və dizel boru kəmərini zədələyib. Şirkətin dörd əməkdaşı ağır yaralanıb. Bu, son həftələr ərzində Azərbaycanla əlaqəli Ukraynadakı obyektlərə qarşı ikinci hücumdur. Daha əvvəl Orlovka yaxınlığındakı qazpaylayıcı stansiya hədəf alınmışdı ki, bu da 28 iyun tarixində Ukraynaya Azərbaycan qazının nəqlinə başlayan Transbalkan qaz kəmərinin əsas elementidir.