Vəfa Şərifova kimi müğənnilər cəmiyyət üçün nümunəvi şəxslər deyillər – Samiraldo

Əsasən, müğənni Vəfa Şərifovanın geyindiyi demək olar ki, hər libasda əlcəkdən istifadə etməsi izləyicilər arasında suallar yaradıb. Bu cür geyimlər təkcə tamaşaçı marağı deyil, həm də zövq, uyğunluq və funksionallıq baxımından sual altına alınıb. Bəziləri bunu fərqli obraz yaratmaq cəhdi kimi qiymətləndirsə də, digərləri zövqsüzlük və qeyri-peşəkarlıq kimi qəbul edir.
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən stilist Samir Əliyev (Samiraldo) bildirib ki, əlcəklər hazırda dəb tendensiyası deyil: “Hazırda trenddə əlcəklərdən istifadə məsələsi yoxdur. Vəfa Şərifova və ya digər sənətçilərin gündəlik olaraq əlcək istifadə etməsi dəbdən xəbər vermir. Əlcəyi adətən yaşı bir az çox olan xanımlar istifadə edir ki, əllərindəki qırışlar kobud görünməsin. Bu istidə əlcək taxırlarsa, düşünürəm ki, ya əllərində, ya da qollarında yanıq və ya başqa problem var. Yoxsa yayın bu günündə niyə hər geyimlə əlcək istifadə olunsun ki?!”
Stilist əlavə edib ki, əlcəklər adətən xüsusi tədbirlər və axşam məclisləri üçün nəzərdə tutulur:
“Həmin əlcəkləri adətən axşam məclislərində və ya müəyyən tədbirlərdə dəbli görünmək üçün istifadə edirlər. Əgər bunu gündəlik tərzdə, məsələn cinslə kombin edirlərsə, deməli doğrudan da hansısa problemi ört-basdır etmək istəyirlər. Vəfa Şərifova kimi müğənnilər cəmiyyət üçün nümunəvi şəxslər deyillər. Ona görə də narahat olmağa dəyməz. Əgər bu əlcəklərdən zövqlü sənətçilərimiz – məsələn, Zülfiyyə Xanbabayeva və ya Brilliant Dadaşova səhnədə istifadə etsələr, onda bu trenddən danışmaq olar. Bildiyim qədərilə Brilliant xanım geyimlərində belə əlcəklərdən istifadə edib və onun obrazında maraqlı görünüb”.
Əliyevin sözlərinə görə, zövq sadəcə bahalı geyimlə ölçülmür:
“Mənə görə, bəzi müğənnilərin nə geyimlərində, nə ifalarında, nə də yaratdıqları obrazlarda zövq var. Bahalı geyim onların görünüşünü xilas etmir. Beş manata paltar geyinən adam onlardan daha zövqlü görünə bilir. Zövq bahalı etiketlə ölçülmür. Məsələn, Aygün Kazımovanın 40 dərəcə istidə səhnəyə şuba ilə çıxmasına təəccüblənmişdim. Amma sonra gördüm ki, bu onun seçdiyi obrazın bir hissəsidir, şou elementidir. Təbii ki, bu geyimi gündəlik olaraq geyinsəydi, o zaman normal qarşılanmazdı”.