Ana südünün faydaları
Ana südünün faydaları
Ana südü yeni doğulmuş körpələr üçün qida mənbəyidir və körpələrin immun sistemini gücləndirən, böyümə və inkişafı dəstəkləyən mühüm komponentləri ehtiva edir.
Qlobal.net bildirir ki, Antikorlar, fermentlər, əvəzolunmaz yağ turşuları, probiyotiklər və hormonlarla zəngin olan ana südü körpəni infeksiyalardan qoruya, tənəffüs yolları xəstəliklərinin, allergiyanın və həzm problemlərinin qarşısını ala bilər.
1)İmmuniteti Gücləndirir:
Ana südü, immun sistemini gücləndirən IgA, IgG, IgM, laktoferrin və lizozim kimi maddələrdən ibarətdir. IgA, körpənin tənəffüs və həzm sistemində patogenlərin qarşısını alaraq, onların orqanizmə daxil olmasına mane olur. Bu şəkildə, ana südü körpəyə təbii immunitet qazandıraraq, onu xəstəliklərdən qoruyur.
2)Həzmi Yaxşılaşdırır:
Ana südü, laktoza, zərdab və kazein zülalları ilə zəngin olub, körpənin asanlıqla həzm etməsini təmin edir. İçindəki fermentlər bağırsaq florasını dəstəkləyir və həzm problemlərini, məsələn, qaz və qəbizliyi azaldır. Ana südü ilə qidalanan körpələrdə mədə boşalması daha sürətli və həzm problemləri inək südü əsaslı formula ilə müqayisədə daha az olur.
3)Bağırsaq Xəstəliklərindən Qoruyur:
Ana südü, probiotik və prebiyotik xüsusiyyətləri ilə bağırsaq sağlamlığını dəstəkləyir, körpələri nekrotizan enterokolit (NEC), Crohn xəstəliyi və irritabl bağırsaq sindromu (İBS) kimi xəstəliklərdən qoruyur. Oliqosakaridlər, bağırsaq florasının inkişafına kömək edərək zərərli bakteriyaların çoxalmasını əngəlləyir.
4)Ağrı Kəsici Təsir Göstərir:
Tərkibində beta-endorfin olan ana südü ağrı kəsici təsir göstərə bilər. Ana südü zamanı ifraz olunan oksitosin hormonu ana və körpəni rahatlaşdıra və stress səviyyəsini azalda bilər.
5)Xərçəngə Qarşı Qoruma Yaradır:
Ana südü, estrogen səviyyələrini və immun sisteminin komponentlərini balanslaşdıraraq xərçəngin inkişafını əngəlləyə bilər. Ana südü ilə qidalanma analarda döş xərçəngi və yumurtalıq xərçəngi riskini azaldır. Bu, döş xərçəngi riskini 26%, yumurtalıq xərçəngi riskini isə 30% azalda bilər.
6)Ürək Sağlamlığına Kömək Edir:
Ana südü, həm körpə, həm də ana üçün ürək-damar xəstəliklərinə qarşı profilaktik təsir göstərir. Tərkibindəki omeqa-3 yağ turşuları, lipidlər və antioksidantlar körpənin damar sağlamlığını qoruyaraq, sonrakı yaşlarda ürək xəstəliyi riskini azalda bilər. Ana südü verən analarda isə qan təzyiqi daha balanslı olur və pis xolesterol (LDL) səviyyələri azalır.
7)Şəkər Xəstəliyi Riskini Azaldır:
Ana südü, insulinə həssaslığı artıran hormonlar və metabolik tarazlığı tənzimləyən komponentlər ehtiva edir. Bu, körpələrdə və ana südü ilə qidalanan insanlarda Tip 2 diabet riskini azaldır. Ən azı 6 ay əmizdirən analarda 2-ci tip diabetin inkişaf riski 47% azala bilər. Həmçinin, ana südü ilə qidalanan körpələrdə qan şəkərinin tənzimlənməsi daha yaxşıdır və insulin müqavimətinin inkişaf riski azalır.
8)Sümük Əriməsinin Qarşısını Alır:
Ana südü ilə qidalanma zamanı ananın kalsium ehtiyatlarında müvəqqəti azalma olsa da, bədən sümük sıxlığını bərpa edir və uzun müddətdə osteoporoz riskini azaldır. Menopoz sonrası süd verən qadınlarda sümük sıxlığı daha yüksək ola bilər.
9)Əvvəlki Çəkiyə Daha Tez Düşülür:
Ana südü, doğuşdan sonra kilo verməyə kömək edən təbii bir prosesdir. Ana südü istehsalı gündə orta hesabla 500 kalori yandıraraq maddələr mübadiləsini sürətləndirə bilər.
10)Uşaqlıq Qanaxmaları Daha Az Müşahidə Olunur:
Doğuşdan sonra uşaqlığın bərpasında ana südü ilə qidalanma rol oynayır. Əmizdirmə zamanı ifraz olunan oksitosin hormonu uşaqlığın tez öz əvvəlki vəziyyətinə qayıtmasına kömək edir və doğuşdan sonrakı qanaxmanı azalda bilər.
Səbinə
Qlobal.net