Tarix

Azərbaycanın ilk qadın snayperi Ziba Qəniyeva – Ona Sovet İttifaqı Qəhrəmanı adı niyə verilmədi?

Ziba Paşa qızı Qəniyeva 1923-cü il avqustun 20-də dünyaya gəlib.

Qlobal.net bildirir ki, bəzi mənbələr onun doğulduğu yer kimi Şamaxını göstərsə də, “Xalqın şücaəti” layihəsində Qazaxıstanın Çimkənd şəhəri, Azərbaycan Sovet Ensiklopediyasında isə Özbəkistanın Gülistan şəhərində doğulduğu qeyd olunub. Atası Paşa Qəniyev azərbaycanlı müəllim və tərcüməçi, anası isə özbək olub. 1937-ci ildə anası repressiya edilib, atası isə qızının həyatını xilas etmək üçün ondan imtina edib.

Ziba məktəbdə oxuyarkən rəqsə maraq göstərib. Fəhlə fakültəsində oxuyarkən zərifliyi və bacarığı ilə həmyaşıdlarından fərqlənib. Xalq yaradıcılığı evində yorulmadan məşq edərək bu sənəti peşəsinə çevirməyi qarşısına məqsəd qoyub. Rəqs müəlliminin təşəbbüsü ilə 1937-ci ildə Daşkəndə gedib, Filarmoniyanın xoreoqrafiya şöbəsində təhsil almağa başlayıb.

1940-cı ildə Moskvaya gedərək Teatr Sənəti Dövlət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. Lakin İkinci Dünya müharibəsi planlarını dəyişib. Müharibə başlayan kimi minlərlə tələbə ilə birlikdə o da cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edib. Tibb bacılığı öyrənib, cərrahlara yardım edib, yaralıları sarıyıb. Sonra atıcılıq kursuna göndərilib, pulemyot və snayper silahları ilə davranmağı, kəşfiyyat bacarıqlarını mənimsəyib. Gecələr optik nişanlı tüfənglə məşq edib, xizək sürməyi və sambo fəndlərini öyrənib. 1941-ci il noyabrın 7-də Moskvada keçirilən hərbi paradda iştirak edib. Parad bitən kimi cəbhəyə yollanıb. Onun cəbhədə göstərdiyi şücaət müharibə dövründə və sonrakı illərdə qəzetlərdə geniş işıqlandırılıb. Tanınmış yazıçı Boris Polevoy “Pravda” qəzetində onun haqqında yazıb. Teatr institutundakı müəllimi və cəbhə yoldaşı Aleksandr İsbax isə “Zvezda” jurnalında Zibanın döyüşlər zamanı şeir oxuduğunu və rəqs etdiyini xatırlayıb.

Ziba 1941-ci il oktyabrın 16-da Fəhlə-Kəndli Qızıl Ordusuna qoşulub. Çağırış yeri Moskva vilayətinin Krasnopresnenskiy rayonu olub. Leninqrad və Şimal-Qərb cəbhəsində döyüşüb. Ratsiyaçı-kəşfiyyatçı kimi düşmən arxasına keçərək vacib məlumatları ötürüb. Taburun ən bacarıqlı snayperi (snayperist) kimi tanınıb.
1942-ci ilin yazında Şimal-Qərb cəbhəsində aktiv döyüşlərdə iştirak edib. Rəfiqəsi Nina Solovey ilə birlikdə snayper hərəkatına rəhbərlik edib. 1942-ci ilin yanvarında 3-cü Moskva Kommunist atıcı taburunun bazasında 130-cu atıcı tabur yaradılıb. Ziba həmin taburun tərkibində 151-ci moto-atıcı kəşfiyyat batalyonunda snayper-kəşfiyyatçı kimi fəaliyyət göstərib. 1942-ci ilin aprelindən may ayının sonuna qədər 20 alman əsgərini, o cümlədən iki zabiti snayperlə vurub. Murmantsevanın “Böyük Vətən Müharibəsində Sovet qadınları” kitabına görə, qısa müddətdə 21 faşist məhv edib. Rəssam Tahir Salahovla söhbətində Ziba özü 129 faşist öldürdüyünü deyib.
1942-ci il mayın 23-də Leninqrad vilayətinin Bolşoye Vraqovo kəndi uğrunda döyüşdə şücaət göstərib. Tank tağımının hücumundan sonra düşmən geri çəkiləndə Ziba 9 nəfərlik qrup təşkil edərək onları atəşə tutub, 6 almanı məhv edib. Sonra dəstəsi ilə sovet əsgərlərinin hücumunu dəstəkləyib. Kəndə yaxınlaşarkən düşmənin mövqe tutduğu binadan atəşə tutulub. Ziba düşmənin arxasına keçərək onu zərərsizləşdirib. Bu zaman başlayan bombardmanda qəlpə yarası alıb. Sarıldıqdan sonra dərhal alay komandirinə məruzə verib.

Onun şücaəti Sovet İttifaqı üzrə tanınıb. Qəzetlərdə fotoları və snayperlə 20 düşməni öldürdüyü qeyd olunub. Qadınları vətənin müdafiəsinə səsləyib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 1942-ci il iyulun 16-da “Qırmızı Bayraq” ordeni ilə təltif olunub.

1942-ci ildə ağır yaralanan Ziba döyüş yoldaşları Fyodor Kirilov, Yakov Kolyako və Nina Solovey tərəfindən meydandan çıxarılıb. Təyyarə ilə Moskvaya göndərilib. Burada müalicə olunub. Ziba İkinci Dünya müharibəsində 129 faşist məhv edib. “Qırmızı Ulduz” ordeni və “Moskvanın müdafiəsinə görə” medalı ilə təltif olunub. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülə bilərdi, lakin anasının repressiyaya məruz qalması onun bu mükafata təqdim edilməsinə mane olub…

Murad
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button