
İran və İsrail, əslində 1979-cu ildəki İslam İnqilabına qədər bir-biriylə sülh içində yaşayırdı.
Hətta 1948-ci ildə qurulan İsrail dövlətini tanıyan ikinci islam ölkəsi İran idi. İsraili tanıyan ilk müsəlman ölkə Misir olmuşdu.
O dövrdə monarxiya ilə idarə olunan ölkənin başında Pəhləvi sülaləsi var idi və İran Yaxın Şərqdə ABŞ-ın ən böyük müttəfiqlərindən biri sayılırdı.
Bu səbəbdən İsrail dövlətini quran ilk hökumət rəhbəri David Ben-Qurion ərəb qonşularının yeni yəhudi dövlətini təcrid etməməsi üçün İranla dostluğa can atırdı.
Ancaq 1979-cu ildə Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi ilə baş verən İslam İnqilabı nəticəsində şah taxtdan endirildi.
Yeni hakimiyyət ABŞ və onun müttəfiqi İsrailin “imperializmini” rədd edən, təzyiq altında olan torpaqları müdafiə etməyə əsaslanan bir dövlət qurmağa çalışdı.
Ayətullah Xomeyni rəhbərliyində ölkə İsraillə olan bütün əlaqələri kəsdi və İsrail vətəndaşlarının pasportlarını tanımaqdan imtina etdi.
Tehrandakı İsrail səfirliyi ələ keçirildi və bina İsrail hökumətinə qarşı mübarizə aparan və Fələstin dövləti qurmaq istəyən Fələstin Azadlıq Təşkilatına verildi.
BBC-yə danışan İran üzrə ekspert Əli Vaezin sözlərinə görə, İran rejimindəki liderlərin əksəriyyəti əvvəllər fələstinlilərin tərəfində olub, məsələn, Livan kimi bölgələrdə partizan müharibəsinə dəstək verib.
Bu səbəbdən onlar Fələstin məsələsinə böyük rəğbət bəsləyir və İsrailə qarşı düşmənçilik hissləri də buradan qaynaqlanır.
Vaezin fikrincə, yeni İran “müsəlman ərəb ölkələrinin diqqət yetirmədiyi Fələstin məsələsinə dəstək verən pan-islamçı bir güc kimi” özünü göstərmək istəyirdi.
Doğrudan da, Xomeyni Fələstin məsələsini öz şəxsi məsələsi kimi təqdim etməyə başladı və Tehranda Fələstini dəstəkləyən genişmiqyaslı yürüşlər keçirilməyə başladı.
Digər tərəfdən, bu dövrdə İsraildə İrana qarşı açıq düşmənçilik 1990-cı illərə qədər ortaya çıxmadı, çünki həmin vaxt İraqdakı Səddam Hüseynin varlığı bölgədə daha böyük bir təhdid kimi görülürdü.
1980–1988-ci illər arasında üzə çıxdı ki, ABŞ İraqa qarşı aparılan müharibədə istifadə olunan silahları gizli şəkildə onun qonşusu İrana yönləndirib.
Bu qalmaqalla əlaqələndirilən “İran-Kontra” adlı təşkilatlanmada İsrail hökuməti vasitəçi rolunu oynayırmış.
Zaman keçdikcə, İsrail və İran arasındakı sözlü rəqabət açıq düşmənçiliyə çevrildi.
İsrail-İran arasındakı “gizli müharibə”

Sünnilərin və ərəb ölkələrinin üstünlük təşkil etdiyi İslam dünyasında şiə kimliyi ilə tək qaldığını hesab edən İran bəzi strategiyalar hazırladı ki, öz ərazisində düşmənlərinin hücumuna məruz qalmasın.
Tehranın maraqlarına uyğun silahlı fəaliyyətlər həyata keçirən təşkilatlar şəbəkəsi formalaşdı.
ABŞ və Avropa İttifaqının “terrorçu” kimi tanıdığı livanlı Hizbullah təşkilatı bu şəbəkənin başında gəlirdi.
İranın “Müqavimət oxu” adlandırdığı bu şəbəkə Livan, Suriya, İraq və Yəmənə qədər uzanırdı.
İran ilə İsrail arasındakı gərginliyin “gizli müharibə” kimi xarakterizə olunmasının əsas səbəbi bu idi ki, iki ölkə bir-birinə müxtəlif əməliyyatlarla hücum edirdi, amma hökumətlər bunun məsuliyyətini rəsmi şəkildə öz üzərinə götürmürdü.
İran və onun müttəfiqlərinə qarşı açıq şəkildə düşmənçilik etməyə çəkinən İsrail də üçüncü ölkələrdə İran tərəfdarlarına qarşı mübarizə aparan silahlı qruplara maliyyə dəstəyi verirdi.
Hizbullah lideri Abbas əl-Musəvinin öldürülməsindən sonra diqqətlər İsrailə yönəlmişdi.
Bunun ardınca, 1992-ci ildə İranın dəstəklədiyi İslami Cihad təşkilatı Buenos Airesdəki İsrail səfirliyinə bomba hücumu təşkil etdi. Bu hücum nəticəsində 29 nəfər həyatını itirdi.
İsrail İranın nüvə proqramının qarşısını almaq məsələsində uzun zamandır ki, həssaslıq göstərirdi.
Nüvə proqramı üzərində çalışan alimlərə qarşı bəzi hücumlardan İsrail kəşfiyyatı məsul tutulurdu.
Ən son 2020-ci ildə Möhsün Fəxrizadə Məhəbbadi sui-qəsd nəticəsində öldürüldü.
İsrail iyunun 13-nə qədər iranlı alimlərə hücumlarda əli olduğuna dair iddiaları qəbul etməyib.
İsrail və Qərb müttəfiqləri keçmişdə İranı onların ərazisinə pilotsuz uçuş aparatları və raket hücumları təşkil etməkdə günahlandırıb.
Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayanda münasibətlər yenidən gərginləşdi.
Qərb kəşfiyyat qurumları İranı Suriyanın o vaxtkı Prezidenti Bəşər Əsədin ordusuna silah yardımı göstərməkdə günahlandırdı. Əsədin ordusu üsyançılara qarşı apardığı mübarizə aparırdı.
İsrail isə iddia edirdi ki, İran Livanda yerləşən Hizbullaha silah göndərmək üçün qonşusu Suriya ərazisindən tranzit yolu kimi istifadə edir.
ABŞ mərkəzli kəşfiyyat platforması Stratfor həm İsrailin, həm də İranın Suriyada bir-birinə qarşı genişmiqyaslı əməliyyatlar keçirdiyini iddia edirdi.
2021-ci ildə iki dövlət arasındakı “gizli müharibə” dənizə qədər uzandı.
İsrail Fars Körfəzində gəmilərinə edilən hücumlara görə İranı məsul tutdu.
İran isə Qırmızı dənizdə gəmilərinin hədəf alınmasına görə İsraili günahlandırdı.
Həmasın İsrailə hücumu

2023-cü il, oktyabrın 7-də Fələstindəki Həmas təşkilatının İsrailə hücum etməsindən sonra ekspertlər narahatıydılar ki, bundan sonra bölgədə gərginlik zəncirinə çevrilə biləcək hadisələr başlayacaq.
İsrail və İran arasındakı gərginliyin də bundan sonra birbaşa və açıq müstəviyə keçiriləcəyindən ehtiyat edilirdi.
7 oktyabrdan sonra Livan sərhədində Hizbullah və İsrail arasında bir ildən çox davam edən qarşıdurmalarda Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi də daxil olmaqla, ağır itkilər verildi.
İsraillə Livan arasında 2024-cü il, noyabrın 27-də atəşkəs qüvvəyə mindi.
Tərəflər illərlə birbaşa qarşıdurmadan yayınsalar da, ötən il iki ölkə arasında qarşılıqlı hava hücumları baş verdi.
Son olaraq, iyunun 13-dəki hücumda İsrail yalnız İranın hərbi bazalarını vurmaqla kifayətlənmədi, həm də yüksək rütbəli komandanları hədəf aldı.
İranın dövlət mediası hücum nəticəsində Baş Qərargah rəisi Məhəmməd Bakıri və İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlaminin öldüyünü bildirdi.
Bundan əlavə, sabiq İran Atom Enerjisi Təşkilatının rəhbəri Ferudin Abbasi və İslam Azad Universitetinin rektoru Muhammed Mehdi Tehranchinin də Tehrandakı hücumda öldürüldüyü qeyd olundu.
İsrail ordusu açıqlayıb ki, İranın “İsrail ərazilərinə göndərdiyi təxminən 100 PUA-nın (pilotsuz uçuş aparatı) hücumunun qarşısını almaq üçün tədbir görüb”.
İrana edilən hücumlardan sonra İsraildə fövqəladə vəziyyət elan edilib.
Mənbə: BBC.COM