Şeyx Şamil niyə ruslara təslim olmuşdu? – Qız gəlini məscidə yığır və…

1855-ci ildə I Nikolayın oğlu II Aleksandr taxta çıxır.
Qlobal.net xatırladır ki, Çar Qafqaz komandanlığını möhkəmləndirir, buraya əlavə olaraq 250 min nəfərlik qüvvə göndərir. İki il sonra Şamilin vəziyyətində tənəzzül daha da güclənir, dağlıların rus imperiyasına qalib gəlmək əzmi zəifləyir, Şamilin nüfuzu getdikcə azalır. Şeyx naiblərinin və müridlərinin hər gün ondan üz döndərmələrinin ağır mənəvi yükü altında İçiqala aulunu tərk edir. Ən çox etibar bəslədiyi iki naibi – Kibit Mohumanın və Danyal bəyin ruslara satılması ona ağır zərbə olur. 1859-cu ildə Şamilin son sığınacağı olan Qunib mühasirəyə alınır. Rus komandanı təslim üçün elçi göndərəndə, Şeyxin tələbi belə olur: Məkkəyə getməyimə tam sərbəstlik verilsin. Avqustun 24-də böyük hücum başlayır və Şamilə son şans kimi 15 dəqiqə vaxt verilir. Knyaz elçinin heç bir təklifini qəbul etmir. Yeganə güzəşt – təcili təslim olsa, ailəsi salamat qalacaq.
Nəhayət bir dəstə ixtiyar üləma Şamili dövrəyə alır: Bizi yaxşı eşit, İmam. Hər şeyimiz qurtarıb. Bir üskük barıtımız belə yoxdur. Dini biz də sənin qədər bilirik. Burdakı günahsız uşaqları, qadınları, qocaları məhv etməyə sənin ixtiyarın yoxdur. Aclığa qarşı hamımız qarnımıza daş bağlayırıq. Ruslar bizə sərbəst çıxıb getmək imkanı verirsə, bu fürsəti niyə əldən buraxmalıyıq?
Şeyxin başı əyilmişdi, deyəcəyi ilk sözü tapa bilmirdi.
– Bu təklifinizə hamınız fitva verirsinizmi?
Hamı təsdiq edir.
Şamil:
– Döyüşü davam etdirmək istəyən varmı?
Dinən olmur.
Baryatinskinin əmrindən sonra hər bir əsgər Şamili diri tutmaq arzusu ilə hücuma can atırdı. Bu xəbər aula vəlvələ salır. Qadınlar saçlarını didərək onu ayaqları altına döşənir, ətəklərindən öpürlər. Ona yalvarırlar ki, təslim olsun.
Həyəcanlanmış Şamil odla su arasında qalmışdı: bir tərəfdən şərəflə Allah dərgahına getmək, Məhəmmədin ona vəd etdiyi cənnət, digər tərəfdən isə rüsvayçılıq!
Rəvayət olunur ki, Şamil əlində qılınc müridləri ilə şəhid olmağa hazırlaşırdı. Amma qadınların, qızların düşmən əlinə keçəcəyini bugünkü qüruruna, sabahkı ruhuna bağışlaya bilmir. Qız gəlini məscidə yığıb, oğlu Qazi Məhəmmədə əmr edir ki, gavur əlinə keçməmək üçün qadınların başlarını vursun. Qazi Məhəmməd dəhşətlə əlini qılıncına aparır, anasının qarşısında quruyub qalır. Şamil oğluna qışqırır ki, cəld tərpənsin. Şeyxin sevimli qızı Nəfisət irəli atılıb qardaşına deyir:
– Əvvəlcə mənim başımı vur, cəld ol, atamı incitmə!
Şamil dözə bilmir, üzünü qolları arasında gizlədir ki, göz yaşlarını görən olmasın. Və birdən oğluna qışqırır: “saxla”.
– Bu günahsız can-ciyərlərimi xilas etmək üçün təslim oluram.