Atasından borc istəyən azərbaycanlı nazir – Onun ölümü hələ də gizli qalır

Nəsib bəy Yusifbəyli AXC-də nazir olarkən maddi çətinliklər çəkir və Gəncədə yaşayan atasından borc pul istəyir. Atası isə belə deyir:
“Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsil alıb Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Amma sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedib Seymin maarif naziri oldun. Aldığın pulla yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin burada da maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə də məndən pul istədin. Həmişə də göndərdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. Sənə o pullardan göndərdim. Bu gün isə Baş nazirsən. Dövlət başçısısınız, yəni, ölkənin padişahı olmusunuz. Yenə də bağının qamışını mən alım?!””.