Taksi qiymətləri 2 dəfə bahalaşdı: Sentyabrdan isə…
Azərbaycanda bir aydan çoxdur taksilər yeni qaydalarla fəaliyyət göstərir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra xidmət keyfiyyətinin yüksəlməsinin müşahidə edildiyini deyib. O, paytaxtda taksi sayının 2 dəfə azaldığını, 67-70 mindən 35 minə endiyini qeyd edib.
Məlumdur ki, yay mövsümüdür. Bakıda təhsil alan minlərlə tələbə tətildədir, həmçinin, yay ayları olduğu üçün məzuniyyətdə olan işçilərin də sayı çoxdur. Yəni taksilərin sayının 2 dəfə azalması hazırda qıtlıq yaratmasa da yeni mövsümdə bunu demək çətin olacaq. Bununla belə, əvvəllər sifariş verdikdə ünvana 3-5 dəqiqə ərzində gələn taksilər indi sifarişi daha gec yerinə yetirirlər.
Qlobal.net xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hazırda taksilərin sayı 2 dəfə azaldığı kimi, qiymətlər də 2 dəfə artıb: “Nazirlik əməkdaşı, nazir müavini özünə uyğun verdiyi qərarların nəticəsi ilə yaxşı fikir səsləndirir, reallıqları nəzərə almır. Amma başa düşmək lazımdır ki, paytaxtda taksilərin sayının azalmasına baxmayaraq, xidmətdə elə də ciddi keyfiyyətə nail olunmayıb. Çünki elə həmin köhnə nəqliyyat vasitələri xidmətdədir və avtomobil parklarında heç bir yenilənmə müşahidə olunmur. Əksinə, az qala qiymətlər 2 dəfə bahalaşıb. Bu isə birbaşa taksi xidmətinin çatışmamazlığı ilə bağlıdır”.