Gəncədə çayxanada 40 qəpikdən qumar oynayan 83 yaşlı kişi saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin post patrul əmkdaşları 10 qəpik çay pulundan qumar oynayan 3 nəfəri saxlayaraq şöbəyə aparıb.
Polis tərəfindən saxlanılan şəxslərdən biri də 19 avqsut 1948-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Nadir (şərti) adlı şəxs olub. Polis onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi protokol tərtib edərək işi məhkəməyə göndərib.
Məhkəmədə ifadə verən 83 yaşlı Nadir özünü təqsirli bilməyərək deyib ki, Abbas Səhhət küçəsində yerləşən çayxanaya çay içmək üçün gedib:
"Tanımadığı digər şəxslərlə bir stolda əyləşib. Əyləşdikdən sonra stolun üstündə 40 qəpik pul görüb. Həmin pulun çay üçün veriləcək pul olduğunu zənn edib. 83 yaşında olmasını, oyun oynayarkən heç bir maddi marağının olmamasını nəzərə alaraq, barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edib”.
Məhkəmənin qərarı ilə Nadir barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.