8 Mart – Beynəlxalq Qadınlar Günü sevgi, hörmət və minnətdarlıq duyğularının ifadə edildiyi xüsusi bir gündür. Bu əlamətdar gün üçün yazılmış şeirlər qadınların fədakarlığını, gözəlliyini və gücünü tərənnüm edir. Sevdiklərinizə bu bayramda duyğularınızı ifadə etmək üçün gözəl və mənalı şeirlər təqdim edirik:
8 martdır anacan
Lap tezdən oyanmışam
Əllərimdə gül çiçək
Qarşında dayanmışam.
8 martdır anacan
Gəl öpüm üz-gözündən
And içirəm heç zaman
Mən çıxmaram sözündən.
Nüsrət Kəsəmənli
------------------
Çox mübarək, anacan.
Bu sevimli bayramın.
Yüksəlmisən əməklə,
Dillərdədir ad-sanın.
Layla çaldın sübhədək,
Beşiyimin başında.
Sən ömrümə mayaksan,
Olsam neçə yaşında.
Tumarlasan saçımı,
Ucalaram dağ kimi.
Böyüsəm də sevərsən,
Sən məni uşaq kimi.
____________________
“8 martdır anacan!
Qoy öpüm üz-gözündən,
Daha uşaq deyiləm,
İndi böyük qızam mən!”
Xatırladınmı ana?
Söyləyərdim bu şeiri hər bayramda qarşında!..
İndi o məktəbli qız,
O bəxtəvər, qayğısız qızın çatıb yaşına
Amma heç böyüməyib…
Uşaqkən danışdığın xoşbəxtlik nağılları,
O göyçək Fatmaları hələ də örnək alır
bu çağda, bu yaşında,
Axı ana, ay ana!
Sən niyə öyrətmədin öz sadəlövh qızına?!
Bu həyat masal deyil,
Onun ağrılarına dözüb ayaqda qalmaq
çətindir, asan deyil…
8 martdır anacan…
Nədəndisə, bu bayram keçmişi vərəqlədir,
İlləri dilləndirir.
Xatirələr anbaan dillənir göz önündə
Qələm də acizləşir boğazacan yığılmış,
Deyilməyə can atan yaralı söz söz önündə
Bayramımızdı, ana!
Oxuyub bu sətirləri kövrəlmə sözlərimdən,
8 martdır, anacan,
Öpürəm gözlərindən!
----------------------
Bu gün 8 mart günü,
Bu gün sənin bayramın
Təbrikini qəbul et,
Sənə candan yananın
Həyatımın mənası
Aynasısan sən ana
Mənə həyat bəxş edib,
Böyütdün yana-yana
Əzəl gündən varlığım,
Müqəddəsimsən mənim
Sən ey övlad yolunda
Şam kimi əriyənim
Hansı varlıq qarşında
Baş əyməyib heyrətdən
Ana, biraz yaxın gəl
Qoy öpüm gözlərindən
Səndə olan ətri mən
Heç bir güldə duymadım
Nədən desən doyaram
Ana, səndən doymadım
Sən mənə yanan kimi
Sənə yana bilsəydim
Özümü bu dünyanın
Ən xoşbəxti sanardım
Uca tut ki, başını
Vüqar sənə yaraşır
Səni məğrur görəndə
Sevincim həddən aşır
Ana, mənə layla çal,
Nəğmə de həzin-həzin
Ana elə gül ki, sən
Bu dünya silkələnsin
Daim səni şad görüm,
Qəm gözündən silinsin
Ana birdə qəh-qəh çək
Yer kürəsi titrəsin
Titrəsin, silkələnsin,
Məhvərindən titrəsin
Sən gül ki, asimandan
Qoy gülüm səpələnsin
___________________
Qadındır hər evin yanan çırağı
Hər güclü kişinin arxa dayağı
Qadınsız həyatın yoxdur marağı,
Qadınlar bayramınız mübarək olsun!
Ürəyi təmizdir,ruhu təmizdir,
Xəyalı bir nur tək sonsuz dənizdir,
Qadın bir anadır, ana əzizdir.
Qadınlar bayramınız mübarək olsun!
Kədər yaşı düşməsin gözdən yanağa,
Acı söz gəlməsin dilə, dodağa,
Öyrəşə bilmərik sizsiz yaşamağa,
Qadınlar bayramınız mübarək olsun!
Fidan
Qlobal.net