“Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayev açıqlaması ilə diqqət çəkib.
“AStar” layihəsinə danışan bəstəkar müğənni Tacir Şahmalıoğlunun “Bayatı-Şiraz” mahnısını özünün bəstəsi kimi təqdim etməsinə etirazını bildirib.
O ifaçının bu hərəkətini qınayıb. Onun sözlərinə görə, Tacir qatıldığı bütün tədbirlərdə bu ifanı özünün bəstələdiyini bildirir.
“Tacir kimdir ki, Bayatı-Şirazın improvizasiyasını yazsın” – deyə Murad Rzayev qeyd edib. Murad Rzayev Tacirin 6-7 yaşlarında sadəcə bu mahnını ifa etdiyini, lakin improvizasiya etmədiyini vurğulayıb.
Mövzu ilə bağlı Medianews.az-a açıqlama verən tanınmış müğənni Tacir Şahmalıoğlu Murad Rzayevin verilişdə danışdıqlarının yalan olduğunu bildirib: “Dövlətimiz də çox gözəl görür ki, mən “Bayatı-Şiraz” ifamda can qoymuşam. O ki, qaldı Murad Rzayevin haqqımda söylədiklərinə, o, yaşlaşıb. Nə qədər istədim ki, bir söz deməyim amma bu çıxışından sonra danışmağa qərar verdim. Çünki o məni həmin verilişdə təhqir edib, ünvanıma lazımsız sözlər deyib. Mən “Bayatı-Şiraz”-ın müəlliflik hüququnun sertifikatını almışam. Kənardan 100 söz-söhbət də olsa, mənə təsir etməz. Murad Rzayev həmin verilişdə 95 faiz hər şeyi yalan danışır. O deyir ki, Tacir mənim yanıma o vaxt özü gəlib. Sənin başına, ağ saçlarına yaraşmır axı bu! 77 yaşında insan yalan danışar? Mən sənin yanına gələndə heç 6 yaşım tamam olmamışdı. 6 yaşı tamam olmayan bir uşaq dərnəyə necə gələ bilər? Bu dərəcədə absurd, haqsız və yalan danışmaq onun 77 yaşına yaraşmır. Elə deyir ki, 6 yaşında uşaq nə bilir ki, Betxoven kimdir? İmprovizə nədir? Mən həmin ifanı 11-12 yaşımda oxumuşam, 6 yaşımda yox”.
T.Şahmalıoğlu deyib ki, “Bayatı-Şiraz” 1976-cı ilin sonlarında yaranıb: “Ona qədər biz dünyanı gəzmişdik. Dirijor Niyazi, Tofiq Quliyev, Zeynəb Xanlarova, Həbib İsmayılov kimi sənətkarlarla bir səhnə bölüşürdük, onlardan tövsiyələr alırdıq. Mən 7 illik piano məktəbini oxumuşam. 11 yaşımda Çaykovskinin, Betxovenin, Fikrət Əmirovun əsərlərini ifa edirdim. 2 aydan bir Heydər Əliyev Sarayında konsertlər verirdik. Yüzlərlə ansambıllar görürdük, ariyalar eşidirdik. Həmin verilişdə bu şəxs çox yalanlar danışır. O danışır, amma fikirləşmir ki, dediklərində məntiq yoxdur. Bu insanın özü yalançıdır! Onun həyatı yalan-dolanla keçib. Körpə vaxtlarımdan onun yanında olmuşam. Cavanlığını da, orta yaşlarını da görmüşəm, qocalığını da siz görürsünüz! Bu qədər də yalan olmaz. Onu da efirə çıxarırlar, ağzına gələni danışır. O vaxt efir mədəniyyəti, etikası vardı. Hər kəs çıxıb efirə ağlı-başına danışa bilməzdi. İndi bizim efirlərimiz də biabırçı gündədir. Efirin qaydalarına riayyət etmək lazımdır”.
Tacir Şahmalıoğlu vurğulayıb ki, “Bayatı-Şiraz”-ı özü yaradıb: “Bunu hamı bilir. Bir yalanı da budur ki, deyir mahnını bəstələyəndə başqalarına verdim oxusunlar, Tacirdə alındı. Bu da yalandır. Guya Arzu oxuyub, Arzuda alınmayıb. Əgər bu ifanı Arzu oxuyubsa, görüntüləri göstər, sübut et! 1975-ci ildə Arzu ansambıla gəldi, 1976-cı ildə səsi batdığı üçün çıxıb getdi. “Bayatı-Şiraz” 1976-cı ildə yaranıb. Arzu necə oxuya bilərdi? Mən bu improvizəni Betxovenin əsərindən ilhamlanıb etmişəm. Bu istəyimi Murad Rzayevə deyəndə müəllim kimi mənə yol göstərib. Düşüncə də, bəstə də mənimdir. Bu insanın həyatında bir bəstəsi olub. O da Nüsrət Kəsəmənlinin sözlərini Zeynəb Xanlarovanın “Dünyanın xoşbəxti mənəm dünyada” mahnısının musiqisi üstündə oxuyub. O mahnı Zeynəb xanımındır. 1970-ci ildən rəhbəri olduğu “Qarabağ bülbülləri” ansambılı fəaliyyət göstərir. Artıq 2025-ci ildir. 2025-ci ilə qədər niyə bir “Bayatı-Şiraz” yaratmadın?! Yaradardın da! Yarada bilməz axı! Mənim kimi, məndən də gözəl səsli insanlar gəlib-getdi. “Bayatı-Şiraz” sənin idisə, niyə məndən sonra gələnlərin birinə öyrədə bilmədin?! Sən ən yaxşısı sus! Haqqıma girmə!”