Tarix

700-ə yaxın uşağı ölümdən xilas edən adam – O, bunu niyə hamıdan gizlədirdi?

Nikolas Vinton (Sir Nicholas George Winton) – İkinci Dünya Müharibəsi dövründə qəhrəmanlıq və insanlıq nümunəsi göstərmiş britaniyalı humanist idi.

Qlobal.net bildirir ki, o, 1939-cu ildə Çexoslovakiyadan 669 yəhudi uşağını xilas etməklə tarixə “Britaniyalı Şindler” kimi düşdü. Onun bu böyük fədakarlığı onilliklər sonra – təsadüfən aşkara çıxanda bütün dünyanı heyran etdi.

Uşaqları xilas edən qəhrəman

Nikolas Vinton 1909-cu il 19 mayda Londonda alman- yəhudi əsilli bir ailədə anadan olmuşdu. Bank sektorunda işləyən Vinton 1938-ci ilin sonunda Çexoslovakiyada baş verən hadisələrdən – yəhudilərə qarşı artan təzyiqlərdən xəbər tutdu. Almanların Praqanı işğal etməsi ərəfəsində minlərlə ailə uşaqlarını təhlükəsiz ölkələrə göndərməyə çalışırdı.

Vinton bu vəziyyətə biganə qala bilmədi. O, 1938-ci ilin dekabrında Praqaya getdi və orada “British Committee for Refugees from Czechoslovakia” təşkilatının dəstəyi ilə uşaqlar üçün xilas planı hazırladı.

“Kindertransport” əməliyyatı

Nikolas Vintonun planı Böyük Britaniyaya yəhudi uşaqları təhlükəsiz şəkildə aparmaq idi. O, saxta sənədlər, pasportlar hazırlatdı, sponsorlar tapdı və Britaniya hökumətindən icazə aldı.

1939-cu ilin martından avqustuna qədər – cəmi bir neçə ay ərzində – 669 uşaq qatarla Praqadan Londona gətirildi. Təəssüf ki, sentyabrda müharibə başlayanda sonuncu – 8-ci qatar hərəkətə keçə bilmədi və içərisindəki 250 uşaq nasistlərin əlində qaldı. Onlardan demək olar ki, heç biri sağ qalmadı.

Sükutla keçən 50 il

Müharibədən sonra Nikolas Vinton bu hadisələr barədə danışmadı. O, ailə həyatı qurdu, bank işində çalışdı və sadə bir həyat sürdü. 1988-ci ildə həyat yoldaşı Greta evlərində köhnə bir dəftər tapdı. Bu dəftərdə uşaqların adları, şəkilləri və ailə məlumatları qeyd olunmuşdu. Greta bu sənədləri BBC-yə təqdim etdi.

1988-ci ildə “That’s Life!” adlı televiziya proqramında Vinton studiyada əyləşmişdi. Aparıcı onun yanında oturan tamaşaçılara müraciət etdi:

“Buradakılardan kimlər Nikolas Vintonun xilas etdiyi uşaqlardandır?”
Bütün zal ayağa qalxdı. Bu an televiziya tarixinin ən təsirli səhnələrindən biri kimi yadda qaldı.

Son illər və mükafatlar

Vinton 2003-cü ildə “Britaniya İmperiyasının Cəngavəri” (Sir) unvanına layiq görüldü. O, həmçinin Çex Respublikasının “Ağ Aslan Ordeni” ilə də təltif olundu.

Nikolas Vinton 2015-ci ilin 1 iyulunda, 106 yaşında dünyasını dəyişdi. O, ölümünə qədər təvazökar qaldı və qəhrəman sayılmaqdan imtina etdi.

Vintonun xilas etdiyi uşaqların nəvələri və nəticələri bu gün dünyanın müxtəlif yerlərində yaşayırlar. Onlar özlərini “Vintonun uşaqları” adlandırırlar. 2011-ci ildə onun həyatı haqqında “Nicky’s Family” adlı sənədli film, 2019-cu ildə isə “One Life” adlı bioqrafik film çəkildi.

Tofiq
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button