"7 dost qucaqlaşıb özlərini partlatdı" - Hadrutda qəhrəmanlıq dastanı
Onlar
adlarını bu qoca dünyanın yaddaşına öz qanları ilə yazmış igidlərdir.
Bir anadan doğulmasalar da, doğma qardaşdan daha yaxın, ölərkən qanları,
cisimləri bir-birinə qarışmış, şücaətləri ilə düşməni belə heyran
qoymuş yeddi şəhid, bir qazi oğuldan danışacağıq. 8 qəhrəman barədədir
bu dastan.
Hadisə 1997-ci ildə, atəşkəs dövründə baş verib. Düz 26 il əvvəl.
Uzun müddət Azərbaycanda çoxlarının onların qəhrəmanlığından xəbəri
olmayıb. Hadisə gizlədilib, sirr kimi saxlanılıb. Amma "heç nə
unudulmur, heç kim yaddan çıxmır” deyən adam haqlıymış. Onlar da
unudulmadılar. 8 oğulun qanı tökülmüş torpaqları ziyarət etmək üçün sübh
tezdən yola düşürük Yolumuz Hadrutadır. Yol yoldaşlarımız 8 igidin
ailə üzvləri, onlar haqqında "Əbədi yaşayanlar” adlı kitab yazmış
jurnalist Jalə Cəfərova, bu igidləri yetişdirmiş komandir, bir zamanlar
Xüsusi Təyinatlı Kəşfiyyat Qrupunun N saylı hərbi hissə komandirlik
edən, ehtiyatda olan polkovnik Xətai Baxışovdur. Öz dediyinə görə,
yetirmələri arasında çoxlu sayda yüksək rütbəli zabitlər var və onlardan
biri də general-leytenant Mayis Bərxudarovdur. Səfər zamanı onunla da
görüşmək qismət olacaq.
İlk baxışda dəmir kimi sərt, soyuq görünən bu adam şəhid anaları
ilə söhbətdə ipək kimi yumşaq, mülayim olur, hər birinə "anam”, "bacım”
deyə müraciət edir. Avtobusa minən şəhid ailələrinin üzvləri bir-birləri
ilə yüz ilin doğmaları kimi öpüşüb görüşürlər. Söhbət zamanı məlum olur
ki, elə həqiqətən ailə kimidirlər. Bu illər ərzində bir-birləri ilə
ovunub, təsəlli tapıb, doğmalaşıblar. Xeyir-şər məclisləri bir olub,
qopmayıb, ayrılmayıblar. Dilə asan gəlir, amma 26 il həqiqətən bir
igidin ömrüdür. Aramızda 26 yaşlı bir gənc də var. Ləzgi balasıdır.
Şəhid leytenant Vüqar Yarəhmədovun yadigarı Vüqar Yarəhmədov. Atası
öləndən 6 ay sonra dünyaya gəlib. Onun qanı tökülən torpağı üzünə
sürtmək üçün yola çıxıb o da.
26 il öncə olanlar
1997-ci il aprel ayının 7-də Ermənistan ordusunun Azərbaycan
torpaqlarında dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı
qüvvəsi, döyüş texnikaları haqqında məlumat toplanması məqsədi ilə
Xocavənd rayonu istiqamətində düşmən arxasına 8 nəfərlik bir qrup
göndərilir. Leytenant Elxan Ağayev, leytenant Vüqar Yarəhmədov,
çavuşlar Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov,
Fariz Cavadov və Aqil Əhmədov.
8 gənc döyüşçülərdən ən kiçiyinin 20, ən böyüyünün 24 yaşı vardı. Aralarından yalnız biri evlənmişdi, xanımı hamiləydi.
3 gün düşmən arxasında meşələrlə, dağlarla dərələrlə yol gedib
məlumat toplamışdılar. Düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr
irəli keçilmişdi. Gözəgörünməz olmalıydılar. Bu onların ilk tapşırığı
deyildi. Həmişə tapşırığı yüksək səviyyədə yerinə yetirib geri
gəlmişdilər. O gün isə mərhəmətlərinin qurbanı oldular. Geri dönərkən
qoca bir erməni qadın görmüşdü onları. Meşədə giləmeyvə yığırmış.
Öldürməliydilər, lakin qadına əlləri qalxmamışdı. Və mərhəmət etdikləri o
qarı bir qrup kəşfiyyatçı gördüyünü xəbər verir, düşmən böyük silahlı
dəstələrlə kəşfiyyatçıların axtarışına çıxır.
Polkovnik Xətai Baxışovun Lent.az-a danışdıqlarından:
"Bu igidləri mən yetişdirmişdim, döyüş tapşırığına da mən
göndərmişdim. Yerləri aşkarlandıqdan sonra düz üç gün onlar ermənilərin
mühasirəsində müxtəlif manevrlər edərək döyüşdülər. Ermənilərin
mövqelərinə ciddi zərbələr vururdular. Təmas xəttinə ermənilərin
danışıqlarını izləmək məqsədi ilə radio danışıqları tuta bilən xüsusi
cihaz aparmışdıq. Baş verənlərdən xəbərdar idik. Lakin müdaxilə etmək
mümkün deyildi. Dövr atəşkəs dövrüydü. Kəşfiyyatçılarımız özləri
vəziyyətdən çıxmalı idilər. Onlar düşmənlə qeyri-bərabər döyüşə girib,
son güllələrinə qədər igidliklə vuruşdular. Döyüş zamanı Aqil Əhmədov
çox ağır yaralanıb huşunu itirir. Yoldaşları öldüyünü düşünürdülər. Onu
təndirin içində gizlədirlər ki, döyüş bitincə gəlib götürsünlər. Aqili
gizlətdikləri yerdən təxminən yarım kilometr uzaqda mühasirə halqası
daralır, sursatları bitir. Düşmən təslim olmağı tələb edir. Lakin
oğullarımız ölümü seçirlər. Qucaqlaşıb, əllərində olan tək qumbara ilə
özlərini partladırlar. Bu şəkildə ölümə atılmanın dünya döyüş tarixində
analoqu yoxdur. Hətta ermənilər özləri belə bizim əsgərlərin
hərəkətindən heyrətə düşmüşdülər. Qəribədir ki, düşmən sona qədər böyük
igidlik göstərərək, vuruşmuş oğullarımızı ehtiramla dəfn edib,
meyitlərini təhqir etməyib. Sonrakı dövrlərdə öz əsgərlərini bizim
şəhidlərin Hadrut ərazisindəki məzarları üstünə gətirərək, onları nümunə
göstəriblər”.
Hadisələrin tək şahidi Aqil Əhmədov gözünü açanda özünü düşmənlərin
əhatəsində görüb. Dostlarının məzarı başında o günləri gözləri
dola-dola xatırlayır: "Ağlımız kəsmirdi, igidlik nədir. Bir onu bilirdik
ki, getməliyik, tapşırığa əməl etməliyik. Cavan idik. Qanımız dəli
axırdı. İstəyirdik Vətən üçün nələrsə edək, özümüzü göstərək. Əsirlikdə
olanda düşmən zabitləri məndən tez-tez soruşurdular ki, sizə hərbi
xidmətdə necə dərs deyirlər, nə öyrədirlər ki, o oğlanlar elə qucaqlaşıb
özlərini partladıblar? Yaşamağı da seçə bilərdilər. Cavab verə
bilmirdim. 20 yaşım var idi onda. 21 yaşım əsirlikdə tamam oldu. Ağlım
başqa şey kəsmirdi. Vətən üçün ölmək lazımdırsa ölməlisən. Bu qədər.
Əsla düşünmürdük ki, biz ölsək, ailələrimiz nə edəcək?”.
"Ölən kəşfiyyatçılara ehtiram göstərən düşmən sağ qalan əsirlə necə davrandı, işgəncə verdi?” - deyə soruşuram.
Aqil qızarır, üzünü şəhid bulağı başında ağı deyən analardan birinə çevirir və pıçıldayr.
"Onlar 7 oğul itiriblər, mən çəkdiyim işgəncələrdən danışsam, ayıb
olmazmı? İncitdilər. 2 dəfə əməliyyat etmişdilər məni. Birində huşsuz
idim, xəbərim olmayıb. İkinci dəfə keyidici dərman vurmadan qarnımı
yarıb bağırsaqlarımı tikirdilər. Qəsdən incidirdilər. Deyirdim, insan
deyilsinizmi? Bir dəfəlik öldürün. Məhkəməm olmuşdu, ölümə məhkum
eləmişdilər. Hər dəfə saxlanıldığım kameranın qapısı açılanda düşünürdüm
ki, öldürməyə aparırlar. Verilən işgəncələr sağlığıma zərbələr vurdu.
Bəlkə gələn il bura, qardaşlarımın qanı tökülən yerə gələ bilmədim heç.
Amma boş şeydir. Bir istəyim var, onlar unudulmasın. Qazini də unutmaq
olar, müharibə iştirakçısını da. Amma şəhidlər unudulmamalıdır ” -
deyir.
Bu döyüşlərdən sonrakı 6 ay ərzində ailələr itkin düşmüş oğulları
barədə xəbər ala bilmirlər. Hadisə atəşkəs dövründə baş verdiyi üçün
məsələ ictimaiyyətə açıqlanmır. Lakin dövlət səviyyəsində sağ qalan
Aqilin geri alınması və şəhidlərin cəsədlərinin geri alınması üçün
danışıqlar aparılır.
Hadisədən altı ay sonra, oktyabrın 14-də Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin səyi nəticəsində şəhidlərimizin cəsədləri
erməni əsgərlərin cəsədləri ilə dəyişdirilir. Oktyabrın 16-da onların
nəşi Bakıya gətirilir və II Şəhidlər Xiyabanında yan-yana dəfn edilir.
1998-ci ilin iyun ayında həlak olan 7 şəhid "Azərbaycan Bayrağı ordeni"
ilə təltif edilib.
Aqildən isə uzun müddət xəbər almaq olmur. Hamı onu ölmüş bilirdi.
Ermənilər özləri hadisəni ictimailəşdirincə, 23 ay əsirlikdə qalmış
Aqil beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Vətənə xəbər göndərə
bilir. Prezident Heydər Əliyevin səyləri nəticəsində o iki cəsədi və bir
canlı əsirlə dəyişdirilərək, geri alınır. Döndükdən sonra Aqilin
yaxınları bu hadisələr barədə jurnalist, QHT rəhbəri Jalə Cəfərovaya
danışırlar. Jalə xanım şəhid ailələri ilə yaxından tanış olub onlar
haqqında kitab yazır, musiqi bəstələyir. Sonrakı illərdə "8 oğul
istərəm” adlı sənədli film də çəkilir.
Hadruta çatırıq. Onların döyüşdüyü əraziyə maşınla getmək
imkansızdır. Bir kilometrə qədər məsafəni piyada gedirik. Qoşa
çinarların altında xatirələrini əbədiləşdirmək üçün xatirə bulağı
tikilib, əvvəlki məzarlarının yerində simvolik bir məzarlıq yaradılıb.
Şəhidlərin ailələri təkcə bu məzarlara yox onların qanları çilənmiş hər
yerə qərənfillər düzürlər. Dinarın yol boyu gözlərini bir nöqtəyə dikib,
susan, sanki bu dünyada deyilmiş kimi hər şeyə laqeyd nəzərlərlə baxan
qoca anası çinarların dibinə çatınca dilə gəlir, ağı deyir.
Bu dağlar ulu dağlar
Çeşməli sulu dağlar
Burda oğullar ölmüş
Göy kişnər bulud ağlar...
O, Dinarın qarda geyinilən ağ rəngli "masxalatını” (qarda geyinilən
kamuflyaj paltarı) qoruyub saxlayıb. Oğlunun iyi getməsin deyə yumayıb
da. Vəsiyyət edib ki, öləndə kəfən əvəzinə o xalata büküb dəfn etsinlər.
Şəhid Fariz Cavadovun qardaşı Eyvaz Cavadov: "Orta məktəbi qurtarıb
əsgər getmişdi. İdmançı görünüşlü, qıvraq oğlan idi. 3 il 7 ay qulluq
elədi. Mayis Bərxudarovun komandanlığı altında xidmət eləmişdi. Həmişə
onun haqqında komandirlərindən, yoldaşlarından yaxşı sözlər eşidirdik”.
Şəhid leytenant Elxan Ağayevin qardaşı İlham Ağayev: "Elxan düşdüyü
kampaniyaların ürəyi idi. Şən, deyən-gülən, zarafatcıl oğlan idi. Özü
könüllü yazılmışdı cəbhəyə. 19 yaşı vardı onda. Laçında, Ağdərənin
alınmasında iştirak etmişdi. 1995-ci ildə Türkiyəyə komando məktəbinə
getdi. Leytenant rütbəsi aldı, rota komandiri oldu. O Vətən üçün ölümə
igidlik kimi yox, adi vəzifə kimi baxırdı”.
Vüqar Yarəhmədov: Mən atamı xatırlamıram. Bir onu bilirəm ki, onun
adı mənim ömür yolumu şərəfləndirib. Atamın şəhadətindən 6 ay sonra
dünyaya gəlmişəm. Bu gözəl insanla tanış ola bilmədim, amma onunla ömrüm
boyu qürur duydum.
Şəhid Anar Rzayevin anası Ziyafət xanım: "Uşaq vaxtı bir az qorxaq
uşaq idi. Bu otaqdan o otağa keçməyə qorxardı. Amma əsgərliyə gedincə
çox dəyişdi. Onun böyüyüb qəhrəman olacağını haradan biləydim. Zarafatla
deyirdi ki, daha sizin yox, Yaşmanın oğluyam. Oğlum şəhid olanda 42
yaşım var idi. Böyük vəzifəli generallar gəlmişdi qapımıza. Əyilib
əlimdən öpdülər. Elə cəsur oğlum olduğuna görə. Qəhrəman olmaq üçün
şərait lazım imiş. Anar o şəraitdən istifadə elədi”.
Şəhid Dinar Mustafayevin bacısı: "Biz öncələr ancaq Dinarın
itkisini düşünürdük. Buna faciə kimi baxırdıq. Amma dağları yaxşı görmək
üçün onun dibinə gəlmək yox, uzaqda dayanmaq lazımdır. Müəyyən zaman
keçəndən sonra anladıq ki, necə bir qəhrəman çıxıb bizim evimizdən.
Yanımızdaykən biz qardaşımızı tanımamışıq. Ölümündən sonra yenidən tanış
olduq”.
Bu gün bu igidlərin ailələrinin yalnız bir istəkləri var. Onların
adlarının əbədiləşdirilməsi üçün xatirə kompleksinin yaradılmasını və ya
Bakıda hansısa bağın, parkın onların adını daşımasını istəyirlər.
Əslində düşmənin belə nümunə götürdüyü bu hadisəni dərsliklərimizə
salmaq, daha geniş işıqlandırmaq, çox gözəl bədii film çəkmək olar.
Hər dəfə qəhrəmanlardan söz düşəndə Koroğlu deyirik, Babək deyirik.
Amma əsrlər sonra Azərbaycan tarixi onlardan da igid, onlardan da
ürəkli oğullar yetişdirib. Gələcəkdə igid oğul deyəndə gənclərimizin
Anar, Dinar, Vüqar, Aqşin, Elxan, Nizami, Fariz, Aqil demələri üçün biz
bu dastanı nəsildən - nəsilə ötürməyə borcluyuq.