"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən
iclasında Əmək Məcəlləsi və bir sıra müvafiq qanunlara təklif edilən
dəyişikliklər müzakirə edilib. Yeni dəyişikliklərə əsasən, ümum təhsil
müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin
sertifikatlaşdırmada iştirakı könüllüdür". Qlobal.net xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun
sözlərinə görə, dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə
çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi
sertifikatlaşdırmağa cəlb edilə bilməz.
"Bu halda müəllim yalnız öz istəyi ilə sertifikaşladırmada
iştirak edə bilər. İclasda çıxışım zamanı sertifikalaşdırma prosesinin
təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflərimi təqdim etdim. Əvəlla,
müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi
müsbət hal olsa da, meyarların sayının artırılmasına ehtiyac var.
Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır
və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o
cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır.
Sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun
olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi
sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və
müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır.
Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha
çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il
deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki
sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə, o
zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya
bilər".