60 ildən çoxdur ki, keçi tükündən corab toxuyur

Türkiyədə Trabzonun Çarşıbaşı rayonunda yaşayan 74 yaşlı İdris Sağlam həm ənənəvi toxuculuq sənətini yaşatması, həm də xəstə həyat yoldaşına göstərdiyi qayğı ilə ətrafında böyük hörmət qazanıb.
Medialoq.az xəbər verir ki, Kadıköy məhəlləsində yaşayan Sağlam artıq 64 ildir keçi tükünü əl üsulu ilə ipə çevirərək ondan yun corablar toxuyur. Bölgədə demək olar ki, unudulmaq üzrə olan bu ənənəni yaşatmaq üçün çalışan Sağlam gününün çox hissəsini dörd şişlə toxumaqla keçirir.
Eyni zamanda səhhətində ciddi problemlər olan xanımı Hanifə Sağlama ev işlərində də kömək edir. Təmizlik, yemək və digər işlərin çoxunu öz üzərinə götürərək 55 illik həyat yoldaşını heç tək buraxmır. O, çətinliklərə baxmayaraq ailə həyatında sevginin, sadiqliyin və zəhmətin gözəl nümunəsini göstərir.
“Corab toxumaqdan zövq alıram” – deyən Sağlam bildirir ki, uzun illər çobanlıqla və heyvandarlıqla məşğul olub, son 10 ildə isə arıçılığa keçib.
Həyat yoldaşının ağciyər problemi səbəbindən tez-tez xəstəxanaya getdiklərini deyən Sağlam bunları söyləyir:
“Hər ay bir-iki dəfə xəstəxanaya aparıram. Adətən infeksiya qalxdığı üçün 10 gün yatırırlar. Sonra yenə kontrol. Daim get-gəl halındayıq”.
Ev işlərini də çox zaman özü görən usta ustalığını belə izah edir:
“Həyat yoldaşıma “yat, çayı mən dəmləyirəm” deyirəm. Süfrəni düzürəm, sonra onu çağırıram. Bəzən o qab yuyur, bəzən mən. Neçə ildir belə davam edir”



