672dbaf13d687202411241705
44 gündə tarix yazan müəllim: "Müharibəyə gedəndə heç kimlə sağollaşa bilmədim"

Bu gün Zəfər gündür Günüdür. Bu gün həsrətimizin bitdiyi, başımızın ucaldığı, səsimizin, gücümüzün dünyaya çatdığı gündür. Bu gün sübut günüdür. 

Zəfərimizdə əməyi olan, canını qoyan, arxasına belə baxmadan irəli atılan igidlərin hesabına bu torpaq bizimdir. 

Müharibədə iştirak edənlərdən biri də İsmayıl İbrahimxəlilovdur. O, Şəki rayonu İkinci Biləcik kənd tam orta məktəbində həm tarix müəllimi, həm də direktor müavini kimi fəaliyyət göstərir. 

İsmayıl müəllim 2020-ci ildə müharibədə Baş leytenant rütbəsində çalışıb. 

Zəfər yolundan, müharibədə yaşadıqlarından bəhs etməsi üçün AzEdu.az İsmayıl müəllimlə həmsöhbət olub.

“Döyüş yoldaşlarımın bir çoxu şəhid oldular...”,- deyə İsmayıl müəllim sözə başladı.

- Oktyabrın 7-də müharibəyə çağırılanda heç kimlə vidalaşmaq imkanım olmadı. Məktəbdə olanda mənə dedilər ki, hərbi komisarlığa gəlməlisiniz. Dərsdən çıxıb komisarlığa getdim. Onda üzərimdə nə hərbi bilet, nə vəsiqə var idi. 

Dedilər ki, səfərbərliyə görə müharibəyə çağırılırsınız. Dedim ki, lap yaxşı, yollandım evə. Evimiz kənddə olduğu üçün axşam saat 5-6-da evə gəlib çatdım. Elə yenicə çatmışdım ki, zəng etdilər ki, vəsiqəni və hərbi biletini götür gəl, sabah səhər 7-də çıxırıq. Tez-tələsik getdiyimə görə heç kimlə sağollaşa bilmədim.  

- Bir günün içərisində müharibəyə gedəcəyinizi ailənizə deyəndə onların münasibəti necə oldu? 

- Övladlarımın o vaxt yaşı az idi. Biri 8-də, biri 2-ci sinifdə təhsil alırdı. Müharibəyə getməyimdən narahat idilər. 

Uşaqlar məyus olduğunu bilsəm də, arxama baxmadım. Onsuz da bizim kənddən 14 nəfər müharibəyə gedirdi. “Baxın tək mən getmirəm”, deyib, tərəddüd etmədən sağollaşıb getdim. 

- Sağ-salamat qayıdacağınıza inanırdınız? 

- Müharibədir, kim bilə bilər ki sağ qayıdacaq, ya qayıtmayacaq? Gəncədə sakit yaşayan mülki insanlar belə raketə qurban getdilər. 

- Döyüşlərin sonu nə qədər zəfərlə bitsə də, gedişatı ağrılı-acılı keçir. Bunu ən yaxşı orada olanlar bilər. Sizin orada yaşadığınız ən travmatik an hansı idi? 

- Hə, xatırladım... Gecə saat 3-4 aralığı idi. Cəbrayıldan Qubadlıya doğru gedirdik. Yol boyu bizə məlumat verirdilər ki, kol-kosun arasında, körpülərin arasında gizlənən ola bilər. Həmin vaxt biz olan əraziyə də böyük silahlar atırdılar. O anlar çox təhlükəli idi. 

- Söhbətə başlayanda bildirdiniz ki, tanışlarımızdan şəhid olanlar oldu. Onlar kimlər idilər? 

- Biz hərbi hissədə iki mərtəbəli yataqlarda yatırdıq. Bir otaqda qaldıqlarımızın hamısı zabitlər idilər. Onlar şəhid oldular... 

Raufu, Kənanı bir gecədə itirdik... 

Və daha 4 əsgərimiz təhlükəsizliyə əməl etmədikləri üçün şəhidlik zirvəsinə ucaldılar. 

- Allah rəhmət eləsin, ağır hisslərdir. 

Müharibədən qayıdandan sonra yaşadıqlarınıza görə xarakterinizdə hər hansı bir dəyişiklik hiss etdinizmi?

 

- Adam o anları görəndə içində narahatlıq, əsəbilik olur. Amma zaman keçdikcə hər şey düzəlir. Müharibəyə gedəndə mənim 45 yaşım var idi. Hərbi xidmətimi də Ağdamda sərhəddə yerinə yetirmişəm. Ona görə də təcrübələrim var idi. Nədənsə qorxub, çəkinmirdim. 

Füzulidə Hərbi hospitalın yaxınlığında təcili yardım maşınları dayanırdı. Onların səsi gecə-gündüz dayanmırdı. 1 yaralı da olsa, onu o dəqiqə hospitala çatdırırdılar. Həmin anlar çox çətin idi. Rəhmətə gedən, qan itirən, şikəst olan o qədər adam olurdu ki... 

- Siz döyüşdən zəfərlə qayıtdıqdan sonra sağollaşa bilmədiyiniz şagirdləriniz sizin görüşünüzə gəldilər? 

- Şagirdlərim, kəndin cavan uşaqları hələ karantin dövründə 20-30 maşınla məni qarşılamağa gəlmişdilər. ərzində gün gecə-gündüz evimizə 300 nəfərə yaxın adam təbrikə gəldi. 

- Müəllim, sizcə insana sinif yoldaşı, tələbə yoldaşı, yoxsa əsgər yoldaşı daha yaxındır? 

- Bu əslində insanın özündən asılıdır. Amma məncə insana ən yaxın müharibədəki yoldaşlarıdır. Çünki döyüşdə heç bir şey olmayanda, 3-4 gün ac qalanda, bir peçenyeni bölüb yeyəndə yanında döyüş yoldaşların olur. 

- Heç yemək tapmaqda çətinlik çəkdiyiniz, ac qaldığınız olub? 

- Yeni ərazilər alınanda orada yemək olmur. Gərək yerlər minalardan təmizlənsin ki, arxa cəbhədən ərzaq gələ bilsin. 1-2 gün ərzaq təminatı olmasa da, sonradan yaxşı ərzaqlar, geyimlər və digər ehtiyaclar göndərilirdi. 

Müharibədə irəli gedənlər üçün 1 günlük quru yeməklər verirlər. Amma biz məcbur o yeməkləri 3-4 günə sığışdırıb yeyirdik ki, ac qalmayaq. 

- Müharibəyə gedəndə ailəniz sizinlə əlaqə saxlaya bilirdi? 

- Yeni ərazilərə gedəndə orada set tutmurdu. Amma biz irəlilədikcə mobil səyyar maşınlar vasitəsi ilə telefonla əlaqə saxlaya bilirdik. Təxminən 3 gündən bir danışma şansımız olurdu. 

- Sizə “Tarix yazan, tarix müəllimi” desək yanılmarıq. Etiraf edək ki, tarix yazmaq kimi oxumaq da heç də asan deyil. Maraqlıdır, siz fənninizi necə tədris edirsiniz? 

- Şagirdlərlə aramız çox yaxşıdır. Onlara yeri gələndə müharibədə yaşadığım əhvalatları da danışıram. Uşaqlar o an çox diqqətlə qulaq asırlar. Hətta bizim məktəbin şagirdlərindən biri də müharibədə iştirak edib, sağ-salamat evinə qayıdıb. 

- Müharibə sizə nəyi öyrətdi? 

- Bizimlə də maraqlanan adamların olduğunu...

08.11.2024 15:40
show 53