4 il əvvəl oğurlanan 56 minlik qızılları sosial şəbəkədə tapdı - Qadın cinayətin üstünü açdı
Bakıda
qadın 2019-cu ildə evindən oğurlanan qızıl və brilyantlarını "Elya”
"Instagram” sosial şəbəkəsində taparaq, cinayətin üstünü aça bilib.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə Anar adlı şəxs
saxlanılaraq həbs olunub. Eyni zamanda əşyaların oğurluq olduğunu
bilə-bilə satın alan Pənah adlı qızıl alverçisinin də məhkəmə işi
yekulaşıb.
Rəhimova Kifayət Əlibala qızının 2019-cu il 11 sentyabr tarixdə
yaşadığı mənzilindən 56.100 manat dəyərində qızıl-zinət əşyaları
oğurlanıb. Oğurlanan qızıl-zinət əşyalarının siyahısı:
* 13000 manat dəyərində ağ rəngli qızıldan hazırlanmış, brilyant qaşlı, 750 əyarlı, boyunbağı və qolbaq dəsti
* 6500 manat dəyərində sarı-qara rəngli qızıldan hazırlanmış Roberto-Bravo markalı, 585 əyarlı, sırğa, üzük və boyunbağı
* 3500 manat dəyərində sarı rəngli qızıldan hazırlanmış 925 əyyarlı boyunbağı
* 10000 manat dəyərində ağ-sarı rəngli qızıldan hazırlanmış birilyant qaşlı, 750 əyarlı, badamı şəkilli üzük və sırğa
* 12000 manat dəyərində yaşıl rəngli qızıldan hazırlanmış brilyant qaşlı, 750 əyarlı, oval şəkilli üzük və sırğa
* 3000 manat dəyərində ağ rəngli qızıldan hazırlanmış brilyant qaşlı, 750 əyarlı dairəvi şəkilli sırğa
* 1800 manat dəyərində ağ rəngli qızıldan hazırlanmış, 750 əyarlı brilyant klonlu boyunbağı
* 500 manat dəyərində sarı rəngli qızıldan hazırlanmış, 750 əyarlı qızıl klonlu "Vitraj” markalı boyunbağı
* 3000 manat dəyərində səma rəngli qızıldan hazırlanmış, brilyat qaşlı, 750 əyyarlı sırğa və üzük dəsti
* 2800 manat dəyərində sarı-ağ rəngli qızıldan hazırlanmış, 750 əyarlı qolbaq
Kifayət Rəhimova DİN-in 102 xidmətinə hadisə barədə məlumat verib.
Polislə bərabər, zərərçəkiş şəxs də evində törədilən oğurluq hadisəsini
araşdırmağa başlayıb.
Kifayət Rəhimova evindən oğurluq edildikdən təxminən bir həftə
sonra "Instagram” sosial şəbəkəsində "Elya” adlı səhifənin
istifadəçisinin qızıl-zinət əşyaları satdığı görüb və həmin səhifəyə
daxil olduqda özünə aid qızılların reklam olunduğunun şahidi olub. Bu
barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə və Yasamal
Rayon Prokurorluğuna məlumat verib. Səhifənin istifadəçisi Elvira ilə
"Instagram”da yazışaraq, qızılları almaq istədiyini bildirib.
Bundan sonra "28 Mall” ticarət mərkəzində həmin şəxsin göndərdiyi
kuryerlə görüşüb. Kuryer qızılları özü ilə gətirib. Qabaqcadan onun
məlumatı əsasında həmin yerə getmiş polis əməkdaşları qızılları gətirmiş
şəxsi yaxalayaraq, Yasamal RPİ-nə aparıb. Kuryer qız ifadəsində
qızılları başqa şəxsdən aldığını bildirib. Lakin həmin şəxsin kim olması
ona məlum olmayıb. Araşdırma zamanı oğurlanmış qızılları Pənah adlı
qızıl alverçisinin satması müəyyən edilib. Elvira isə qızılların sosial
şəbəkələrdə reklamı ilə məşğul olub.
Ümumilikdə 23000 manat dəyərində qızıl-zinət əşyaları geri
qaytarılsa da, Kifayət Rəhimova oğurluğu törədən şəxslərdən ümumilikdə
20.893,33 manat maddi ziyan ödənilməsini tələb edib.
Oğurluğu törədən Anar məhkəmənin 2021-ci il tarixli hökmü ilə
Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 6 il
azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hazırda həmin cinayət
işinə Bakı Apellyasiya məhkəməsində baxılır.
Qızıl alış-verişi ilə məşğul olan Pənah da Kifayətə Rəhimovanın
şikayəti əsasında saxlanılıb. O, Pənahdan maddi ziyanın əvəzi qismində
2.150 manat, mənəvi ziyanın əvəzi qismində 6.450 manat, ödənilmiş dövlət
rüsumuna görə 41,50 manat, ümumilikdə 8.641,50 manat məbləğində
təzminat tələb edib.
Məhkəmənin qərarı ilə Pənah Cinayət Məcəlləsinin 194.1-ci maddəsi
ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və
Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə
cəlb etmə müddəti keçdiyinə görə Cinayət-Prosessual Məcəlləsinin
39.1.3-cü maddəsinə müvafiq olaraq işə xitam verilib. Təqsirləndirilən
şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə
zalından dərhal azadlığa buraxılıb.
Kifayət Rəhimovanın iddiası qismən təmin edilərək, Pənahdan 4 382 manat onun xeyrinə pul tutulub.