27 yaşında baş prokuror olan azərbaycanlı
Jurnalist, hüquqşünas, siyasətçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahimi 1918-ci il noyabrın 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olub.
Qlobal.net bildirir ki, 9-cu sinifə qədər Astara şəhərində təhsil alıb, sonra təhsilini davam etdirmək üçün ailəsi ilə birgə Ənzəli şəhərinə köçüb. 10-cu və 11-ci sinifləri də Ənzəlidə oxuyub. Daha sonra o, Təbrizdə məskunlaşıb və təhsilini Firdovsi məktəbində davam etdirib. 1941-ci ildə məktəbi bitirdikdən sonra Tehran Universitetinin hüquq fakültəsinə daxil olub. 1945 – ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Bu illər ərzində fars, fransız və ərəb dillərini mükəmməl öyrənib.
Universitetdə oxuduğu dövrdə Tudə Partiyasına üzv olub. Bu müddət ərzində dövrün ictimai-siyasi, sosial həyatı ilə yaxından maraqlanıb. Seyid Cəfər Pişəvəri 1943-cü il mayın 23-dən etibarən Tehranda “Ajir” qəzetini nəşr etdirməyə başlayıb və tələbə olan Firudin İbrahimi də qəzetin redaksiya heyətinə üzv seçilib. Bu dövrdə o, həm də Tudə Partiyasının rəsmi orqanı olan “Rəhbər”, Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının orqanı olan “Zəfər”, “Mərdom” və digər qəzetlərdə də maraqlı, oxunaqlı məqalələri ilə çıxış edib. Tehran Universitetini bitirdikdən sonra İran Xarici İşlər Nazirliyindən və digər dövlət qurumlarından iş təklifləri alsa da, o, bunu qəbul etməyib və Təbrizə gedib. Təbrizdə Tudə Partiyasının əyalət komitəsinin nəzarəti altında nəşr olunan “Xavəre-no” qəzetində yazmağa başlayıb…
Firudin İbrahimi və bərabərindəki azadlıq mücahidlərinin dövrün siyasi rejimi ilə mübarizəsi qansız, itkisiz ötüşməyib. İbrahimin edamına qədər onun bir çox əqidədaşları şah rejimi tərəfindən repressiyalara məruz qalıb, sürgün edilib, güllələnib…1946-cı ilin dekabrında isə bu qanlı mübarizə, daha doğrusu, ədalətsiz mübarizə şah rejiminin qələbəsi ilə başa çatıb. Silah – sursat çatışmazlığı, qüvvələr nisbətinin şahın xeyrinə olması mübarizəyə amansızca son qoyub. Nəticədə, Firudin İbrahimi və bərabərindəki azadlıq carçıları bir-bir həbs olunub. Ardınca isə həbs olunanların kütləvi edamlar başlayıb…
1947-ci ilin may ayının 23-də Gülüstan bağında Azərbaycanın danışan dili – Firudin İbrahimi edam edilir. Bəli, 1947-ci ilin may ayının 23-də o, Paris Sülh Konfransında geydiyi kostyumunu geyinir, üzünü qırxır, qalstukunu taxır və Gülüstan bağındakı edam yerinə gətirilir. Son dəfə canı, varlığı qədər sevdiyi xalqın hüzuruna çıxan Firudin İbrahimi edam edilir…Yıxılmış olan Azərbaycan Milli hökumətinin baş prokuroru, gənc hüquqşünas və yazıçı – publisist Firudin İbrahimi edam olunmamışdan qabaq asılacagı ipi öpərək bu sözləri deyir:
Sən çağırsan gələcəm mən,
Eyibi yoxdur, öləcəm mən…
Təki sən yaşa, Azərbaycan!
Firudin İbrahiminin asılmasına şahid olan Fərhad Azəri və Ələddin Ələkbərinin xatirələrindən oxuyuruq ki, onu asmaq üçün Gülüstan bağına gətirəndə insanlar buna etiraz ediblər və şah qoşunlarına hücum etmək istəyiblər. Firudin İbrahimi isə xalqın itki verəcəyindən ehtiyatlanaraq onları sakitləşdirib və bunları deyib:” Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın dogma Ana Vətənimiz Azərbaycan!
Onu da diqqətinizə çatdırım ki, Firudin İbrahiminin atası Qəni İbrahimi də siyasi fəaliyyəti və sosialist düşüncələrinə görə uzun illər təzyiqlərə məruz qalıb. Bununla yanaşı, Qəni bəy İbrahimi Rza xanın (Rza şah Pəhləvi) səltənət elan etdiyindən sonra həbsə atılır və təxminən iki il Tehranın Qəsr həbsxanasında həbs edilir. Daha sonra isə Nəhavənd şəhərinə sürgün edillir və ömrünün sonunadək orda olur. Bu isə ailənin ilk övladı olan Firudinin uşaq yaşlarından atasız yaşamasına səbəb olur və anası Fatimə Şirvani ilə birgə ailənin yükünü öz çiyinlərində daşımalı olur…
Azərbaycan qəzetində dərc edilmiş bir yazıda Firudin İbrahimi vətənin üzərinə qara buludların kölgə saldığını yazmışdı. Dünya səviyyəsindəki dəyişikliklər və sovet güclərinin Azərbaycandan çəkilməsi kimi hadisələr gələcək günlərin çətin keçəcəyini göstərirdi. Pəhləvi qoşunları artıq Zəncana girib, dinc əhaliyə belə rəhm etməyib, cinayətlər törətmişdi. Az zaman sonra Təbrizə çatacaqları bəlli idi. Firudin İbrahimi “Hamı vətən müdafiəsi yolunda” adlı bir məqaləsində belə yazırdı: ”Düşmən kim olursa olsun, bu sülhsevər millət (Azərbaycan milləti) vətənin müdafiəsi yolunda amansız olacaqdır.”
Firudin İbrahiminin üzv olduğu Azərbaycan Milli Hökumətinin məqsədi ölkədə qondarma şah rejimini devirmək, ədalətli cəmiyyət yaratmaq, Azərbaycan dilini dövlət səviyyəsinə qaldırmaq və Cənubi Azərbaycanda azərbaycanlılara azaldıq və hürriyyət vermək idi. Ancaq olmadı, zülm qələbə çaldı. Şah rejimi əsrə yaxın Cənubi Azərbaycanda soydaşlarımıza qarşı amansız siyasət yürütdü. Ondan sonra ölkədə bərqərar olan molla rejiminin də siyasəti əvvəlkindən fərqlənmədi…
Onu da qeyd edək ki, Firudin İbrahiminin həyatı Xalq yazıçımız Mirzə İbrahimovun “Gələcək gün” romanına ideya olub. Mirzə bəylə yanaşı, dövrünün bir sıra şair və yazıçıları, o cümlədən Mədinə Gülgün “Firudin” poemasında İbrahiminin vətənpərvər, qəhrəman və gözəl obrazını yaradıb. Həmçinin Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza, Arif Səfa, Tariyel Ümid əsərlərində onun poetik obrazını yaradıblar. Mübariz ruhuna dərin hörmət və ehtiramla… Firudin İbrahimi – Azərbaycanın danışan dili!
Murad
Qlobal.net