24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və... - Azərbaycanda DƏHŞƏT
İsmayıllı rayonunda
arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü
Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qlobal.net publika.az-a istinadən xəbər verir ki, Şamil Hacıyev 2 avqust
2016-cı ildə, arvadı Humay Hacıyevanın istifadəsində olan "Samsung”
markalı mobil telefonda Vatsap proqramına baxıb.
Sevgi mesajları
Bu zaman Şamil arvadından Vasif Aslanova, Vasifdən isə arvadına,
bir-birindən xoşları gəldiyi və bir-birilərini sevdikləri barədə
qarşılıqlı SMS-lər yazdıqlarını görüb. O, Vasifin kim olduğunu, onunla
hansı səbəbdən sevgi barədə yazışdığını soruşub.
Bu səbəbdən sonrakı günlərdə aralarında mübahisələr mütəmadi davam edib.
Hamamda qanlı olay
Humay Hаcıyevаnın Vasiflə münasibətlərinə dözməyən Şamil sentyabrın
4-də, saat 17-də İsmayıllı rayonunun Sərsurə kəndində, yaşadığı evin
həyətində hamamda çimən arvadını öldürmək üçün xəncərlə silahlanıb və
hamama daxil olub.
Şamil hamamda arvadının qarın nahiyəsindən xəncərlə bir zərbə vurub,
ikinci dəfə təkrar vurmaq istədikdə Humay Hacıyeva zərbənin qarşısını
almaq üçün sağ əli ilə xəncərin tiyəsindən tutub və hamamdan çıxmaq
istəyib.
Ər meşəyə qaçdı
Lakin Şamil Hаcıyev yuyunma otağından ona çıxmağa imkan verməyib,
qapının arxasında saçından tutub, xəncərlə sağ böyrək nahiyəsindən
ikinci dəfə vurub.
Bu vaxt Humay Hаcıyevаnın qışqırıq səsinə gələn oğlu Osmanı gəlib, bunu
görən Şamil Hаcıyev oradan çıxaraq evinin yaxınlığındakı meşəyə gedib.
Humay Hacıyevanın dayısı Nizami Hacıyevin avtomaşını ilə xəstəxanaya
çatdırılaraq həkimlərin tibbi yardımı nəticəsində həyatı xilas edilib.
Cinayət işi açıldı
İstintaq orqanı tərəfindən Şamil Hacıyevin barəsində Cinayət
Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü
(qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı
silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab
olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı
gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
"İstəsən telefona baxa bilərsən”
O, qeyd edib ki, 1994-cü ildə Humay Hacıyeva ilə ailə həyatı qurub,
birgə nikahlarından 1996-cı il təvəllüdlü qızı Röya və 2001-ci il
təvəllüdlü oğlu Osman doğulub: "Аrvadımla əvvəllər münasibətlərimiz
yaxşı olsa da, son bir il olar ki, ailəmizin maddi durumu ilə əlaqədar
aramızda hərdən mübahisələr olub. Arvadımın mobil telefonuna son günlər
zənglər gəldikdə, o telefonunu söndürüb, yanımda danışmayıb. Bu səbəbdən
ona qarşı şübhələrim yaranıb. Şübhələndiyimi hiss etdiyindən Humay
"istəsən telefona baxa bilərsən”, - deyə bildirdi”.
"Sevgi mesajlarını oxudum”
Şamil Hacıyev bildirib ki, avqustun 2-də evində televizora baxıb, Humay
hamamda başını yuyub və onun "Samsung” markalı telefonu qarşısındakı
stolun üzərində olub: "Maraqlanmaq üçün telefonu götürdüm, Vatsapa
baxanda, arvadımdan Vasif adlı şəxsə, Vasifdən isə arvadıma,
bir-birilərindən xoşları gəlməsi və bir-birilərini sevmələri barədə
yazılar yazdıqlarını gördüm. Bu yazıları gördüyümdən Vasifin kim
olduğunu, onunla hansı səbəbdən sevgi barədə yazışdığını Humaydan
soruşdum. Humay əvvəlcə həmin yazıların səhv olduğunu, Vasifə
ünvanlanmadığını dedi, yenidən israrla soruşduğum üçün o, etiraf edərək
bildirdi ki, düzgün hərəkət etməyib, bir səhv edib”.
"Qışqıracağam ki, arvadım əxlaqsızlıqla məşğul olur”
Şamil Hacıyevin sözlərinə görə, evdən paltarlarını götürərək çıxmaq
istəyib: "Bu zaman qızım Röya mənə mane olmağa çalışdı, bildirdi ki,
"anam belə iş tutmaz, əgər belə iş tutubsa o, zaman boşanarsınız”.
Qızımın sözünə qulaq asmadım. Daha orada qalmayaraq yaxınlıqdakı
dayanacağa getdim. Dayanacaqda maşın gözləyərkən özümü pis hiss
etdiyimdən, əsəbilərim pozulduğu və ürəyim ağrıdığı üçün yenidən evə
qayıtdım. Evdə soyuducuda olan qarpızı götürdüm və sərinləşmək məqsədilə
yeyərkən arvadımla aramızda yenə də həmin mübahisə davam etdi. Həmin
vaxt, Humaya bildirdim ki, "kəndə gedəcəyəm, orada evimizin üstünə
çıxıb, qışqıraraq bütün kənd sakinlərinə eşitdirəcəyəm ki, arvadım
əxlaqsızlıqla məşğul olur”. O, isə cavab olaraq söylədi ki, "belə
deməyin mənim üçün heç bir əhəmiyyət kəsb etmir”. Onun sözlərinə cavab
olaraq bildirdim ki, "sənin başını kəsmək lazımdır ki, bu
hərəkətlərindən əl çəkəsən”. Bu sözlərimdən sonra arvadım əl atıb
qarşısındakı telefonunu götürmək istədi. Bu zaman onun qolunu buraraq
telefonu əlindən aldım, özünü isə kənara itələdim”.
"Dedi ki, arvadıma yad gözlə baxmayıb”
Şamil Hacıyev qeyd edib ki, daha sonra otağa keçib və çarpayıda uzanıb:
"Səhər saat 06-da otaqdan çıxarkən arvadımın və uşaqlarımın evdə
olmadığını gördüm. Onların hara getdiyini bilmək üçün zəng etdim,
Humayın qohumlarından və bacılarından maraqlandım. Telefonda arvadımın
Vatsapda yazışdığı Vasif adlı şəxsin mobil nömrəsinə zəng etdim, Binəqədi rayonunda
onunla görüşdüm. Həmin yazılanlar barədə soruşduqda Vasif bildirdi ki,
arvadımla birlikdə şirniyyat sexində işləyir. Onunla bir bibi kimi
münasibət saxlayıb, ona yad gözlə baxmayıb. Maraqlandıqda hətta müəyyən
etdim ki, arvadım uşaqlarıyla birlikdə həmin Vasif adlı şəxslə nahar da
edib. Bütün bunları bildikdən sonra, qaynım Sübhan Mahmudova zəng etdim,
Bakı şəhərinə çağıraraq Sübhanla Binəqədi rayonunda parkda görüşdüm və bacısının etdiyi hərəkətlər barədə ona danışdım”.
"Arvadımla aramızda qısqanclıq zəminində mübahisəmiz oldu”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Sübhan isə hansı səbəbdən
arvadına telefon aldığını və işləməyə icazə verdiyini irad tutaraq onu
günahlandırıb: "Təxminən avqustun 6-da, qaynım Sübhan arvadım və
uşaqlarımı evə gətirdi. Onlardan maraqlandıqda bildim ki, onlar mübahisə
etdikdən sonra qızımın Binə qəsəbəsində yaşayan rəfiqəsi Tubuxanımgilə
gedərək orada qalıblar. Həmin günün səhəri ailəliklə birlikdə Sərsurədə
yaşadığım evə getdik. Fikrim belə oldu ki, ailəm Sərsurədə qalsın, özüm
isə Bakı şəhərinə gedərək, işləyib, qazanc əldə edim, topladığım pulla
Abşeron rayonunun Hökməli kəndində aldığım torpaq sahəsində ev tikib,
ailəmi də ora aparım, arvadım düşdüyü mühitdən bir qədər kənarlaşsın və
daha mənə xəyanət etməsin. Sərsurəyə gəldikdən sonra arvadım və
uşaqlarıma daha Bakı şəhərinə getməyəcəkləri barədə dedim. Bu səbəbdən
mübahisə etdik, onlar Bakıya getmək istədiklərini bildirdilər. Cavab
olaraq dedi ki, buna imkan verməyəcəm. Bu səbəblərdən arvadımla aramızda
qısqanclıq zəminində mübahisəmiz oldu”.
"Qısqanc olduğumu dedi”
Şamil Hacıyev qeyd edib ki, hətta son günlər əsəbləri pozulduğu üçün
təxminən avqustun 22-də İsmayıllı rayon mərkəzi xəstəxanasına gedib və
həkimə müraciət edib: "Sonra Bakı şəhərinə qayıtdım, öz işlərim ilə
məşğul oldum. Bakıda olarkən qaynım Sübhan zəng etdi. O, arvadım ilə
uşaqlarımın qaçıb Bakı şəhərinə getmək istədiklərini, onları saxlamaq
üçün tez kəndə qayıtmağımı dedi. Buna görə də kəndə qayıtdım, ailəmlə
danışaraq onların Bakı şəhərinə getmələrinə icazə vermədim. Humay isə
qısqanc olduğumu dedi, mənimlə mübahisə etməyə başladı. Hər gün bu
zəmində mübahisə etdik. Аrvadımı qısqandığımdan ailəmi qorumaq məqsədi
ilə onu və uşaqlarımı Sərsurə kəndində saxlayaraq özüm Bakı şəhərinə
qayıtmaq istədim. Arvadım və uşaqlarım da Bakı şəhərinə getmək
istədiklərindən, mənimlə razılaşmadılar. Bu səbəbdən də çox vaxt Humay
mənimlə mübahisə etdi və mənə qarşı münasibəti soyudu”.
"Düşündüm ki, xəncərlə arvadımı qorxudum”
Şamil Hacıyevin sözlərinə görə, sentyabrın 4-də, saat 17 radələrində
arvadı həyətdəki hamamda çimib: "Həmin zaman hamamın qapısı içəridən
bağlı olmadığından hamamın paltar geyinilən yerinə girdim, oradan maşa
götürmək istəyəndə, Humaydan "çimirsən?” deyə soruşdum. Humay isə mənə
əhəmiyyət vermədən soyuqqanlı davranaraq çimməyə davam etdi. Humayın
əvvəldən mənimlə mübahisə etməsi, mənə qarşı davranışı, hazırda bu
hərəkəti bir ər olaraq mənə pis təsir etdiyindən əsəbiləşdim. Düşündüm
ki, evimin zirzəmisində alətlər saxladığı çamadanın içərisində olan
xəncəri götürərək, onunla arvadımı qorxudum. Bu səbəbdən Humay daha mənə
xəyanət etməsin, həmçinin bir daha mənimlə mübahisə etməsin”.
"Saçından tutaraq çölə çıxmasına mane oldum”
Şamil Hacıyev bildirib ki, bu məqsədlə xəncəri götürüb, hamama girərək
"səni öldürərəm” deyib: "Əlimdəki xəncəri Humayın qarın nahiyəsinə
uzatdım ki, ona azca xəsarət yetirim və Humay məndən qorxsun. Həmin vaxt
arvadım arxaya gedərək divara dirəndiyindən xəncər uzun və ucu isə şiş
olduğundan, Humayın qarnına batdı. Bu zaman Humay qışqırdı, uşaqları
çağırmağa başladı. Sonra məni itələyərək, hamamdan çölə çıxmaq istədi.
Onun elə də ciddi xəsarət aldığını bilmədiyim üçün əynində paltar
olmadığından saçından tutaraq çölə çıxmasına mane oldum. Sol əlimlə
saçından dartdıqda Humay diz və əlləri üstə hamamın döşəməsinə yıxıldı.
Mən isə yenə Humayı qorxutmaq üçün xəncəri boğazına dirədim, "başını
kəsərəm” deyə ona bildirdim. O isə çırpındı, əlimdən çıxmaq istədi. Bu
zaman xəncər Humayın boyun və boğaz nahiyəsini və dodağını da kəsdi.
Humayın bədəninin qana bulaşdığını gördüm, etdiyim hərəkətlərin düzgün
olmadığını düşünərək hamamın içərisində Humaydan bir qədər aralı
çəkildim, Daha ona hər hansı bir xəsarət yetirmək istəmədim. Humay isə
yaralı vəziyyətdə hamamın döşəməsinə üzü aşağı uzandı və həmin vaxt
oğlum Osman hamama girdi”.
"Hadisədən sonra meşəlik əraziyə getdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər necə xoşbəxt ailə
olduqlarını, normal övladlar böyütdüklərini, hazırda isə vəziyyətin bu
həddə gəldiyini xatırlayaraq kədərləndiyindən daha özünü saxlaya
bilməyib, hamamdan çölə çıxarkən Humay da durub əlini qarnına tutaraq
arxasınca çölə çıxıb: "Həmin vaxt qızım Röya da həyətə çıxdı, anasına
yardım etməyə başladı. Mən daha dayanmadım, həyət qapısından çölə
çıxaraq qapının qarşısındakı meşəlik əraziyə getdim. Humaya xəsarət
yetirməkdə məqsədim onu öldürmək olmayıb, sadəcə olaraq onu qorxutmaq
olub. Onu öldürmək istəsəydim, hamamda çılpaq vəziyyətdə, köməksiz halda
olduğu zaman xəncərlə onu çox asanlıqla öldürərdim. Ancaq mənim belə
bir niyyətim olmayıb”.
"Məktublar zarafat mənasında sevgi məzmunda olub”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Humay Hacıyeva
bildirib ki, əri Şamil Abşeron rayonunun Xırdalan şəhərində "Azərsun”
şirkətində qeyri rəsmi olaraq fəhlə işləyib: "Mən isə 2015-ci ilin
əvvəllərindən Bakı şəhərində "Favorit” marketin "SWWET ART” adlanan sexə
qoğalçı işləmişəm. Həmin sexdə mənimlə birlikdə Vasif Aslanov dа
işləyib. Bir kollektiv olaraq həmişə çox mehriban olmuşuq. Bir-birimizlə
iş barəsində telefon əlaqələri saxlayıb, bəzən məktublaşmışıq. Təxminən
2-3 ay оlаrdı ki, Vasiflə biri-birimizə yazdığımız məktublar zarafat
mənasında sevgi məzmununda olub”.
"Aramızda intim münasibət olmayıb”
O deyib ki, məktub yazışmasından başqa aralarında digər hər hansı bir
münasibət olmayıb: "Hətta biz iş yerində belə üz-üzə görüşəndə,
bir-birimizə sevgi barədə heç nə deməmişik, məktublarda da təxmini
xatırladığıma görə zarafatla bir-birimizdən xoşlandığımızı demişik,
bir-birimizi sevdiyimizi və bu kimi digər sözlər yazışmışıq. Belə
yazışmalara baxmayaraq, aramızda hər hansı intim münasibət olmayıb.
Şamillə əvvəllər münasibətlərimiz həmişə çox yaxşı olsa da, son bir il
olardı ki, Şamil özünü əsəbi aparıb və ailənin maddi durumu pis
olduğundan aramızda hərdən bir mübahisələrimiz olub. Son zamanlar mənə
qarşı qısqanc olmağa başlayıb, Şamilin qısqanclığının əsassız olduğunu
bildirərək ona istədiyi vaxt mobil telefonuna baxa biləcəyini demişəm”.
"Sevgi barədə yazışdığımızı soruşdu”
Humay Hacıyeva deyib ki, avqustun 2-də Bakı şəhərində kirayə qaldqları
evdə hamamda yuyunan zaman Şamil telefonuna baxıb və Vasiflə olan sevgi
məktublarını görüb: "Bu səbəbdən Şamil Vasifin kim olduğu, nəyə görə
sevgi barədə yazışdığımızı məndən soruşdu. Şamili qısqandırmamaq üçün
əvvəlcə həmin məktubların mənə səhvən ünvanlandığını dedim. Şamil isə
buna inanmadı. Təkidlə soruşduqda, olanları Şamilə izah etməyə çalışdım
ki, Vasiflə aramızda yalnız məktub münasibəti var. Vasif məndən yaşca
çox kiçikdir. Həm Vasif, həm də mən ailəliyik. Belə yazışmaqla bir səhv
etmişik. Şamil isə əsəbiləşərək buna inanmadığını bildirdi, daha mənimlə
yaşamayaraq evdən gedəcəyini dedi. Qızım Röya da Şamili sakitləşdirdi,
inandırmağa çalışmışdı ki, mən Şamilə xəyanət etmərəm və hətta xəyanət
etmiş olsa belə boşanmağımız barədə təklif də verdi. Lakin Şamil evdən
paltarlarını da götürərək getdi”.
"Başımı kəsərək öldürəcəyi ilə hədələdi”
Humay Hacıyevanın ifadəsinə görə, bir qədər sonra Şamil yenidən evə
qayıdaraq onunla təkrar mübahisə etməyə başlayıb: "Mübahisə zamanı Şamil
məni kəndə aparıb, orada başımı kəsərək öldürəcəyi ilə hədələdi. Sonra
evin üstünə çıxıb, qışqıraraq bütün kənd sakinlərinə mənim əxlaqsızlıqla
məşğul olduğumu və bunun nəticəsində məni öldürdüyünü bildirəcəyini
dedi. Mən Şamili Vasiflə aramızda heç nə olmamasına, şübhələrinin əsasız
olmasına inandırmağa çalışdım. Bunlara baxmayaraq, Şamil mənə inanmadı,
məni öldürməklə yenidən hədələdi. Bu sözlərdən sonra telefonumu
götürmək istədim. Şamil qolumu buraraq telefonu əlimdən aldı. Mən isə
Şamilin daha da aqressiv olduğunu, mənimlə mübahisəni davam etdirəcəyini
və ya mənə hər hansı xəsarət yetirə biləcəyini düşündüm. Oğlumu və
qızımı da götürərək birlikdə Binə qəsəbəsində yaşayan qızımın rəfiqəsi
Tubuxanımgilə gedərək orada qaldıq”.
"Məni öldürəcəyinə inanmadım”
Zərərçəkmişin ifadəsinə görə, avqustun 6-da qardaşı Sübhan Mahmudov onu
və uşaqlarını evinə gətirib: "Bundan bir neçə gün sonra isə artıq Şamil
məni və uşaqlarımı birlikdə Sərsurə kəndindəki evimizə apardı. Sərsurə
kəndində evimizdə yaşadığımız müddət ərzində yenə də ara-sıra həmin
qısqanclıq zəminində Şamillə mübahisələrimiz yarandı. Şamilin bütün
hədələrinə baxmayaraq, onun mənə xəsarət yetirə biləcəyinə və ya öldürə
biləcəyinə inanmadım. Lakin Şamilin davranışlarından, yəni bəzi qeyri
müəyyən danışıqlarından şübhələndim”.
"İndi səni öldürəcəm”
Humay Hacıyeva bildirib ki, sentyabrın 4-də, saat 17-də evində olarkən
yuyunmaq üçün həyətdəki hamama girib: "Bir neçə dəqiqə keçdi ki, Şamil
qapını döymədən içəri girdi, "çimirsən", - deyə soruşdu və çimdiyimi
görərək geri qayıtdı. Şamilə əhəmiyyət verməyərək yuyunmaqda davam
etdim. Bir neçə dəqiqədən sonra Şamil təkrar gələrək içəri girdi. Bu
dəfə Şamilin əlindəki xəncəri qarşımda tutaraq, mənə "indi səni
öldürəcəm”, - deyə bildirdi. Əvvəlcə elə başa düşdüm ki, yəqin Şamil
mənimlə zarafat edir. Bu səbəbdən əlimlə işarə edib, Şamilə "sən Allah
çıx, get, buradan, qoy, çimim”, - deyə bildirdim. Şamil isə üstümə
gəldi, xəncərlə məni vuracağını başa düşdüyümdan geri divara tərəf
çəkildim. Şamil isə gəlməkdə davam edərək xəncərlə qarın nahiyəmdən
vurdu. Vurduqdan sonra xəncəri çıxardı, təkrar məni vurmaq istədikdə,
əlimlə Şamilə müqavimət göstərməyə, xəncəri tutmağa başladım. Şamil isə
yenə onu vurmaq istədikdə birtəhər qaçıb, hamamdan çıxmaq istədim”.
Humay Hacıyeva daha sonra ifadəsində Şamil Hacıyevin onunla dava
etməsindən, yenidən təkrar onu vurmasından, köməyə adam çağırmasından,
vaxtında tibbi yardım göstərildiyi üçün həyatının xilas olunmasından
danışıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamil Hacıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Şamil Hacıyev apelyasiya şikayəti verib. O,
barəsində olan ittihamın dəyişdirilməsini, əməlinin Cinayət Məcəlləsinin
126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirməsi) maddəsinə tövsif
edilməsini xahiş edib.
Şamil Hacıyevin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə
göndərilib. Şikayət hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada
araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar
elan edib. Bu günlərdə açıqlanan qərara görə, Şamil Hacıyevin apelyasiya
şikayəti təmin olunmayıb.