qadın

23 il evli olduğu arvadından şübhələndi: “75 yaşlı həkim ona bazarlıq edib, qızıma isə...”

Bakının Nizami rayonunda 1980-ci il təvəllüdlü Səlim qısqanclıq zəminində həyat yoldaşı Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Qlobal.net
Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə ər-arvadın birgə yaşadıqları evdə baş verib.
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Səbinə ilə 23 ildir rəsmi nikahdadır, iki övladı var: “Təxminən 4 ilə yaxındır ailəm və övladlarım ilə birlikdə kirayədə yaşayırıq. Özüm usta işləyirəm. Bakı şəhərinə gəldikdən sonra həyat yoldaşım Səbinə 75 yaşlı həkimin yanında işlədi.
Həkim ona mütəmadi bazarlıq edib, qızıma kreditlə telefon alıb. Buna görə dəfələrlə aramızda mübahisə olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü axşam saat 22 radələrində yaşadığı evdə olarkən qızı Fatimə həyətə düşüb: “Mən arvadım Səbinəyə qızılları lombarda girov qoyduğu üçün iradımı bildirdim. O, qızılları lombarda girov qoyub pul götürdüyünü, Türkiyədə təhsil alan oğlumuza göndərdiyini bildirdi. Aramızda mübahisə düşdü.
Səbinə məni təhqir edərək üstümə hücum çəkdi, əlləri ilə məni vurmağa başladı. Onu itələdim, taxtın üzərinə yıxıldı, əli divara dəydi. Səbinə qışqıraraq əlinin sındığını bildirdi. Onu sakitləşdirməyə cəhd etdim. Hətta barmağına xəmir qoydum ki, ağrısı kəssin. Bu zaman qızım evə gələrək mənə iradını bildirdi. Qızıma qarışmamağı məsləhət bildim.
Aradan iki gün keçdikdən sonra Lənkəran rayonuna getdim, boşanmaq üçün Mediasiyaya müraciət etdim. Lənkəran rayonundan gəldikdən sonra məlum oldu ki, həyat yoldaşım məndən şikayət edib. Mənim heç bir təqsirim yoxdur”.
İş üzrə ifadə verən zərərçəkmiş Səbinənin sözlərinə görə, Səlim mütəmadi olaraq onu evdə təhqir edir, qohumlarının onlara gəlməməsi üçün şərtlər qoyur: “Anam xəstə olduğundan Səlimdən icazə alaraq Lənkərana getdim. Tibb bacısıyam, xəstələrə evlərində iynə vururam. Mən rayonda olanda Səlim xəstələrimə zəng vuraraq xəbərdarlıq edib ki, məni bir daha çağırmasınlar”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü axşam saat təxminən 22 radələrində həyat yoldaşı Səlim təpik-yumruqla onun bədən nahiyələrinə vurub: “Qızım həyətdən evə gəldi, atasına məni döydüyünə görə iradını bildirdi. Ağrılarım olduğu üçün təcili tibbi yardım stansiyasından həkim briqadası çağırılmasını tələb etdim. Lakin Səlim həkim çağırmağa icazə vermədi. İki gün evdən çölə çıxmadı, ona görə polisə bu barədə məlumat verə bilmədim.
Səlim Lənkərana gedəndə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum. Onunla barışmamışam, şikayətçiyəm”.
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səlim hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
01.02.2025 15:33
show 169