Tarix

2 qız şagirdlə başlayan epidemiya – Bütün ölkə eyni vaxtda niyə gülürdü?

Tanqanika gülmə epidemiyası 1962-ci ildə Tanzaniyanın (o dövrdə Tanganyika adlanırdı) Viktoriya gölünün qərb sahilində, Uganda sərhədi yaxınlığında yerləşən Kaşasa kəndində və ya onun ətrafında baş verdiyi güman edilən kütləvi isteriya — başqa adı ilə kütləvi psixogen xəstəlik (KPX) hadisəsi idi.

1962-ci il yanvarın 30-da Tanqanikanın Kaşasa şəhərində qəribə hadisə baş verir.

Qlobal.net bildirir ki, hadisə missionerlər tərəfindən idarə olunan qızlar üçün internat məktəbində başlayır. Şagirdlər arasında zarafat nəticəsində başlayan gülüş təsadüfi olaraq bütün internat məktəbinə yayılır. Hadisə üç qızla başlayır və qısa zamanda məktəbdə yayılaraq 12–18 yaş aralığında olan 159 şagirddən 95-nə təsir edir. Simptomlar bir neçə saatdan 16 günə qədər davam edir, orta hesabla 7 gün çəkirdi. Müəllim heyəti təsirlənməmişdi, lakin şagirdlərin dərslərə diqqət yetirə bilmədiyini bildirirdi. İlk dalğa təxminən 48 gün davam etdi və məktəb 18 mart 1962-ci ildə bağlandı. Məktəb 21 mayda yenidən açıldıqda, ikinci dalğa başladı və bu dəfə daha 57 şagirdə təsir etdi. Məktəb iyun ayının sonunda təkrar bağlandı.

Kaşasa məktəbi uşaqlar və valideynləri vasitəsilə xəstəliyin ətraf bölgələrə yayılmasına səbəb olmaqda günahlandırılaraq məhkəməyə verildi. İyun ayında epidemiyaya Ramashenye qızlar orta məktəbi də qoşuldu və 48 şagird bu vəziyyətdən təsirləndi. Digər məktəblər və Kanyangereka kəndi də müəyyən dərəcədə hadisədən təsirləndi. Ümumilikdə epidemiya başladıqdan 18 ay sonra sona çatdı. Təsirlənmiş bütün bölgələr Bukobanın 160 kilometrlik radiusu daxilində idi. Cəmi 14 məktəb bağlandı və 1,000 nəfər bu hadisədən təsirləndi.

Səbəblər və simptomlar

Tanqanika gülmə epidemiyasının simptomlarına gülmək və ağlamaq, həmçinin ümumi narahatlıq, ağrılar, huşsuzluq, tənəffüs çətinliyi və səpkilər daxil idi. Bu simptomların əksəriyyəti xarici amillərin yaratdığı stressə bağlı idi. Kütləvi isteriya hallarını yaradan stress və narahatlıq çox zaman sosial gərginlik, mədəni keçid dövrləri və qeyri-müəyyənlik hallarında ortaya çıxır. Bu epidemiya əsasən gənc və yeniyetmə yaşda olanlara təsir etdiyindən, səbəb kimi onların stres və narahatlıqla baş etmə bacarıqlarının yetərsizliyi göstərilir. Eyni zamanda, yeniyetmələr qəbul olunma ehtiyacı və qrup daxilində uyğunlaşma arzusu səbəbindən başqalarının davranışlarından asanlıqla təsirlənə bilirlər.

Xarici faktorlar

Dilçi Kristian F. Hempelmann bu hadisənin stressdən qaynaqlandığını bildirir. Onun fikrincə, 1962-ci ildə Tanqanika müstəqilliyini yenicə qazanmışdı və şagirdlər müəllim və valideynlərin yüksək gözləntiləri səbəbilə özlərini təzyiq altında hiss edirdilər. Hempelmann deyir:

“Kütləvi psixogen xəstəlik (KPX) adətən güc sahibi olmayan insanlar arasında baş verir. Bu, aşağı statuslu insanların narahat olduqlarını ifadə etməsinin son çarəsidir.”

Sosioloq Robert Bartholomew və psixiatr Simon Wessely isə bu hadisəni mədəniyyətə xas isteriya epidemiyası kimi izah edir. Onlar bildirirlər ki, 1960-cı illərdə Afrikada baş verən bu cür hadisələr əsasən missioner məktəblərində müşahidə olunurdu. Tanganyika cəmiyyəti isə sərt adət-ənənələrlə idarə olunurdu. Onların fikrincə, bu isteriya, evdəki ənənəvi konservativliklə, məktəbdə öyrənilən yeni düşüncələrin yaratdığı mədəni konfliktin nəticəsi idi. Onlar bu halı “konversiya reaksiyası” adlandırırlar.

Əlaqəli hadisələr

Benjamin H. Kagwa belə yazır:

“Lakin düşünməməliyik ki, bu hadisələr yalnız afrikalılara aiddir. Tarix sübut edir ki, mədəni əsaslar və inanclar qəfil sarsıldıqda, isterik reaksiyalar istənilən xalq arasında baş verə bilər”.

Related Articles

Bir cavab yazın

Back to top button