Çingizin ölümünə səbəb Avstriyada qızıl dükanlarının sahibi olan,
vaxtilə Sibirə sürgün edilən babası Məmmədağanın qırx ildən sonra Bakıya
gəlməsi və qızı Tamellaya ad günü münasibəti ilə bağışladığı çox
qiymətli brilliant dəsti imiş.
Xüsusi zövqlə işlənmiş bu bəzək əşyasının qiyməti inanılmaz
dərəcədə yüksək idi. Məhz bu hədiyyə ailəyə böyük bədbəxtlik gətirir.
Çingizin dostu Alik onu özü ilə Mərdəkandakı bağlarına qonaq aparır,
onlar gedib bağ evinə çatdıqdan bir qədər sonra başqa iki nəfər
tanışları da "təsadüfən" gəlib ora çıxır. Sən demə, onlar bu işi
əvvəlcədən planlaşdırıblarmış. Xeyli yeyib-içdikdən sonra Alik ondan
babasının gətirdiyi brilyantların yerini soruşur və bu saat həmin
komplekti onlara çatdırmasını tələb edir. Ancaq nə qədər qorxutsalar da,
onun inadını sındıra bilmirlər. Məqsədlərinə çata bilməyəcəklərini
görəndə elə bağ evindəcə qətlə yetirirlər.
***
Cinayətin üstünün açılması çox çəkmir. Qatillərin üçü də ələ keçir.
Tamilla Məmmədzadənin oğlunun qətlini törədən nüfuzlu və imkanlı bir
şəxsin oğlu imiş. Ona əvvəlcə güllələmə hökmü verilsə də, sonradan bu
hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail
Andreyeviç Suslovla görüşür. Yalnız bundan sonra qatilin güllələnmə
hökmü icra olunur.
Tamella Məmmədzadə oğlunun ölümündən bir müddət sonra ikinci dəfə
ailə həyatı qurur, lakin yeni övlad istəmir, hətta iki dəfə hamilə qalsa
da, hər iki hamiləliyini dayandırır. Bir müddət sonra o, həyatının
maraqsız olduğunu hiss edir və əri ilə qərara alırlar ki, övladlığa uşaq
götürsünlər. Uşaqlardan biri ər tərəfin qohumlarından yeni doğulmuş
oğlan uşağı, digəri isə Tamella xanımın öz qohumlarından dörd yaşlı qız
olur. Bu əhvalatdan altı ay keçir, Tamella xanımın ikinci həyat yoldaşı
da dünyasını dəyişir.
***
İki uşaqla tək qalan bəstəkarın həyatı rahat olmur. Dörd yaşlı
qızcığazı ailəsinə qaytarmalı olur. Oğlan uşağını saxlayır. Lakin hər
dəfə oğlanın qohumları uşağı onun evindən oğurlayır, ondan küllü
miqdarda pul tələb edib sonra geri qaytarırlar. Axırda bəstəkar polisə
müraciət edir və uzun mübarizədən sonra uşağı geri qaytarır. Rəsmi
şəkildə onun anası olmaqdan imtina etsə də bütün var-dövlətini uşağın
adına keçirdiyi sənədə toxunmur və bu haqda heç kimə heç nə demir.
***
60 illik yubileyində istəyir ya Amerikaya, ya da Fransaya getsin.
Sonradan bu fikirdən vaz keçir. Ömrünün son illərində çox ağlayır, özünü
bədbəxt hiss edirmiş.
***
Ahıl yaşında həyat yoldaşını itirmiş ailə dostu Məcid adlı bir kişi ilə ailə qurmaq istəsə də bu fikirdən vaz keçir.
Günlərin birində bəstəkarın qızı kimi saxladığı, toy edib köməklik
göstərdiyi qulluqçu əri ilə bərabər axşam vaxtı onlara gəlir. Deyir,
oğlum xəstədir, ona kömək üçün həkimlərə zəng vurub tapşırmaq lazımdır.
Hamıya qohumu kimi təqdim etdiyi qulluqçusunu əri ilə evə buraxan
bəstəkar qonaqlara çay gətirmək üçün mətbəxə keçir. Bu zaman Məcid
müəllim zəng vurur. Ona hər gün serialın başlandığını deyir. Söhbət
əsnasında Məcid kişi bilir ki, qulluqçusu əri ilə onlara gəlib. Ancaq
qonaqların bu zəngdən xəbəri olmur.
***
Mətbəxdən əlində çayla qayıdan bəstəkarı arxadan qulluqçunun əri
kəmərlə boğur və qızıllarının yerini soruşur. Bəstəkar qızılların yerini
deyir. Ancaq xahiş edir ki, onu öldürməsinlər. Qulluqçunun əri
razılaşsa da, qadın razılaşmır. Deyir, o, oğlunu öldürən adamı həbs
etdirdi, bizi də etdirəcək, öldür. Beləliklə, bəstəkar Tamella
Məmmədzadə 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir.
***
Üç gün morqda qalan bəstəkarın nəşini nəhayət dördüncü gün
qohumlarına verirlər. Çox sakit keçən yas mərasiminə vaxtilə
çiyin-çiyinə çalışdığı sənət dostlarından heç kim gəlmir. O, öz səsi ilə
oxuduğu musiqi sədaları ilə dəfn olunur.